MƏDƏNİYYƏT

Heydər Əliyev onu bağışladımı?

Sovet ideologiyasının qurbanı olan bu təkəbbürlü yazıçı özünü öz dövrünün oxucularına sevdirə bilsə də, onunla eyni dövrdə yaşayan nəsil dünyadan getdikcə unudulmağa başladı
Sputnik

(ikinci hissə)

BAKI, 19 iyul — Sputnik. Bayram Bayramovun xasiyyətindəki təzadları Sovet İttifaqı dağılandan sonra, müstəqillik dönəmində də görmək olar. Axı 1987-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən və Siyasi Büronun üzvlüyündən azad ediləndə Bayram Bayramov bunu faciə hesab etmişdi və qorxu keçirmiş, təşvişə düşmüşdü. Sovet dağılandan sonra isə Bayram Bayramov Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmədi.

Bayram Bayramov

Bunun da öz səbəbləri var. Bayram Bayramov Əbdürrəhman Vəzirova, Ayaz Mütəllibova adlarıyla müraciət edən, onlara ərki çatan, yaxın olan biri idi. Hətta, xalq şairi Qabilin oğlu Mahir Qabiloğlu deyir ki, Bayram Bayramov Ayaz Mütəllibova zəng edib özünə də, Qabilə də bir qara "volqa" göndərməsini istəmişdi.

Amma "Heydər Əliyev Bayram Bayramovu bağışlamışdı" – bunu mən demirəm, Mahir Qabiloğlu deyir və məncə, haqlıdır. Əgər Bayram Bayramov bağışlanmasaydı, Fəxri Xiyabanda dəfn olunmazdı. Halbuki onun Fəxri Xiyabanda dəfn olunması göstərişini də Heydər Əliyev vermişdi. Hətta Heydər Əliyevin hakimiyyəti dönəmində də Bayram Bayramov vəzifədə olmuşdu.

Axı Heydər Əliyev ədəbiyyata, incəsənətə, mədəniyyətə önəm verən insan idi. Ona qarşı üsyan edən Bayram Bayramov nə olursa olsun, Heydər Əliyev üçün bir yazıçı idi.

Amma bu gün Bayram Bayramovun unudulduğunu ya da unutdurulduğunu haqlı olaraq iddia edənlər də var. Nəticədə yazıçının Fəxri Xiyabandakı məzarı üstə nəinki heykəli, büstü belə, yoxdur, heç adı da yazılmayıb. Üstəlik, orta məktəb dərsliklərində onun özü və əsərləri haqqında bir cümlə də yoxdur. Əsərləri müasir dövrdə, yeni əlifba ilə çap olunmur. Yubileyi, anım mərasimləri keçirilmir. Adını daşıyan bir mədəniyyət ocağı, bir küçə yoxdur.

Amma mən bunu heç önəmsəmirəm. Həmişə demişəm, yenə deyirəm ki, sənətkarın mükafatı xalqın sevgisidir. Heykəl, büst, küçə bir külünglə dağıdılar, məhv olar. Ürəkdəki sevgini heç kim məhv edə bilməz…

Mən sizə xidmət edirəm, məni həbs etməyin, güllələməyin...

Bayram Bayramov isə bu sevgini tamlıqla qazana bilmədi. Ən xırda bir misal: mən bu yazıçı haqqında araşdırmaya başlayanda bir qisim insan "o kimdir?" sualını verdi, bir qisim də "əl çək o kommunist adamdan!" dedi və bunların əksini, "Gözəl yazıçı idi!" deyənlər də oldu. Bayram Bayramovun yaradıcılığını siyasətə, siyasətini yaradıcılığına qatdılar.

Bunda yazıçının öz günahı da vardı. Özü bu qarışıqlığın ilk icraçısı idi. Lakin sovet ideologiyasının qurbanı olan bu təkəbbürlü yazıçı özünü öz dövrünün oxucularına sevdirə bilmişdi. Amma onunla eyni dövrdə yaşayan nəsil dünyadan getdikcə Bayram Bayramovun adı, özünün və əsərlərinin xatirəsi də gedir. Bayram Bayramov elə öz yazdığı romandakı kimi bir bəlalı sevgiyə dönür, unudulur.

Yəqin ki, çoxunuz "Mən ki, gözəl deyildim", "Onun bəlalı sevgisi", "Firəngiz" filmlərini izləmisiniz. Bu filmlərin ssenariləri Bayram Bayramova məxsusdur. Bəlkə sizin də köhnə kitab rəflərinizdə Bayram Bayramovun qəhvəyi rəngli sərt qapaqların arasında qərar tutan, kiril əlifbası ilə çap olunmuş 1984-cü il qoxulu "Seçilmiş əsərləri" var?!