CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəlzələ zamanı hamıya lazım ola biləcək QAYDALAR

Pəncərəyə tərəf qaçmaq, pəncərənin altında dayanmaq olmaz
Sputnik

BAKI, 6 iyun — Sputnik. "Zəlzələ zamanı titrəyişlər insanda qorxu, əsəb və stress yaradır. Odur ki, zəlzələ baş verən zaman ilk olaraq insanlar sakit və təmkinli olmağa çalışmalıdır". Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqızı öz Facebook səhifəsində qeyd edib.

O bildirib ki, zəlzələ zamanı özünüzü qorumaq üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

Zəlzələ nəticəsində bir neçə məktəbə ziyan dəyib

1. Əgər siz bina və ya torpağın silkələndiyini hiss edirsinizsə, buna əsəbi reaksiya verməyin (qorxudan qışqırmaq, başqa insanların psixologiyasına təsir edə biləcək hərəkətlər etmək və s.).

2. Əgər qapalı yerdəsinizsə, təcili stolun və ya çarpayının altına girin. Qapılar açıqdırsa, qapıların üst tirinin altında və ya otaqların daxili küncündə durun. Unutmayın ki, titrəyişlər zamanı birinci olaraq binanın xaric divarları çat verə və ya uça bilər. Odur ki, pəncərəyə tərəf qaçmaq, pəncərənin altında dayanmaq olmaz.

3. Zəlzələ zamanı ağır əşyaların (soyuducu, ağır mebeller və s.) yanında durmaq olmaz. Bu əşyalar sürüşüb üstünüzə aşa bilər.

4. Zəlzələ zamanı binadan qaçmaq, pilləkənlərdə hərəkət etmək olmaz. Bu olduqca təhlükəlidir. Pilləkənlər uçub tökülə bilər.

5. Əgər siz çoxmərtəbəli binada yaşyırsınızsa, zəlzələ zamanı lift və pilləkənlərə tərəf qaçmayın. Qapı tiri altında və ya otağın daxili künclərdə duraraq təkanların dayanmasını gözləyin.

6. Zəlzələ zamanı pəncərədən atılmayın. Bu sizin zədələnməyiniz və ya ağır xəsarət almağınızla nəticələnə bilər.

7. Zəlzələ zamanı ictimai yerdəsinizsə, insanların daha sıx olduğu yerə tərəf qaçmayın. Özünüz üçün daha təhlükəsiz yer seçin. İmkanınız varsa, azyaşlı uşaqları da təhlükəsiz yerə çəkin.

Zəlzələ bölgəsindən son xəbər

8. Zəlzələ zamanı çoxmərtəbəli binanın qarşısındasınızsa, binanın qabağına qaçmayın.

9. Zəlzələ zamanı avtomobildəsinizsə, avtomobilinizi mümkün qədər körpülərin, hündür mərtəbəli binaların qarşısında saxlamayın.

10. Zəlzələ zamanı ikimərtəbəli kərpic binada və ya bünövrəsi möhkəm olmayan tikilidəsinizsə, oranı təcili tərk etməyə çalışın.

11. Unutmayın ki, zəlzələ zamanı bir necə dəfə təkanları hiss edə bilərsiniz. Odur ki, axıra qədər öz təmkininizi qorumağa çalışın.

12. Zəlzələ saniyələrlə damam edir. Titrəyişlər dayandıqdan sonra özünüzün və yaxınlığınızdakı insanların xəsarət alıb-almaması, uçqun təhlükəsinin olub-olmamasına diqqət yetirin. Yaralılar varsa, onlara ilk tibbi yardım göstərin.

13. Zəlzələnin hər an baş vermə ehtimalı olduğuna görə əvvəlcədən yaşadığınız binadan və ya evdən zəlzələ zamanı ən təhlükəsiz yerlərə çıxmaq yolunu müəyyənləşdirin.

14. Mənzilinizdə əvvəlcədən ən təhlükəsiz yerləri (künclər, qapılar və s) əvvəlcədən müəyyən edin və mebelleri düzərkən bunu nəzərə alın.

15. Mənzildə ehtiyac olmadığı təqdirdə qaz, işıq və su xətlərini bağlayın.

16. İmkan daxilində ağır əşyaları rəflərdə saxlamayın və kitab rəflərini divara bərkidin.

17. İlkin tibbi yardım üçün lazım olan dərman vasitələri yığılmış çantanı hazırlıqlı saxlayın.

18. Çarpayınızı ağır mebellərdən və iri pəncərələrdən kənarda yerləşdirin.

Güclü zəlzələnin vurduğu ziyanın görüntüləri yayıldı

19. Fövqəladə vəziyyətlərdə kömək çağırmaq üçün lazımı dövlət qurumlarının telefonlarını kitabçanıza əvvəlcədən yazın.

Bu telefonlar aşağıdakı kimidir:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xilasetmə xidməti —112

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi —102

3. Təcili Tibbi Yardım-103

Zəlzələ zamanı təhlükəsizlik tədbirləri görməklə özünüzü təhlükədən qoruya bilərsiniz.

Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış video materialla tanış ola bilərsiniz.