RUSİYA

"Lotu Quli" bu sahəyə nəzarəti tam ələ keçirmək üzrədir

Azərbaycanlı alverçilər onlara himayədarlıq edənlərlə sıx bağlıdırlar və problem ondadır ki, heç də həmişə azərbaycanlılar arasında baş verən cinayətlər barədə məlumat Rusiya hüquq-mühafizə orqanlarına çatmır
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. Azərbaycanlı kriminal avtoritet, "Lotu Quli" ləqəbi ilə tanınan "qanuni oğru" Nadir Səlifovun Azərbaycan mafiyasının bossu olması üçün bütün zəruri göstəriciləri var.

Bunu kriminal dünyada baş verənlərlə bağlı Rusiya KİV-lərində yayılan məlumatları Sputnik Azərbaycan-a şərh edən "Fontanka.ru" nəşrinin jurnalisti, Sankt-Peterburq Dövlət Daxili İşlər İdarəsinin cinayət-axtarış şöbəsinin keçmiş əməkdaşı, "Tulski-Tokarev", "Tanış-yad", "Kənar müşahidə" kitablarının Andrey Konstantinovla ("Banditskiy Peterburq") birgə həmmüəllifi Yevgeni Vışenkov deyib. Onun sözlərinə görə, əvvəllər Azərbaycanın kriminal elementlərinin iki qəhrəmanı vardı: Rövşən Canıyev (Rövşən Lənkəranski) və uzun illər oturduğu cəzaçəkmə müəssisələrində özü üçün yaxşı əlaqələr qurmuş "Lotu Quli". Amma 2016-cı ilin avqustunda Rövşən Canıyevi İstanbulda öldürdülər. 

Kriminal avtoritet Yardımlıda saxlanıldı

"Qaldı biri və o adam azadlığa çıxdı. O adamın özünü göstərmək və meyvə-tərəvəz alverinə nəzarəti ələ keçirmək üçün bütün imkanları var. Azərbaycanlıların tarixən ticarətlə əlaqəsi olub. Şifahi razılaşma əsasında azərbaycanlıların qrupları öz həmyerlilərinin biznesinə nəzarət edirlər. Ekonom-sinif sektorunda ictimai iaşə müəssisələrinin 50%-dən çoxunun rəhbəri azərbaycanlılardır. Bütün Rusiya üzrə göyərti, meyvə-tərəvəz topdanşatış bazaları yayılıb. Bu, azərbaycanlıların nəzarətində olan böyük miqdarda pullardır" — Vışenkov bildirib.

Azərbaycanlı alverçilər onlara himayədarlıq edənlərlə sıx bağlıdırlar və problem ondadır ki, heç də həmişə azərbaycanlılar arasında baş verən cinayətlər barəsində məlumat Rusiya hüquq-mühafizə orqanlarına çatmır. Elə hallar olub ki, polislər Azərbaycan diasporunun nümayəndəsinin oğurlandığını eşidəndə girovun qohumlarına zəng edərək bunu dəqiqləşdirmək istəyiblər. Girovun yaxınlarına təqribən belə bir sualla müraciət ediblər: "Eşitmişik, sizin qızınızı oğurlayıblar". Lakin girovun yaxınları etiraf etməyərək deyiblər ki, heç nə baş verməyib. Onlar özləri problemlərini qapalı rejimdə həll edirlər. Əgər istintaqın versiyası ilə "qanuni oğru" Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) tərəfindən öldürülənlərin siyahısında qalan 7 nəfər azərbaycanlı çıxsa, heç kim təəccüblənməyəcək.

Qeyd edək ki, Beyləqanski mayın 31-də Moskvanın "Belıy dom" restoranında saxlanılıb. Rövşən Lənkəranskinin keçmiş sağ əli olan Beyləqanski son illərdə Türkiyədə yaşayıb, lakin bu ilin aprelində mərhum Canıyevin qohumu Zaur Əhmədovun köməyi ilə "Lotu Quli"yə qarşı koalisiya yaratmaq və iri topdansatış alverçilərini öz tərəfinə çəkmək üçün Moskvaya gedib. Azad edildikdən sonra Quli meyvə-tərəvəz bazalarına nəzarəti ələ keçirməkdə xüsusilə fəaldır. 

Afaq Aslan Lotu Quli ilə sevgi münasibətlərindən danışdı

Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, Talıbxanlıya qarşı RF İstintaq Məcəlləsinin 30-cu, 105-ci və 222-ci maddələri üzrə ittiham irəli sürülüb. Söhbət qətldən, qətlə cəhddən və qeyri-qanuni silah dövriyyəsindən gedir. İstintaqın məlumatına əsasən, Beyləqanski 2012-ci ildə "qanuni oğru" İlqar Əliyevi (İlqar Danabaş) güllələyib. Sonuncu Aslan Usoyanın (Ded Xasan) klanında Azərbaycan diasporası ilə əlaqələrə cavabdeh imiş və azərbaycanlıların bizneslərinə nəzarət edirmiş. 52 yaşlı Əliyev rəfiqəsi ilə birlikdə aprelin 19-da "Toyota Land Cruiser" avtomobilində Presnenski bulvarında olarkən naməlum şəxs avtomobilin şüşəsindən onlara bir neçə dəfə atəş açıb. Əliyev həlak olub, qız isə ağır yaralanıb. 2013-cü ilin yanvarında snayper tüfəngindən açılan atəşlə Danabaşın himayədarı Ded Xasan öldürülüb. Güman edilir ki, İlqar Əliyevin, həmçinin Ded Xasanın qətlinin arxasında Rövşən Lənkəranski dayanır.

Vışenkovun sözlərinə görə, "Quli" alverçilərin biznesinə himayədarlıq edərək xərac alsa da, hələlik göyərti və meyvə-tərəvəz bazarlarının tam nəzarətçisinədək yüksəlməyib.

"Hacı Beyləqanski tərəfindən öldürülmüş adamlara gəldikdə, onların adları, Usoyan və Danabaşdan savayı, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarına heç nə demir. Bizdə kriminal avtoritetlərlə DİN-də iki kiçik şöbə məşğul olur. Əgər əməkdaşları bir yerə toplasaq, onlar bir xırda kafeyə yerləşərlər" — deyə Vışenkov bildirib.

Qeyd edək ki, Səlifovun mövqeləri Uralda, cənubda və Mərkəzi Rusiyanın bəzi bölgələrində güclüdür.