RUSİYA

Dünya çempionatında növbəti sensasion darmadağın qeydə alındı

İkinci turda da qalib gələn Xorvatiya növbəti mərhələyə çıxışı təmin edib, Argentinanın vəziyyəti isə ağırdır
Sputnik

BAKI, 21 iyun — Sputnik. Futbol üzrə XXI dünya çempionatında D qrupunda ikinci tur start götürüb.

Nijni Novqorod şəhərində Argentina və Xorvatiya milliləri qarşılaşıblar. Görüşün ilk yarısı qarşılıqlı hücumlar şəraitində, xorvatların cüzi üstünlüyü ilə keçib. Lakin qapılara qol vurulmayıb — 0:0.

İkinci yarı da qarşılıqlı hücumlarla başlayıb. 53-cü dəqiqədə Argentinanın qapıçısı Kabalyero kobud səhv edərək topu xorvat Rebiçin üzərinə qaytarıb. Rebiç isə imkanı əldən verməyərək hesabı açıb — 1:0. 80-ci dəqiqədə isə Luka Modriç dəqiq və gözəl zərbə ilə hesab arasındakı fərqi artırıb — 2:0. Oyunun artırılmış birinci dəqiqəsində isə Rakitiç darmadağını rəsmiləşdirib — 3:0. Oyun bu hesabla başa çatıb.

Beləliklə, iki turdan sonra Xorvatiya 6, Argentina isə 1 xal toplayıb.

Bu qrupdakı ikinci turun digər oyununda İslandiya və Nigeriya milliləri üz-üzə gələcəklər.