CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir ananın hekayəsi: “Sosialist Əməyi Qəhrəmanı”, 11 övlad, qaçqınlıq və üç oğul dağı...

"Gecənin birində su anbarı partlasa, biz yenidən daha dəhşətli bir faciə yaşamış olarıq"
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Həm əmək qəhrəmanı, həm də qəhrəman ana olan Şərqiyyə Vəliyeva zəhməti hesabına ucalan insanlardandır. Həmişə əməyinə, qabarlı əllərinə güvənib. Güvəndikləri də ona şan-şöhrət qazandırıb, çoxlarının sevimlisinə çevirib. Zəhməti hesabına zamanının ən yüksək mükafatlarına layiq görülüb. Yaxasını saysız-hesabsız medallar bəzəyib.

Qaçqın düşərgəsində böyüyən azərbaycanlı qız dünyanı silkələdi – VİDEO

"Sosialist əməyi qəhrəmanı", "Qəhrəman ana" medalları, iki "Lenin ordeni" və daha neçə-neçə döş nişanları qəhrəmanın həyat yolunun danışmayan şahidləridir desək, yanılmarıq. Bu şahidlər danışmasalar da, hər biri ayrılıqda Şərqiyyə Vəliyeva haqqında düzgün, etibarlı informasiya vermək iqtidarındadır.

Sputnik Azərbaycan-a danışan Şərqiyyə Vəliyeva özü haqqında bunları deyir: "Atam Dərələyəz mahalından olub. O vaxt ermənilər qırğınlar edəndə Naxçıvanın Noraşen (indiki Şərur — red.) rayonuna köçüblər. Əmilərim, dayılarım orda qalıb. Bircə atam Əkbər kişi Laçına gəlib, ailə qurub, orda məskunlaşıb".

Şərqiyyə Vəliyevanın xanımın yaşadığı ev

Söhbət əsnasında öyrənirik ki, Şərqiyyə nənə 1936-cı ildə anadan olub. Ailədə dörd bacı, bir qardaş olublar. Dörd yaşı olanda atası SSRİ-Almaniya müharibəsinə aparılıb və orada həlak olub.

Evin yaxınlığındakı su anbarı

Şərqiyyə xanım o illərin çətinliklərinə fədakarlıqla sinə gərmək üçün əmək fəaliyyətinə başlayıb: "Anam fermada sağıcı işləyirdi. Maldarlığa böyük həvəsim olduğuna görə məktəbdə oxuya-oxuya anama kömək edirdim. 7-ci sinfi qurtarandan bir müddət sonra öz adıma 10 baş heyvan götürdüm. Qulluq elədim, sağdım. 1966-cı ildə il ərzində hər inəkdən 4700 litr süd sağdığıma görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüm. Laçından ermənilər bizi didərgin salana qədər maldarlıqla məşğul olmuşam".

Bir ananın yaşadığı dəhşət: Şəhid oğul, intihar edən gəlin və 2 yaşlı nəvə...

Şərqiyyə nənə deyir ki, maldarlıq təsərrüfatında işləmək elə də asan olmayıb. Bu sahənin çətinlikləri çox olub: "Gün ərzində səhər tezdən yuxudan oyanıb, saat 6-da sağına başlayırdıq. Günorta saat 2-də sağını davam etdirirdik. Üçüncü növbə — axşam sağınını isə saat 6-da tamamlayırdıq. Üç növbə ərzində 6 nəfər sağıcı 1500 litr süd sağıb, təhvil verirdik. Bu da hər adam üçün əl ilə gün ərzində 250 litr süd sağmaq deməkdi".

Heyvandarlığın sirlərinə yaxşı bələd olan Şərqiyyə Vəliyeva bildirir ki, heyvanın yaxşı süd verməsi, balalaması üçün gündə bir kilometr yol gedib-gəlməsi lazımdır: "İndiki heyvandarlar inəyi başından bağlayırlar deyə məhsulu az verir".

Azərbaycan SSR Ali Sovetinin 7-8-ci çağırışlarına deputat seçilən Şərqiyyə Vəliyeva bu sahədə də ona göstərilən etimadı doğruldub. O illəri xatırlayan keçmiş deputat bir xatirəsini də danışır: "Deputat olanda seçicilərim məndən xahiş elədilər ki, Heydər Əliyevi bizim adımızdan Laçına dəvət elə. Bu xahişi Heydər Əliyevə çatdırdım. O da məmnunluğunu bildirdi. Laçına gələcəyinə söz verdi. O vaxt Heydər Əliyev Şuşaya gəldi. Ancaq pis hava şəraiti olduğuna görə Laçına gələ bilmədi".

