BAKI, 1 iyul — Sputnik. Rusiyada keçirilən dünya çempionatında bu gün 1/8 finalın növbəti oyunları keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, ilk olaraq Bakı vaxtı ilə saat 18.00-da Rusiya və İspaniya qarşılaşacaqlar. Rusiya millisi A qrupunda ikinci, ispanlar isə B qrupunda ikinci yeri tutublar. Oyun Moskvadakı "Lujniki" stadionunda keçiriləcək.
Qeyd edək ki, Rusiya 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, dünya çempionatlarının 1/8 finalıda çıxış edir. İspaniya isə 2010-cu ildə dünya çempionu olub.
Günün digər qarşılaşmasında Xorvatiya və Danimarka üz-üzə gələcəklər. Avropa təmsilçilərinin görüşü Nijni Novqorodda olacaq. Saat 22.00-da başlayacaq qarşılaşmanın qalib 1/4 finalda Rusiya-İspaniya oyununda qələbə qazananla qüvvəsini sınayacaq. Danimarka C qrupunda ikinci, Xorvatiya isə D qrupunda birinci yeri tutub.
Qeyd edək ki, Xorvatiya millisi dünya çempionatları tarixində ən böyük uğurunu 1998-ci ildə əldə edib. Həmin il xorvatlar dünya üçüncüsü olublar. Danimarkaya gəldikdə isə, bu yığma da dünya çempionatları tarixində ən böyük nailiyyətini 1998-ci ildə əldə edib. Həmin il danimarkalılar 1/4 finaladək gedə biliblər.