MƏDƏNİYYƏT

Azərbaycan musiqisində yeni dalğa

Onun səsi bütün musiqi alətlərini əvəz edə bilir
Sputnik

BAKI, 11 iyul — Sputnik. Müəyyən sənət biliyimə arxalanıb, acizanə bir ədayla deyə bilərəm ki, Azərbaycan musiqisini ifa etmək çox çətindir. Söhbət peşəkar ifadan gedir. Boğazları, xırdalıqları, şirinliyi, bəmi, zili, keçidləri və bütün digər tələbləri ilə dinləyəni musiqiyə aşiq edə biləndir peşəkar ifaçı.

Bir gecədə ulduzu parlayan Çinarə Məlikzadə: "Onun təklifini həvəslə qəbul edərəm"

Son illər sayı-hesabı bitib-tükənməyən xeyli müğənni çıxdı musiqi səhnəmizə. Bir qismi elə qısa zamanda unuduldu. Bir qismi isə hələ də gündəmdə qalmaq, tanınmaq, dinlənilmək üçün çalışır. Bu müğənnilər səhnəyə çıxmaq, şöhrət qazanmaq üçün müxtəlif vasitələrdən istifadə etdilər. Bəziləri sponsorlarına güvəndi, bəziləri öz cibindən xərclədi. Nə etdilərsə, biz sənətin və xalqın sənətkar qazandığını görmədik.

Bir gün sosial şəbəkələrdən bir səs eşidildi. Qısa video idi. Buruq saçlı, xoş simalı, şirin təbəssümlü bir qız öz məlahətli səsi ilə mahnı oxuyurdu. Diqqət etdik. Yox, bu, sadəcə mahnı oxumaq deyildi. Musiqini ifa etmək idi, hər saiti səsləndirmək idi və bu, əsl peşəkarlıq idi.

Çinarə Məlikzadə. Bir zamanlar "Xalq ulduzu" yarışmasından dinləmişdik onu. Sonralar "O səs Türkiyə" musiqi yarışmasında gördük və dinlədik. Amma bunların heç birində Çinarə Məlikzadə hələ könülləri fəth edə bilmədi.

Səbəb nə idi? Çinarə Məlikzadənin səsi və ifa tərzi sonradanmı yetişdi, püxtələşdi? Məncə, səbəb bu deyildi. Sadəcə bu yarışmaların heç biri Çinarə Məlikzadənin səsindəki səmimiyyətə uyğunlaşmırdı. Heç bir yarışma səhnəsi onun səsi qədər doğma ab-havaya malik ola bilməzdi.

Sosial şəbəkələrdə yayılan o videodan sonra müasir musiqi səhnəsinə peşəkar bir ifaçının, sənəti bilən, duyan, hiss edən, musiqinin nə olduğunu anlayan, öz işini sevən və sevdirməyi bacaran bir sənətkarın gəldiyini gördük. Biz o sənətkarı qazanmaq üçün heç nə etmədik. Xalq olaraq kütləvi şəkildə oturub gözlədik. Aidiyyatı qurumların da sənət çoxdan marağında deyil. Amma səhnə o sənətkarı istəyirdi, arzulayırdı, səhrada su gəzən kimi axtarırdı. O sənətkarın səsi sosial şəbəkələrdən gəldi: "Heeeyyy! Mən burdayam!"

İlham Əliyev ər-arvad müğənniləri təltif etdi

Nə oxudusa, sevildi. Çünki sevgiylə oxudu. Amma biz hələ də onun bilik və bacarıqlarından həm öz mənəvi mənfəətimiz, həm sənət üçün istifadə edə bilmirik. Nəzakət Teymurovadan sonra az qala bütün gözəlliyini itirən, hətta unudulan, öləziyən milli musiqiyə yenidən can verməyi bacaran gücə malik olan Çinarə Məlikzadəni hələ də musiqimiz üçün lazım olan yerdə görə bilmirik.

Nə gəncliyi, nə təcrübə azlığı bu ifadəmə əngəl törətməz ki, deyəm, Çinarə Məlikzadə sənətkardır! Sənətkar olmaq üçün qocalmaq və ya vəfat etmək gərək deyil. Sənətkar olmaq üçün sənəti bilmək, sevmək və sevdirmək kifayətdir. Hansı ki, Çinarə Məlikzadə bunların üçünü də bacarır. Həm də elə bacarır ki, əsl səsə, əsl ifaya orkestrın lazım olmadığını da sübut edir.

Onun səsi bütün musiqi alətlərini əvəz edə bilir. Bu qədəri onu öz səhnəmizdə sənətkar kimi görməyə, sevməyə və qorumağa yetir və hətta, çoxdur.

Kim bilir, neçə-neçə gözəl səslər var, hələ heç bir yerdən eşidilməyən. Amma bizim laqeydliyimizə, tənbəlliyimizə rəğmən, öz gücü ilə, səsinin zəhməti ilə bizi özü tapan, səhnəmizə gələn Çinarə Məlikzadəyə nəhəng bir təşəkkür borcluyuq.