CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu problemlə hamımız üzləşirik, amma nə biz günahkarıq, nə də onlar

"İşçi məhkəmədə qalib gələ bilər, amma reallıq odur ki, bir müddət sonra işəgötürən onu başqa bir bəhanə ilə işindən çıxaracaq"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Bakı yollarında davam edən təmir işləri insanların hərəkətinə ciddi təsir göstərir. Yollarda aparılan təmir işləri xüsusilə səhər və axşam saatlarında tıxaclar yaradır. Sakinlər mənzil başına saatlarla gecikirlər.

Özlərindən asılı olmayan səbəbə görə tıxacda qalan insanlar bəzi problemlərlə üzləşirlər. Belə ki, səhər saatlarında tıxacda qalanlar alternativ yol olmadığına görə işə gecikirlər. İşə gecikdikləri üçün isə, hətta cərimə belə, olunurlar.

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır”

Bu barədə Sputnik Azərbaycan-a şikayət edən vətəndaşlardan biri bildirib ki, tıxacda qaldığı üçün müdirləri tərəfindən 45 manat cərimə olunub.

Maraqlıdır, işçi özündən asılı olmayan səbəbdən işə gecikirsə, bu zaman o, qanunla cərimələnməlidir? Sputnik Azərbaycan bu sualın cavabını mütəxəssislərdən soruşub.

Hüquqşünas Elyar Həsənov bildirib ki, işçi Əmək Məcəlləsində nizam-intizam qaydalarını pozarsa, ona bir neçə cəza növü tətbiq edilə bilər. Bu cəzalardan biri də əmək haqqının dörddə birinə qədər olan hissəsini cəza olaraq tutmaqdır. Bu cəza bir şərtlə verilə bilər ki, Həmkarlar İttifaqı ilə işəgötürən arasında bağlanmış müqavilədə nəzərdə tutulsun.

"Çox zaman işçinin işlədiyi yerdə həmkarlar, belə bir müqavilə də yoxdur. Amma işəgötürən qanuna tam riayət etmədən işçini cərimələyir. Məsələni araşdıranda görürsən ki, heç Həmkarlar İttifaqı ilə razılaşdırılmayıb və belə cərimə qanunsuzdur. Amma Həmkarlar İttifaqı olarsa və bu, kollektiv müqavilədə nəzərdə tutularsa, işçi əmək funksiyasını pozduqda cərimələnə bilər" — E.Həsənov deyib.

Hüquqşünas qeyd edib ki, belə halla qarşılaşan işçi məhkəməyə şikayət edə bilər: "Məhkəmə işə baxaraq qərar versə ki, gecikmə halı üzrlü səbəbdəndir, bu zaman cəriməni ləğv edəcək və məbləğin işçinin hesabına oturmasına qərar verəcək".

"Amma bir həqiqət də var. İşçi məhkəmədə qalib gələ bilər, ancaq bir müddət sonra işəgötürən başqa bir bəhanə ilə işçini işindən çıxaracaq. Ona görə də kiçik məbləğə görə heç bir işçi onu işəgötürəni məhkəməyə verməyəcək. Çünki bu, onun işsiz qalmasına səbəb olacaq" — deyə Həsənov bildirib.

İnsan Resursları üzrə layihə meneceri Elçin Zeynalov isə deyib ki, işəgötürənlər iş yerlərində daxili normativ sənədlər ilə iş vaxtı normalarını və qaydalarını nizamlayırlar. İşçi iş vaxtı ilə bağlı qaydaları pozmaqla işəgötürənə ziyan vurursa, istehsalın davamlılığının pozulması, gecikmə, qəza kimi hallarla müəssisəyə ziyan yetirirsə, əvvəlcə zərərin məbləği müəyyən edilir. Daxili qaydalara uyğun olaraq həmin məbləğ işçinin əmək haqqından tutulur.

Protokol ləğv edilir, cərimə yazılması qaydası dəyişir, piyadaların cəriməsi artırılır

E.Zaynalov onu da vurğulayıb ki, işçi işəgötürənin bu qərarının qeyri-insani olmasından narazıdırsa, qərarın ləğv edilməsi ilə bağlı işəgötürənə ərizə ilə müraciət edə bilər: "Şikayəti burada da təmin edilməsə, eyni iddia ilə məhkəməyə müraciət edə bilər. İşçi, eyni zamanda əmək müfəttişliyinə və Həmkarlar İttifaqına müraciət edərək bu problemin ədalətli araşdırılmasını tələb edə bilər".

"Hər bir şirkətin öz daxili qaydaları var. Bu qaydanın icrasına nəzarət edən şəxs var ki, o, həmin nizamı həyata keçirməsə, 50 azn məbləğində cərimə olunacaq" — deyə mütəxəssis əlavə edib.

O vurğulayıb ki, dövlət fövqəladə hal elan etsə, işçi onu işəgötürənə sübut kimi təqdim edə bilər: "Əks halda isə, işəgötürəni insaflı olmağa çağırmaq üçün əsas yoxdur".