CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polislərinə şiddətli çağırış-xəbərdarlıq: Qorunun!

Ya da inspektorlar üçün həyəcan siqnalı: Həyatınızı təhlükəyə atmayın!
Sputnik

BAKI, 30 aprel — Sputnik. Həzərat, mənim bu sıravi yol polislərimizə ürəyim ağrıyır. Son vaxtlar onların dərdini çəkməkdən gecələr gözümə yuxu da getmir.

Onları heçmi düşünən yoxdur? Komandirlərində, rəislərində onlara qarşı zərrə qədər mərhəmət hissi yoxdurmu? Deyək ki, komandirləri, rəisləri yaddır, qan bağları yoxdur… Bəs öz valideynləri? Ata-anaları da onların başından keçib, əlindən bezib?

Yol polisindən həyəcan siqnalı və ciddi dəyişiklik anonsu

Əksəriyyətini gənc və perspektivli kadrlar təşkil edən DYP inspektorları karyera, rəhbərliyin gözündə ucalma və təbii ki, çörək pulu üçün dəridən-qabıqdan çıxırlar. Vəzifələrinin öhdəsindən layiqincə gəlmək həvəsi onların gözünü örtür və bir addım qabağı görə bilmirlər.

Yaxşı, onlar cavandır, bəs məsləhət verənləri, yol göstərənləri, başlarına gələcəklər barədə xəbərdarlıq edənləri də yoxdur? Az qala, dünya insanının küçə-bayıra əleyhqazla çıxdığı bir zəmanədə bu yazıq gənclər niyə onun-bunun ağız qoxusunu ciyərlərinə çəkməlidirlər? Kiminsə sərxoş olub özünə və başqalarına ziyan vermə ehtimalı var deyə, yol polisi qardaşlarım vərəm xəstəliyi tapmalıdır?

Pis dövrdə yaşayırıq. Yoluxucu xəstəliklərin qlobal təhlükə yaratdığına dair hər gün alimlər hay-haray salırlar. SARS var, donuz qripi, "Ebola", "Zika" var… İraq olsun, 2014-2016-cı illərdə "Ebola" epidemiyasına 28000 nəfər yoluxub, bunlardan da 11000 nəfəri həyatını itirib. Ötən ilin ilk 3 ayına qədər 84 ölkədə "Zika" virusu aşkar edilib.

Ətrafımızı parazitlər, askaridlər bürüyüb. Hər yan təhlükə mənbəyidir. Etməyin-eləməyin, arkadaşlar. Nədir axı o aparatın mahiyyəti? Sərxoşluq dərəcəsini ölçən cihazı deyirəm. Öz hesabınıza da olsa, alın birini, atın maşına. Heç nə olmaz, bir az da aparatın keyfiyyət sertifikatını almağa xərciniz çıxsın. Canınızdan artıq deyil ha!

Üstəlik, bilirsiniz ki, yoluxucu xəstəlik daşıyıcısı olan insanların bəziləri aqressiv olur, başqalarını da daşıdığı xəstəliyə yoluxdurmağa çalışırlar. Nə bilirsiniz, bəlkə biri özünü sərxoşluğa vurub, sizi şübhələndirmək, nəticədə üzünüzə üfürməklə öz daxilindəki öldürücü infeksiyaları sizin burun deşikləriniz vasitəsilə tənəffüs borunuza, oradan da ağ ciyərlərinizə ötürmək istəyir?

Hazırda geniş yayılan bu virus ölümə səbəb ola bilər - Xəbərdarlıq

Odur ki, aman-aman, ayıq-sayıq olun! Hətta hansısa sürücü yanınızda saxlayıb, "rəis, mən içkiliyəm, gəl üzünə üfü edim" desə belə, aldanmayın. Hətta və hətta kimsə sizi zorla yerə yıxıb nəfəsini burnunuza, hənirtisini üzünüzə toxundurmağa cəhd edə bilər… şiddətlə müqavimət göstərin, təcili PPX və ambulans çağırıb adamın aidiyyatı yerə göndərilməsinə nail olun.