Şərqiyyə Vəliyevanın dünyasını dəyişən üç oğlu və həyat yoldaşı

Qəhrəman qadın deputatlığı dönəmində xəstəxanalar, məktəblər, klublar tikilməsi üçün təşəbbüslər göstərib, qaldırdığı məsələlərin də müsbət həllinə nail olub.

Şərqiyyə Vəliyevanın 11 uşağı olub. Buna görə də 1973-cü ildə daha bir yüksək dövlət mükafatına — "Qəhrəman ana" qızıl medalına layiq görülüb. Qəhrəman ananın indi 18 nəvəsi, 22 nəticəsi var.

Düşmənin belə, ehtiramla dəfn etdiyi azərbaycanlı qəhrəman

Laçının işğalı zamanı məcburi köçkün kimi Bərdədə məskunlaşan Şərqiyyə ananın sinəsinə üç oğul dağı dəyib. O, 2003-2015-ci illər arasında həm həyat yoldaşı Sabir bəyi, həm də üç övladını: 1961-ci il təvəllüdlü Vəliyev Füzulini, 1966-cı il təvəllüdlü Vəliyev Vidadini, 1967-ci il təvəllüdlü Vəliyev Xaliqi itirib.

Oğlu Füzuli təyyarəçi olub. Qarabağ müharibəsində ermənilərin mövqelərinə 256 dəfə hücum həyata keçirib. Kəlbəcərin işğalı zamanı əhalini çıxararkən iki uçuşdan sonra helikopteri ermənilərin atəşinə tuş gəlib. Qəzaya uğrayan helikopterdə dörd nəfər həyatını itirib. Füzuli isə ağır yaralı vəziyyətdə döyüş bölgəsindən çıxarılıb.

Həmin qəza ilə bağlı bunları danışır Şərqiyyə ana: "Qəza Murovun Kəlbəcərə aşan hissəsində, Güzgü deyilən yerdə baş vermişdi. Xoşbəxtlikdən oğlumun həyatını xilas etmək mümkün olmuşdu. Türkiyədə müalicə alıb sağaldı və yenidən uçuş heyətinin sıralarına qayıtdı. 2003-cü ildə isə anidən vəfat etdi. Komandirinə səhhətindən şikayət edib, icazə alaraq evə gəlib. Həyat yoldaşından yerə döşək atmasını istəyib. Uzanan kimi dünyasını dəyişib".

Qəhərdən boğulan ana bir qədər dayanır, dərindən nəfəs alandan sonra digər oğlu haqqında danışır: "Digər oğlum da KAMAZ maşını sürürdü. Müharibə vaxtı dəfələrlə ermənilər maşınını gülləbaran etmişdi. Qorxudan, həyəcandan şəkər xəstəliyinə tutulub dünyasını dəyişdi".

Şərqiyyə nənə bu gün qayğılarla baş-başadır. Onun məskunlaşdığı bina, su anbarının maşın qarajı təhlükədədir: "Oğlanlarım sağ olsaydı heç kimə möhtac olmazdım. Özüm öz işimi görərdim, evimi tikərdim. İndi onların da bir çətən külfətinə baxdığıma görə pul yığıb bir iş görə bilmirəm. Su anbarı hər an dağıla bilər. Gecənin birində belə bir hal olsa, biz yenidən daha dəhşətli faciə yaşayarıq. Başıma yığıb saxladığım səkkiz ailə suyun altında qalaraq boğulub ölər".

On illik məchulluq və son: Gülsüm ana "Ümid"ini itirdi

Belə bir hadisənin qurbanına çevrilməmək üçün Şərqiyyə xanım dövlət orqanlarından ona lazımi yardım göstərilməsini istəyir: "Sağ olsun, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, vəziyyətimlə maraqlanıb, ev tikmək üçün bir maşın daş da göndərib. Ancaq məcburam ki, torpağımda ev tikmək üçün, təhlükə altında olan su anbarının maşın qarajından çıxmağa görə dövlətimdən, prezidentimdən, nazirimdən xahiş edim. Yaşımın ixtiyar çağına baxmayaraq, bekar durmuram, burda bağ salmışam. Aldığım prezident təqaüdü ilə 1000 dənə bar verən ağac alıb əkmişəm".

Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Bərdə nümayəndəliyinin rəhbəri Sərdar Zeynalov Spuntik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirdi ki, Şərqiyyə Hüseynovanın istifadəsində olan torpaqda fərdi ev tikməyə dair lazım olan sənədləri hazırlayaraq baş idarəyə göndəribdilər.

"İcra olunub-olunmamasına dair isə hər hansı məlumatım yoxdur. Yol qırağı, su anbarı kimi yerlərdə məskunlaşanlarla bağlı isə onu deyə bilərəm ki, növbəti addımda onlara bina evlərində mənzillər veriləcək" — S.Zeynalov qeyd edib.