YAZARLAR

Suriyada toqquşan güclər: Türkiyəni Menbicdə hansı sürpriz gözləyir?

Menbic isə düzənlik ərazidir və Türkiyə ordusu Menbic bölgəsinə girsə, bir də Qamışlıda dayanacaq
Sputnik

BAKI, 24 mart — Sputnik. Martın 18-də Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın Afrin əyaləti mərkəzinə daxil oldu. Bununla da "Zeytun budağı" əməliyyatı uğurla başa çatıb. Ankara qısa bir zamanda "Afrin zəfəri" qazandı.

ABŞ-dan yeni Menbiç açıqlaması

Bir sıra dövlətlərin Afrin əməliyyatlarına susqunluq nümayiş etdirməsində aydın olmayan məqamlar da mövcuddur. Bəzi araşdırmaçılar belə hesab edirlər ki, ABŞ Türkiyəni Suriyada uzun müddətli savaşa təhrik edir. Bir sözlə, Türkiyə bölgədə Qərb dövlətləri ilə uzun müddət davam edəcək savaşa sürüklənə bilər. Unutmaq olmaz ki, bu gün Türkiyəni parçalamaq istəyən terrorçulara yardım edənlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına da imkan vermək istəmirlər. İstənilən halda, Afrin Türkiyə üçün önəmli bölgədir. Söhbət yalnız "bufer zonası"ndan da getmir. Afrin həm də simvolik məna daşıyır. Terrorçubaşı Abdullah Öcalan Türkiyədən qaçdıqdan sonra ilk yerləşdiyi ərazi Afrin olub. Terrorçubaşı Afrində Amanos dağlarının Suriyaya uzanan yamaclarındakı kəndlərdə özünə tərəfdarlar toplayıb, terror birləşmələri qurub. Öcalanın Suriyada gizləndiyi dövrlərdə Suriyada hakim Hafiz Əsəd rejimi SSRİ-nin diktəsi ilə Türkiyəyə qarşı PKK terror təşkilatına dəstək verirdi. Afrin bölgəsi terror təşkilatı PKK-nın əsas bazalarından birinə çevrilmişdi. 1980-ci illərdə Türkiyədən qaçan PKK terrorçularının bir qismi məhz Suriya ərazisində yerləşirdi. Məhz bu səbəbdən Afrin xüsusi önəmə malik idi.

Afrin əməliyyatının əsas səbəblərindən biri ABŞ-ın Suriyanın şimalında, Türkiyə sərhədlərində, PKK terror təşkilatına "dövlət" qurmaq cəhdi idi. İŞİD terror təşkilatı Türkiyə sərhədlərində ələ keçirdiyi əraziləri ABŞ-ın rəsmən dəstək verdiyi PKK/PYD terrorçularına kiçik qarşıdurmalarla təslim etdi. 

Ərdoğandan Afrin müjdəsi
Bölgənin tamamilə PKK/PYD-yə peşkəş edildiyini görən Türkiyə 1 il öncə, İŞİD-ə qarşı "Fərat Qalxanı" kod adlı əməliyyat həyata keçirdi. Cerablus, əl-Bab kimi şəhərlər İŞİD-dən təmizləndi. Türk ordusu Menbicə girməyə hazırlaşarkən məlum oldu ki, ABŞ hərbi birləşmələri PKK/PYD terrorçularını mühafizə etmək üçün şəhərdə baza qurub. Hərçənd, türk əsgərinin Menbicə girməsinə maneə törədilməyəcəyi haqda ABŞ-la öncədən razılaşma var idi. Sonrakı aylarda ABŞ-ın PKK/PYD terrorçularına verdiyi hərbi, silah-sursat yardımı artan sürətlə davam etdi.

Ankara Qərbin bütün etirazlarına baxmayaraq, məhz Suriyanın şimalında PKK üçün "dövlət" qurulmasına müşahidə etməyəcəyini göstərdi. Türkiyə həm "Fərat Qalxanı", həm də "Zeytun budağı" əməliyyatları ilə siyasətin təməl prinsiplərindən olan "meydanda olarsansa, masada da olarsan" faktorunu ortaya qoydu. Türkiyənin Suriyada təsir dairəsi çox böyükdür. Əvvəla, Türkiyə Suriya ilə böyük bir sərhədə malikdir. İkincisi, Türkiyə təxminən 5 milyon suriyalı qaçqına sığınacaq verib. Suriyada böyük ölçüdə atəşkəsin tətbiq olunması da məhz Türkiyə ilə Rusiyanın razılaşması nəticəsində baş tutub. Lakin Türkiyə bölgədə əlini daha da gücləndirmək istəyir. Bu səbəbdən də ABŞ-ın dəstəklədiyi PKK/PYD terrorçularına qarşı əməliyyat həyata keçirilir və bu əməliyyatların miqyasının genişlənəcəyi gözlənilir.

Politoloq İranın Suriya siyasətindəki pərdəarxası məqamlarını izah edir

Eyni zamanda, Türkiyə terrordan azad etdiyi bölgələrdə dəstəklədiyi müxalif qüvvələri yerləşdirir ki, bu da həmin qüvvələrin Əsəd rejimi qarşısında gücünü artırır. Təbii ki, Türkiyə dəstəklədiyi qüvvələrin masada Əsəd rejimi ilə ən azı bərabər bir güc şəkilində oturmasında maraqlıdır. Türkiyə rəsmiləri Afrin qələbəsinə görə ABŞ-a mesajlar versələr də, sitəm etsələr də, indi əslində Suriyanın şimalı ilə bağlı ən çox sual doğuran mövzulardan biri də Vaşinqtonun mövqeyidir. Məlum məsələdir ki, istənilən halda kürdlər Afrini qoyub qaçdılar. Bunun adını kürdlər "planlı çəkilmə", türklər isə "qoyub qaçdılar" qoysalar da, fakt faktlığında qalır. Amma önəmli sual isə kürdlərin niyə Afrində dirənməmələri oldu. Axı kürdlər də yaxşı anlayırdı ki, Türkiyənin Afrindən sonrakı hədəfi Menbic olacaq. Menbic isə düzənlik ərazidir və Türkiyə ordusu Menbic bölgəsinə girsə, bir də Qamışlıda dayanacaq. Yəni növbəti sərhəd əməliyyatı Suriyada kürd layihəsinin kökünə daş ata bilər. Məhz bu səbəbdən kürdlər Afrində müqavimət göstərmək, Türkiyənin irəliləməsinin qarşısını almaq istəyirdilər. Amma olmadı, kürdlər 8 saatdan sonra ciddi müqavimət olmadan Afrini tərk etdilər. Hədəf Menbicdir. Menbicdə türkləri hansı sürpriz gözləyir? Əsas sual da elə budur…