"Bizim Planet"də Azərbaycanın siyasi uğurları müzakirə olunub

“Ölkəmizdəki sabitliyi pozmağa çalışan həmin qüvvələr öz mənfur niyyətlərinə çata bilməyəcəklər”
Sputnik

BAKI, 2 aprel — Sputnik. Yeni buraxılışda tamaşaçıları ilə həftənin şənbə günü görüşən "Bizim Planet" verilişi politoloq Rufiz Qonaqov, eləcə də, millət vəkilləri Rasim Musabəyov, Çingiz Qənizadə və Aydın Hüseynovun apardıqları müzakirələrlə davam edib. Sputnik Azərbaycan xəbər verir ki, veriliş boyu həftə ərzində ölkədə baş vermiş əsas hadisələr və dünyadakı proseslərin Azərbaycana təsiri məsələləri ətrafında diskussiyalarda vacib məqamlara toxunulub.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov ilk növbədə İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri, ikitərəfli əlaqələrdə yeni inkişaf mərhələsinin başlaması, Azərbaycanla İran arasında imzalanmış mühüm tarixi sənədlər və səfər çərçivəsində baş tutan Biznes Forumun keçirilməsini tamaşaçıların nəzərinə çatdırıb. Politoloq qeyd edib ki, həmin Biznes Forumda prezident İlham Əliyevin çıxışı mühüm əhəmiyyət kəsb edirdi. 

İran prezidenti Azərbaycana rəsmi səfərə gəlib

“Azərbaycan- İran münasibətləri möhkəm tarixi və mədəni köklərlə bağlıdır. Son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan vermişdir", — deyə Rufiz Qonaqov vurğulayıb.

Məsələyə münasibət bildirən millət vəkili Rasim Musabəyov qeyd edib ki, bu görüşdə müzakirə etmək üçün bir çox məsələlər var: “Təhlükəsizlikdən tutmuş, Xəzərin statusu ilə bağlı məsələlər. Eləcə də, böyük layihələrdən danışıldı ki, bu, İrana da, Azərbaycana da maraqlıdır. O layihələrin təkcə iqtisadi yox, eyni zamanda geopolitik əhəmiyyəti də var”.

“Hamıya məlumdur ki, Qarabağ kofliktinin həll olunmasında İran bilavasitə iştirak etmir. Lakin İran dövlətinin prinsipial mövqeyi bəlli etdi ki, münaqişə dinc yolla, siyasi dialoq, diplomatik vasitələrlə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", — R.Musabəyov əlavə edib.

"Bizim Planet" verilişində bildirilib ki, Xəzərin hüquqi statusu ilə bağlı daha bir maneənin aradan qalxması, Astara-Rəşt dəmir yolu hissəsinin maliyyələşdirlməsi mövcud olan yeganə boşluğu aradan qaldıracaq. 

Azərbaycan və İran arasında dəmir yolu körpüsünün təməli qoyulub

Müzakirələr zamanı millət vəkili Çingiz Qənizadə Xəzər dənizin statusu ilə bağlı müəyyən anlaşılmazlıqlar olduğunu, Xəzərin bəzi bloklarının birgə işlədilməsiylə bağlı memorandumun imzalanmasının isə münasibətləri normallaşdırdığını deyib: “Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı imzalanan sənədlər əsasında bu günə qədər olan problemlər öz həllini tapdı. Bu baxımdan, Xəzərin hüquqi statusu ilə bağlı mübahisəli məsələlərin həll edilməsində atılan bu addımlar əməkdaşlıq modelində digər qonşu dövlətlər üçün də bir nümunə ola bilər”.

Millət vəkili Aydın Hüseynov İranla Azərbaycan arasında olan iqtisadi münasibətlərə ayrı-ayrı faktlarla nəzər yetirib. Deputat bildirib ki, Azərbaycanla İran arasında keçirilən Biznes Forum siyasi-iqtisadi münasibətlərdə yeni bir mərhələnin əsasını qoyub.

"Ticarət yollarının açılması hər iki dövlətin dövriyyəsini daha da artıracaq. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən çox mühüm strateji və iqtisadi layihə kimi öz səmərəsini göstərir. Artıq İranla Şimal-Cənub dəmir yolunun açılması və Şərq-Qərb qovşağına birləşməsi ilə coğrafi və strateji tərəfdaşlıq daha da böyüyəcək", — deyə A.Hüseynov vurğulayıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk qatar yola salındı

Verilişdə qeyd edilib ki, İran prezidenti bu dəfə olduqca sərt bəyanatlar səsləndirdi. Həsən Ruhani bildirdi ki, "Azərbaycanın təhlükəsizliyi və suverenliyi bizim dövlətimizin təhlükəsizliyi və suverenliyidir. Bu, Ermənistana və onun arxasında duran qüvvətli dövlətlərə bir mesaj idi", — deyə vurğulanıb.

Bundan başqa, H.Ruhaninin Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tanınması və İranın bu faktla bağlı Azərbaycanın, eləcə də, beynəlxalq hüququn yanında olması fikrini səsləndirməsi olduqca vacib şərtlərdəndir.

