RUSİYA

ABŞ və İsrail "gizlənpaçı" bitirir: İrana qarşı ildırımsürətli hücum ssenarisi

Rusiyanın fikrini öyrənmək üçün çox güman ki, Netanyahu yaxın günlərdə növbəti səfərini ora edəcək
Sputnik

BAKI, 22 mart — Sputnik. Martın 5-də Netanyahu ilə Trampın Vaşinqtonda görüşü baş tutdu. Bu, sayca 5-ci görüş idi. Kütləvi informasiya vasitələri üçün birifinq zamanı qızı və kürəkəni ortodoksal yəhudi icmasına məxsus olan ABŞ prezidenti Qüdsdə ABŞ səfirliyinin açılış mərasiminə qatılacağının mümkünlüyünü bildirdi. İkitərəfli münasibətlərə toxunan Tramp bəyan etdi ki, indi iki dövləti onların tarixi boyu mövcud olan ən sıx əlaqələr birləşdirir.

Səudiyyə vəliəhdindən İrana nüvə təhdidi

Görüşə toxunan İsrail dövlətinin başçısı məlumat verdi ki, danışıqlar İranın Yaxın Şərqdə aqressiyasına və xüsusilə, Tehranın nüvə proqramına həsr olunub. İsrailin baş nazirini, İran hərbi birləşmələrinin Suriyada İsrailə yaxın ərazilərdə möhkəmlənməsi xüsusilə narahat edir.

Görüşün 75 dəqiqə nəzərdə tutulmasına baxmayaraq, o, iki saata qədər uzandı.

Netanyahunun Ştatlara səfəri onun bir sıra Avropa liderləri ilə təmaslarından sonra baş tutdu. Məsələ orasındadır ki, Netanyahu, eləcə də yəhudi cəmiyyəti artıq başa düşüblər: Amerikalılar İsrailin təhlükəsizliyinin onlar üçün prioritet məsələ olmasına baxmayaraq, onların əvəzinə İranla müharibəyə başlamayacaqlar.

Ona görə baş nazirə qlobal sionizmin təsiri altında olan Avropadakı qüvvələrlə məsləhətləşmələr aparmaq və onları öz tərəfinə çəkmək lazım idi. Təbii ki, qlobal sionizmin vətəni Amerika deyil, Avropadır. Məhz buna görə Netanyahu Avropadakı nüfuzlu siyasətçilərlə bir sıra görüşlər keçirdi. O, hətta bəzi ölkələrə mətbuatda xəbər verilməyən məxfi səfərlər də etdi.

Netanyahunun qarşısında duran məsələlərdən biri o idi ki, amerikalılar Yaxın Şərqdə avropalılarla daha yaxın təmas halında hərəkət etsinlər. Nəticədə, mövcud ziddiyyətlərə baxmayaraq avropalılarla Amerika arasında ortaq məxrəc tapıldı. Hər iki qüvvəni Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmaması məsələsi düşündürür. Hər iki tərəf hesab edir ki, Rusiyanın idarə və yardım etdiyi Əsəd rejimi regionda təhlükəli vəziyyət yaradır.

Nə Avropa, nə də Amerika qanuni hakimiyyət olan Əsədlə birbaşa müharibəyə girə bilir. Çünki bu, Rusiya ilə birbaşa qarşıdurmaya səbəb olacaq. Belə olan halda İsrail köməyə gəlir. Hamıya məlumdur ki, yəhudilər təhlükəsizliyini təmin etmək üçün İraq, Suriya və İranla mübarizə aparırlar. Deməli, Avropa və Amerikanın qarşısında dayanan maneələr İsrail üçün mövcud deyil.