Əslində, bütün bunları sizə üstləriniz izah etməlidirlər. Necə ki, Vaqif Əsədov hər gün sürücü və piyadaları maarifləndirir, bəzən asta, bəzən bir qədər əsəbi tonda vətəndaşları öz sağlamlıqlarını qorumağa çağırır.

O gün də hörmətli Vaqif müəllim yenə sərt bir açıqlama verdi. Dedi, "Artıq bilmirəm bu piyadaları necə başa salım ki, öz canınızdan müğayət olun, üzünüzə qırmızı işıq yananda yolu keçməyin, piyada zolaqlarından istifadə edin". Adam haqsızdırmı – Xeyr!

DYP-dən həssas çağırış: "Hara tələsirdin?"

"Hər bir insanın ən böyük amalı təhlükəsiz yaşamaqdır. Ancaq necə yaşamaq – ehtiyatla, yoxsa ehtiyatsızlıqla? Hər bir halda təkcə qanunun tələbi deyil, intellektual təfəkkür də deyir ki, ehtiyatla yaşamayanda, səhlənkarlıq edəndə nəticə ağır olur. Bunu bilə-bilə bəzən o qədər səhlənkarlığa yol verilir ki, sonda bizi qayğılandıran nəticənin həlli üçün kömək axtarırıq. Əgər nəzərə alsaq ki, avtoqəza hadisələrindən sonra bəzən geriyə — istintaq etməyə, sual verməyə insan qalmır, onu qınayaq, soruşaq ki, "hara tələsirdin?"" — deyə Əsədov hiddətli və qayğılı şəkildə vurğuladı.

(Yeri gəlmişkən, Vaqif müəllimin həyəcan siqnalına ilk əməli reaksiya da gəldi. Amma maraqlıdır ki, özümüzdən deyil, çinlilərdən. Məlum xəbərdarlıq açıqlaması səslənəndən cəmi bir gün sonra Çinin Xuansi şəhərində xüsusi cihaz nümayiş olundu.

Deməli, piyada keçidlərinə yerləşdirilən bu qurğu piyadalara yolu qırmızı işıqda keçməyə mane olur. Belə ki, həmin qurğu qırmızı işıq yananda yolu keçməyə cəhd edən sərnişinin üzərinə su çiləyir. Balaca sarı qurğuların üzərində qırmızı işıq və yaşıl ox işarəsi var. Qurğu piyadalara yaşıl işıqda keçməyə icazə verir, qırmızı işıqda isə onların üzərinə +26 dərəcə temperaturu olan suyu səpələyir.

Qırmızı işıqda yolu keçən piyadalara qarşı ağlasığmaz tədbir

Və "Yaş polis" adlandırılan bu qurğuların quraşdırılmasına cəmi 207 min dollar sərf olunub. Belə baxanda, o qədər də böyük məbləğ deyil. Son bir ayda piyada cərimələrindən yığılan vəsaitlə Bakının ara küçələrində də "Yaş polis" quraşdırmaq olar)

İndi, ey əziz sıravi yol polislərimiz! Sizin canınız heç də həmin piyadalardan, yaxud sürücülərdən az qiymətli deyil. Sizlər də bu Vətənin övladısınız, hansısa ata-anaların balalarısınız, evlərin dirəyi, ölkənin gələcəyisiniz. Niyə öz canınızın hayına qalmırsınız?! Süpürgəçiləri belə, düşünürsünüz, əyinlərinə xüsusi uniforma geydirirsiniz ki, maşın vurmasın. Bəs özünüz yazıq deyilsiniz?

Özünüzü qoruyun, əzizlərim. Lazım gələrsə, xidmət başında olarkən maska taxın, mikroblardan qorunmaq üçün…