CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan cəmiyyəti sevinc ilə təşviş arasında - Yeni gündəm

Yaxud Azərbaycanda robotlar insanları əvəz edərsə...
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Dünyada texnologiya gündən-günə inkişaf edir. Artıq illər öncə insanlara çox ağır görünən fiziki işlər bu gün çox asanlıqla həyata keçirilir. Çünki robotlar və maşınlar sayəsində işlər asanlaşıb. İllər öncə zavod və fabriklərdə ağır işləri insan əməyi gördüyü halda, bu gün avtomatik maşınlar sayəsində həmin işlər icra olunur.

Xaricdə fantastika gerçək oldu, bizi nə gözləyir?

Hətta bəzi Avropa ölkələrində müəllim robotlar işə başlayıb. Alimlər bildirirlər ki, yaxın illərdə çox sahədə robotlar insanları əvəz edəcək. İddialara görə, robotlaşmanın geniş yayılması dünyada 66 milyon insanı işsiz qoya bilər.

Sputnik Azərbaycan bu mövzunu sosial şəbəkələrdə müzakirəyə çıxarıb. Sosial şəbəkə istifadəçilərinə "Robotlaşmanı gələcəyimiz üçün necə qiymətləndirirsiniz?" sualı ünvanlanıb. Sualımıza verilən cavabları olduğu kimi təqdim edirik:

Əmrah Fəqanoğlu: "Robotlar işləyər, insanlar da dincələr, qorxulu bir şey yoxdur. İşsizliyə görə də müavinət ödənilər".

Azər Rəşidoğlu: "Stiven Hopkinq bu suala qismən cavab verib. Ümumiyyətlə, dünya sönməyə doğru gedir, buna dində "Axirət", elmdə "Böyük çöküş" deyirlər".

Nemət Orucov: "Bu, çox pis nümunədir. Robotların dövriyyəyə daxil olması, sözsüz ki, insan əməyinin dəyərini aşağı salacaq. Əlbəttə, bizə belə robotların gəlməsi üçün azı 30 il vaxt lazımdır. Bu mənada, indilikdə bu, Azərbaycan və MDB ölkələri üçün ciddi narahatlıq yaratmır. Lakin bu prosesə Çində, Yaponiyada və Qərb ölkələrində daim etirazlar edilir. İnsanlar anlayır ki, "ağıllı" robotlar onları işsiz qoyacaq. Bu da çox pis haldır. Amma mən inanmıram ki, "ağıllı" robotlar məsələsi ciddi inkişaf etsin və nəticədə 100 milyonlarla insan işsiz qalsın. Normal ölkələrdə hökuməti seçən, onlara səs verənlər robotlar yox, insanlardır".

Tərxan Paşazadə: "Bunun mənfi tərəflərindən çox müsbət tərəflərini görürəm. Düşünürəm ki, robotlardan istifadə nə qədər çox artsa, bir o qədər insan xoşbəxt olar. Çünki robotların sayəsində insan əməyindən istifadə azalacaq ki, bu da insana istirahət üçün xeyli zaman qazandıracaq. Belə olacağı halda isə insanlar öz mənalı istirahətlərinə daha çox vaxt ayıracaq, dünyanı gəzəcək, yeyəcək, içəcək, kef edəcəklər. Beləliklə, insan öz əsas yaradılma məqsədinə çatacaq. Çünki insan dünyaya dincəlmək üçün gəlib, rahat, firavan ömür sürmək üçün gəlib. Robotlar isə işləmək üçün. Beləliklə də bəşər sistemi ədalətli dövrünə qədəm qoyacaq".

Onlar işimizi də əlimizdən alacaq!

Hacı Əhmədov: "Bizdə onsuz da bəzi vəzifələrdə "robot məmurlar" işləyir".

Ramil Əhmədov: "Nə olur olsun, ədalət olan yerdə yaxşı olacaq. Ədalət olmayan yerdə daha da pis olacaq".

Elnur Kəlbizadə: "Fikrimcə, robotların bir çox sahələrdə, xüsusən ağır sənaye, neft sənayesi və digər sahələrdə tətbiqi çox yaxşı haldır. Lakin bütün hallarda robotlar insanları tam əvəz edə bilməyəcək".

Elgün Məsimov: "Heç bir ziyanı yoxdur. İllər öncə paltaryuyan, qabyuyan, onlarla belə müxtəlif avadanlıqlar çıxdı. Xanımlarımız işsiz qaldı? Əvəzində həmin enerjini başqa səmtə yönəltdilər. Odur ki, gələcək daha maraqlı olacaq. Əsas odur ki, robotları işlətmək bacarığını mənimsəyək, o zaman işsiz qalmarıq".

Bəkir Osmanov: "Küçə süpürən xalalara verilәn jiletlәri görәndәn sonra o robotların biz tәrәfә heç vaxt gəlməyəcəyinə əmin oldum".

Robotlar