Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 18 iyul — Sputnik. 14-15 iyul tarixlərində Bakıda futnet üzrə beynəlxalq turnir keçirilib. Səkkiz ölkənin komandaları ilə yanaşı Azərbaycan yığmasının da mübarizə apardığı turnirdə bir çox saxtakarlıqlar edildiyi iddia olunur.
Belə ki, öncədən yarışda Braziliya yığmasının iştirak edəcəyi deyilsə də, yarış boyu bu komandanı görən olmayıb. Eyni zamanda, iddia olunur ki, Rusiya komandasının tərkibini tamamlamaq üçün azərbaycanlı futzalçı, hazırda Yüksək Liqada mübarizə aparan "İtaldizain" klubunun üzvü, çimərlik futbolu yığmamızın oyunçusu Elvin Quliyevin əyninə Rusiya yığmasının formasını geyindiriblər.
Azərbaycan Futnet Federasiyasının daha bir saxtakarlığa yol verdiyi bildirilir. Belə ki, iştirakçı ölkələr arasında Portuqaliyanın adı çəkilsə də, avropalılar Bakıya, ümumiyyətlə gəlməyiblər. Portuqaliya forması ilə İsrail millisinin idmançısı Omri Kohen və iranlı Ali Reza mübarizə aparıb.
Sputnik Azərbaycan iddia edilənlərin nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirmək üçün Futnet Federasiyasının baş katibi Əfqan Həmzəyevlə əlaqə saxlayıb. Baş katib deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.
"Yarışda iştirak edən komanda 2 üzvdən ibarət olur. Onlar müxtəlif ölkələrin üzvləri ola bilərlər. Həmin idmançıların aralarında razılaşma olur və 1 nömrəli forma geyən idmançının ölkəsinin adı altında idmançılar yarışa qatıla bilirlər" — Həmzəyev vurğulayıb.
"Bizdə də eyni hal baş verdi. Braziliya komandası iştirak edib və uğur da qazanıb. Anderson Aguino və Kaspar Shlebusich adlı idmançılar Braziliyanı təmsil ediblər. Rusiya komandasında Azərbaycan idmançısı iştirak etsə də, komandanın 1 nömrəli oyunçusu Rusiyanın idmançısı olduğu üçün Rusiya komandasını təmsil etməli olub" – o əlavə edib.
Baş katib Pakistan komandasında turistlərin çıxış etməsi ilə bağlı iddialara da aydınlıq gətirib: "Pakistan Futnet Federasiyasının prezidenti Seyid Uluhassan Alirza şəxsən özü iştirak edib. Belə olan halda turist necə yarışda iştirak edə bilərdi? Təbii ki, bu da yanlış məlumatdır. Onların milli komandalarını Abdul Rəşid Balok və Şaqas Kan təmsil edib".