CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaq ikən qocalanlar: Onlara sahib çıxmasaq...

Onlar bir qədər böyüdükdən sonra ya cinayətə qurban gedirlər, ya da cinayətkara çevrilir, həbsə düşürlər
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. Acı həqiqət olsa da, bütün dünyada uşaq əməyi istismar edilir. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, çox zaman uşaqlar 5 yaşından işləməyə başlayırlar. Azərbaycanda da uşaq əməyinin istismarına rast gəlinir. Ölkədə uşaqların əməyi, əsasən, maldarlıqda, əkin sahələrində, bazarlarda istismar edilir. Bundan əlavə, küçə uşaqları arasında, əsasən, təkər qaraltmaq, avtomobil yuma, ayaqqabı silmək, salfet satmaq, dilənçilik, cibgirlik və s. kimi işlər daha çox yayılıb.

Uşaq aqressivliyinin səbəbləri nədir?

Əli də belə uşaqlardandır. Onun 9 yaşı var. Novxanıdakı istirahət mərkəzlərini gəzərək limon satır. Əlinin xasiyyəti də üz cizgiləri kimi fərqlidir. Sanki uşaq ikən qocalıb.

Çətinliklə danışmağa razı saldığım Əlidən öyrənirəm ki, əvvəlcə rayonda yaşayıb. Atası öləndən sonra anası ilə Bakıya gəlib. İndi limon satıb, anasına və bacılarına baxır. Maddi imkanları olmadığı üçün məktəbə getmir.

Əli deyir ki, burada yaxşı qazanır. Elə müsahibə aldığım gün də yaxşı alveri olub. Həmçinin restoranlardan birinin rəhbərliyi ona 30 manat verdiyindən sevincinin həddi hüdudu yoxdur. Elə hey gülümsəyir, sanki dünyanı ona bağışlayıblar.

Limon satıcısı Əli

Stolumun üstünə 3 limon qoyub, almağımı istəyir. Hətta yalvarır da. Məndən pulu alan kimi eyni davranışla başqalarına yaxınlaşır…

Sputnik Azərbaycan bir neçə mütəxəssislə Əlinin taleyinə bənzər həyat sürən uşaqlar barəsində danışıb. Belə uşaqları cəmiyyətdə indi və gələcəkdə nə kimi təhlükələrin gözlədiyini araşdırıb.

Azərbaycanlı uşaqların ekskursiyası faciəli başa çatdı, ölən var

 Sosioloq Əhməd Mansurov bildirib ki, boşanma və ya valideynlərdən birinin dünyasını dəyişməsi uşaqlara psixoloji olmaqla yanaşı, hərtərəfli zərər verir: "Atası dünyasını dəyişmiş uşağın anası uşaqları saxlamaq üçün işləməyə başlayır və uşaqlara nəzarəti itirir. Və ya anası dünyasını dəyişmiş uşaq ana nəzarətindən uzaq olduğu üçün qohumların, yaxınların nəzarətindən yayınıb küçələrə düşə bilir".

"Küçə də uşaqlar üçün təhlükə mənbəyidir" deyən sosioloq qeyd edir ki, uşaqlar küçədə qatil, oğru, cinayətkar, həmçinin narkotik istifadəçisi, müxtəlif zorakılıqlara məruz qalan qurbana da çevrilə bilirlər.

 "Uşaqların küçələrə düşməsi, eyni zamanda onlara psixoloji təsir edir. Ailə mühitində böyüyən uşaq birdən-birə küçəyə düşür. Bu zaman da yeni mühit, müxtəlif düşüncəli insanlar uşağın psixologiyasını darmadağın edir" — deyə Ə.Mənsurov vurğulayıb.

 Psixoloq Fərqanə Mehmanqızı isə bildirib ki, çox zaman küçə uşaqları əvvəlcə müxtəlif zorakılıqlarla qarşılaşır, sonra isə özləri başqa uşaqlara qarşı zorakılıqlar tətbiq edirlər. Yəni özlərinə qarşı edilmiş hərəkətlərin eynisini başqalarına edirlər: "Evdən küçəyə düşmüş uşaq kimsəsiz olduğunun fərqinə varır. Gücsüzdür, sığınmağa kimsəsi yoxdur, ona görə də özünü qorumalıdır. Küçə uşaqları vaxtından tez böyüdür".

Uşaqlara dərman satışı qadağan edildi: Yaş məhdudiyyəti qoyuldu

 F.Mehmanqızı qeyd edib ki, küçə uşaqları cəmiyyət üçün yararlı ola bilmirlər. Çünki onlar bir qədər böyüdükdən sonra ya cinayətə qurban gedirlər, ya da cinayətkara çevrilir, həbsə düşürlər: "Küçə uşaqlarının gəncliyi olmur, onlar sanki uşaqlıqdan birbaşa qocalığa keçirlər. Onların düşdüyü mühit nə uşaqlıqlarını, nə də gəncliklərini yaşamağa imkan vermir. Yemək, geyim, yatacaq yer dərdi, isti ocaq, ata-ana nəvazişinin, sığalının həsrətini çəkən uşağın bütün ömrü küçələrdə keçir".

 Psixoloqun sözlərinə görə, küçə uşaqlarının qorxuları da olmur: "Onlar zamanla hissiyyatsızlaşırlar. Hər şeyi küçələrdə yaşadıqları üçün, bütün çətinliklərlə, əziyyətlərlə qarşılaşdıqları üçün onların gözündə hər şey adiləşir. Adam öldürmək, maşın qaçırmaq, təcavüz etmək, zorlamaq, oğurluq etmək onların gündəlik həyatının bir hissəsinə çevrilir".

Demək ki, Əlini də yüzlərlə "küçədə doğulmuş" cinayətkarlardan birinə çevrilmə ehtimalı gözləyir. Nə zamansa, bizlərdən birinin evini yara, çantasını oğurlayıb qaça, qızımıza, bacımıza, lap elə özümüzə təcavüz edə bilər.

Bu qurum valideyn himayəsindən məhrum uşaqları sevindirdi

Nəzərə alsaq ki, Əli tək deyil, onun kimiləri kifayət saydadır, bu zaman artıq təhlükə böyüyür demək. Və bu təhlükəni, böyüdüyünü görə-görə tükümüzü belə tərpətmirik. Halbuki cəmiyyət olaraq, insan olaraq Əli kimilərə sahib çıxsaq, onları küçələrin çirkabında boğulmaqdan xilas etsək, həm onlara normal həyat bəxş edərik, həm də özümüzü, cəmiyyətimizi, övladlarımızı gözləyən təhlükənin qarşısını almış olarıq.

 Bunun üçün isə milyoner və ya məmur olmağa ehtiyac yoxdur. Sadəcə insan olmaq yetərlidir. İnsanı insan edən insanlığımızı itirməmişiksə, ümidləri, hissiyyatları ölən, uşaq ikən qocalan, həyat işıqları közərən küçə uşaqlarına sahib çıxaq…