BAKI, 25 iyun — Sputnik. Bu gün Rusiyanın Saransk şəhərində futbol üzrə Dünya Çempionatında B qrupunda yarışan Portuqaliya və hələ də mundialın növbəti mərhələsinə çıxmaq şansı qalan İran yığma komandalarının görüşü keçiriləcək.
Sputnik AzərbaycanRusiya mediasına istinadla xəbər verir ki, bu səbəbdən hər iki komandanın azarkeşləri sözügedən şəhərə toplaşıblar.
Məlumata əsasən, İran yığmasının azarkeşləri bütün gecəni Portuqaliya komandasının oyunçularının yerləşdiyi otelin pəncərəsi altında səs-küy yaradaraq əyləniblər. Onların bu hərəkəti Portuqaliya komandasının oyunçularının yatmasına mane olub.
Bu zaman Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu oteldəki nömrəsinin pəncərəsində görünüb. O, pəncərəni açaraq sərt şəkildə səs-küy salan iranlılara qışqırıb ki, yatmağa imkan versinlər. Yalnız bundan sonra İran yığmasının fanatları otelin pəncərəsi önündə bir qədər sakitlik yaradıblar.