BAKI, 14 iyun — Sputnik. Bu gün Rusiyada futbol üzrə 21-ci dünya çempionatı start götürür. Şimal qonşumuz ilk dəfədir belə bir turniri qəbul edir. Açılış görüşündə A qrupunda yer qalan Rusiya və Səudiyyə Ərəbistanı komandaları qarşılaşacaqlar. Oyun Moskvanın "Lujniki" stadionunda keçiriləcək.
A qrupunda həmçinin Misir və Uruqvay komandaları yer alıblar.
Ümumilikdə çempionatda 32 yığma iştirak edir. Onlar 8 qrupda yarışacaqlar. Hər qrupdan 2 komanda mübarizəni 1/8 finalda davam etdirəcək. 1/4 finalda 8 komanda ilk dördlüyə düşmək uğrunda oynayacaq. Yarımfinalda məğlub olanlar 3-cü yer uğrunda qarşılaşacaqlar. Qaliblər isə iyulun 15-də Moskvanın "Lujniki" stadionunda qüvvələrini sınayacaqlar.
Çempionat 11 şəhərdə keçiriləcək (Moskva, Sankt-Peterburq, Kalininqrad, Nijni Novqorod, Volqoqrad, Kazan, Samara, Saransk, Rostov, Soçi, Yekaterinburq).
Beləliklə, B qrupunda İspaniya, Portuqaliya, İran və Mərakeş, C qrupunda Fransa, Avstraliya, Peru və Danimarka, D qrupunda Argentina, İslandiya, Xorvatiya və Nigeriya, E qrupunda Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya, F qrupunda Almaniya, Meksika, İsveç və Cənubi Koreya, G qrupunda Belçika, Panama, Tunis, İngiltərə, H qrupunda isə Polşa, Seneqal, Kolumbiya və Yaponiya yer alıblar.
Qeyd edək ki, indiyədək keçirilən dünya çempionatlarında Avropa komandaları 11, Cənubi Amerika yığmaları isə 9 dəfə qalib olublar. Ən çox braziliyalılar çempionluq yaşayıblar — 5 dəfə. Almaniya və İtaliya milliləri hərəyə 4 dəfə çempion olublar. İlk çempion Uruqvay (1930), son çempion isə Almaniyadır (2014). Dünya çempionatları tarixində ən çox qolu almaniyalı Miroslav Kloze vurub (16). Bir çempionat ərzində ən çox qolun müəllifi isə fransız Jüst Fontendir (13 qol, 1958-ci il çempionatı).