İDMAN

Messinin penaltisini qaytaran qapıçı “Qarabağ”a niyə gəlib – mütəxəssislər danışır

Rüstəm Əfsərli: “Haldorrson, dünyanın ən güclü qapıçısı deyil, amma bizim çempionat üçün kifayət qədər güclü qolkiperdi”
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Bu gün "Qarabağ" komandasının azarkeşləri üçün sevindirici xəbər gəlib. Belə ki, komanda daha bir futbolçunu transfer edib. Klub İslandiya milli komandasının qapıçısı, 34 yaşlı qolkiper Hannes Tur Halldorsson ilə 2 illik müqavilə imzalayıb. Bəzi mənbələr bildirir ki, bu qapıçı Dünya çempionatında Lionel Messinin vurduğu penaltini qaytardığı üçün "Qarabağ" futbol klubunun marağına səbəb olub və klub qolkiperi transfer etmək qərarına gəlib.

"Qarabağ" klubuna böyük zərbə

Klubun mətbuat katibi Nurlan İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında yeni transferlə bağlı futbol azarkeşlərinə qaranlıq qalan məqamlara aydınlıq gətirib.

N.İbrahimov deyib ki, klub iki qapıçısı ilə yollarını ayırdığı üçün qolkiper almalı idi: "Klubun seçimi Hannes Tur Halldorsson oldu. Amma bu seçimin Messinin vurduğu penaltini saxlaya bilməsinə heç bir adiyyatı yoxdur. Dünya praktikasında belə bir şey yoxdur ki, qapıçı hansısa futbolçunun penaltisini saxladığı üçün transfer edilsin".

Bəzi transfer saytlarında qapıçının transfer qiymətinin 350 min avro olduğu yazılıb. Klubun sözçüsü bu məsələyə də aydınlıq gətirib: "Qiymət məsələsi müqaviləyə əsasən sirr saxlanılır. Amma onu deyə bilərəm ki, 350 min avro real qiymət deyil".

N.İbrahimov azarkeşləri maraqlandıran “34 yaş qapıçı üçün çox deyil ki” sualını da cavablandırıb: “Qolkiperin 34 yaşı olmasına baxmayaraq, o, son Avropa və Dünya çempionatında uğurlu çıxış edib. Bu fakt yaşla bağlı bütün suallara olan cavabdır".

Futbol şərhçisi Rüstəm Əfsərli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu transferə pis demək olmaz, çünki kluba Dünya çempionatında oynayan, yaxşı səviyyəli millidən futbolçu gətirilir.

R.Əfsərlinin fikrincə, transferin komanda üçün nə qədər uğurlu olacağını isə zaman göstərəcək: “Haldorrson, yumşaq desək, dünyanın ən güclü qapıçısı deyil. Düzü, ən güclü qapıçı da heç Azərbaycana gəlməz. Amma bizim çempionat üçün kifayət qədər güclü qolkiperdi”.

“Haldorssonun diqqəti yalnız Messinin penaltisini qaytardığı üçün çəkdiyinə inanmıram. "Qarabağ" klubu adətən transfer etmək istədiyi futbolçunu bir müddət izləyir. İndiki halda Haldorssonu çox izləməyə də ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Dünya çempionatına hamı baxır" – o deyib.

Ekspert yeni transferlə bağlı mülahizələrini də açıqlayıb: "Qarabağ" heyətini yeniləyir. Ötən ilki nəticəni təkrarlamaq onlar üçün asan olmayacaq. Ancaq idealda Haldorssonun komandaya kömək eləyə biləcəyini düşünürəm. Gülməli səslənə bilər, amma onu Şahruddinlə ciddi rəqabət gözləyir. Hətta Məhəmmədəliyev yerli qapıçı kimi rəqabəti uda da bilər. Hər halda, Dünya çempionatında iştirak edən futbolçudur. Meydanda hansı səviyyədə olacağını isə zaman göstərəcək".

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri hansı komandalar oldu?

Qeyd edək ki, Hannes Tur Halldorsson karyerasına 2009-cu ildə ölkəsinin "Fram" klubunda başlayıb. Qolkiper daha sonra "KR" (İslandiya), "Brann" (Norveç), "Sandnes" (Norveç), NEK (Hollandiya), "Bodo/Qlimt" (Norveç) klublarında forma geyinib. Qolkiper son olaraq Danimarkanın "Randers" klubunda çıxış edib və bu klubda 69 matçda meydana çıxıb.

2012-ci ildən İslandiya milli komandasının heyətinə dəvət alan və 52 oyunda meydana çıxan qapıçı, hətta 2016-ci ildə Avropa Çempionatının final mərhələsində komandasının qapısını qoruyub.

Halldorsson Rusiyada keçirilən Dünya çempionatının seçmə mərhələsi çərçivəsində 9 oyunda meydana çıxıb və komandası DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb. Dünya çempionatının qrup mərhələsində hər 3 oyunda meydanda olub və bu oyunlar zamanı Argentina millisinin oyunçusu Lionel Messinin penaltisini qurtarmaqla diqqət mərkəzinə düşüb.