Verilişdə azərbaycanlıların 31 mart soyqırımından 100 il keçməsi və genosidin tanıdılmasında görülən işlər, eyni zamanda beynəlxalq aləmin məsələ ilə bağlı ikili  standartlarından söhbət açılıb. Bildirilib ki, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində soyqırımın tanıdılması ilə bağlı müxtəlif aksiyalar keçirilir, yürüşlər təşkil olunur. Azərbaycan dövləti dəfələrlə beynəlxalq tədbirlərdə tarix boyu azərbaycanlılara qarşı törədilən bütün soyqırımlara qarşı ədalətli cavab verilməsini tələb edib.

31 Mart Soyqırımı

Vurğulanıb ki, istər mart soyqırımı ərəfəsində keçirilən etiraz yürüşləri, istər "Xocalıya ədalət" kampaniyası azərbaycanlılara qarşı törədilən bu vəhşilikləri dünya ictimaiyyətinə tanıtdırıb. Qeyd edilib ki, ermənilər tərəfindən törədilən bu cinayətlər ayrı-ayrı dövlətlər tərəfindən tanınmasına baxmayaraq Ermənistan hələ də işğalçı və terrorçu dövlət kimi mövcuddur.

O da bildirilib ki, beynəlxalq aləm nə qədər ikili standartlardan çıxış etsə də, Azərbaycan hərbi hüquqları çərçivəsində bu vəhşiliklərin layiqli cəzasını özü verəcək.

"Bizim Planet"də aparılan müzakirələr zamanı ABŞ-ın Ermənistana maliyyə yardımını dayandırması məsələsinə də toxunulub. Bildirilib ki, Ukrayna və Gürcüstandan fərqli olaraq Ermənistana maliyyə dəstəyinin verilməməsi artıq sübut edir ki, Amerikanın Ermənistana heç bir marağı yoxdur. Bu da Ermənistan diplomatiyasının növbəti uğursuzluğudur.

“Ermənistana maliyyə yardımının ayrılmaması onu da göstərir ki, suriyalı qaçqınların Dağlıq Qarabağda yerləşdirilməsi siyasi mexanizmi də artıq işləməyəcək. Burada təkcə Amerika deyil, digər ölkələr də Ermənistana gözlədikləri yardımları verməyəcək. Bu məsələ Ermənistan dövlətinin siyasi və iqtisadi süqutunun başlanğıcıdır” — kimi qeyd olunub.

Verilişdə son zamanlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarına da nəzər yetirilib. Qeyd olunub ki, dünyada gedən proseslərə sosial medianın çox böyük təsiri var: “Bu gün ölkəmizə qarşı sosial şəbəkələr üzərindən müəyyən qüvvələrin yenidən fəallaşmasının şahidi oluruq. Azərbaycana qarşı atılan bu şər və böhtan dolu addımlar sübut edir ki, dövlətimizin güclənməsi onu gözü götürməyən hansısa dairələri ciddi narahat edir. “Facebook”, “instagram”, “twitter”, “whatsapp” kimi sosial şəbəkələr üzərindən Azərbaycana, onun simvollarına qarşı hörmətsizliklə yanaşanlar, sözsüz ki, hansısa qüvvələrin təsiri və maliyyə dəstəyi ilə çıxış edənlərdir”. 

Əli Həsənov: “Azərbaycanda sosial şəbəkələrin sərbəst fəaliyyəti saxlanılacaq”

Qeyd olunub ki, Azərbaycanda mobil internet, sosial media, söz, mətbuat azadlıqları mövcuddur. Bildirilib ki, Böyük Britaniya və bir çox ölkələrdə seçki zamanı müəyyən problemlər yaranarkən sosial şəbəkələrdən istifadə imkanları məhdudlaşdırılır. Lakin Azərbaycanda bu gün istənilən məlumatı almaq və ötürmək imanları mövcuddur.

Vurğulanıb ki, 2011-2012-ci illərdə Yaxın Şərqdə baş verən "Ərəb baharı" adlı hadisələr məhz sosial şəbəkələr üzərindən başladı: “O zaman da Azərbaycana qarşı bu cür təhdidlər irəli sürülürdü ki, bu da heç bir nəticə verməmişdi. Çox acınacaqlı haldır ki, həmin ssenari bu gün də oynanılır. Ancaq sosial şəbəkələrdən hansısa mənfi məqsədlər üçün istifadə edənlərə əks təsir göstərmək üçün Azərbaycanda daha yüksək potensial var. Bir qrup şəxsi öz əllərində oyuncağa çevirməklə ölkəmizdəki sabitliyi pozmağa çalışan həmin qüvvələr öz mənfur niyyətlərinə çata bilməyəcəklər”.

"Bizim Planet" verilişi boyu irəli sürülən bu fikirlər onu sübut edir ki, Azərbaycan dövlətinin daxili və xarici siyasəti yad ünsürlərdən uzaqdır. Heç bir ünsür, heç bir qüvvə Azərbaycanda mövcud olan xalq-iqtidar birliyinə qarşı savaşa bilməz.