İsrailə gözləmədiyi zərbə: Yəhudi dövləti barədə məğlubedilməzlik mifi dağıldı

Bundan başqa, İsraillə Rusiya arasında mövcud olan anlaşmaya görə Putin yəhudilərin Suriyadakı bəzi fəaliyyətlərinə göz yummalıdır. Rusiya Amerika və Avropa qədər İsrailə acıqlı deyil və bu vaxta qədər onun bombardmanlarına ciddi reaksiya sərgiləməyib. Bu avantajlardan istifadə edən İsrail Suriyanın Hərbi Hava Qüvvələrini məhv etməyi öhdəsinə götürür.

Avropa- ABŞ — İsrail üçbucağı Suriyadakı əməliyyatla eyni vaxtda İrana qarşı da ümumi taktika seçir. Avropa İranla müharibədən çəkinir və hesab edir ki, bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Amerika isə yenə də İranla İsrailin əli ilə vuruşmaq və tətbiq etdiyi ciddi sanksiyalara avropalıların qoşulmasını istəyir.

Burada da İsrail irəli çıxır. Suriyada Bəşər Əsədin qüvvələri ilə birlikdə İranın hərbi birləşmələri İsrail tərəfindən bombardmana məruz qalır. İranın ciddi müdaxiləsi halında İsrail qoşunları yenə də Amerika və Avropanın hərbi dəstəyi ilə İran sərhədini keçir. Döyüşlər artıq İran ərazisindədir. Rusiya ciddi etiraz edə bilmir və trio missiyalarını sona çatdırır.

Qurulan ssenaridə Moskvanın rolu bir qədər müəmmalıdır. Çünki onun Suriya və İrana qarşı, İsrail tərəfindən olsa belə, aparılan hücuma necə reaksiya verəcəyi məlum deyil. Rusiyanın fikrini öyrənmək üçün çox güman ki, Netanyahu yaxın günlərdə növbəti səfərini ora edəcək. Bu görüşdən asılı olaraq Yaxın Şərqdə hadisələrin yeni istiqamətdə inkişafı proqnozlaşdırılır.

Qaranlıq qalan təkcə Rusiyanın sərgiləyəcəyi münasibət deyil, eyni zamanda Türkiyə ilə bağlı məsələlərdir. Təbii ki, bu ölkəni hesabdan silmək mümkün deyil və onunla razılaşdırılmamış heç bir hərəkət uğur gətirə bilməz. Xüsusilə, "Zeytun budağı" əməliyyatı Türkiyənin regionda heç də Rusiyadan zəif oyunçu olmadığını sübut edir. Türkiyə, düşünürəm ki, İran və Suriya ilə bu vaxta qədər apardığı siyasəti davam etdirəcək. Onun İranın və Suriyanın bombalanmasına seyrçi qalacağını düşünmək ən azından sadəlövhlükdür.

ABŞ-ın sanksiyalarına Rusiyadan cavab: “Qara siyahı” genişlənir

Səudiyyə Ərəbistanının da gözlənilən münaqişədə rolu qeyri-müəyyəndir. Məlum olduğu kimi, İsrail və Amerika İranla bağlı gələcəkdə baş verə biləcək bütün münaqişələrdə bu krallığı öz yanlarında görmək istərdilər və uzun müddətdir ki, bu istiqamətdə ciddi iş aparırlar. Görəsən Krallıq Amerkanın ona ayırdığı 430 milyard dollarlıq arsenaldan İrana qarşı istifadə edəcəkmi?

Səudiyyə də öz növbəsində İranla haqq-hesab çəkməyi çoxdan arzulayır və gözlənilən hadisələr ona göydəndüşmə olardı. Amma Yəməndəki kiçik şiə qrupu ilə döyüşlərdə ciddi nailiyyət əldə edə bilməyən Vəliəhd İran kimi dövlət ilə qarşı-qarşıya gələ biləcəkmi?

Hadisələrin digər ssenarilər üzrə inkişafı da gözləniləndir. Amma bir məsələ dəqiqdir ki, İsrail və Amerika İranla "gizlənpaç" oyununu bitirmək istəyir. Hər keçən gün İranın İsrailə daha da yaxınlaşması ilə yadda qalır. Amerika və İsrail fərqindədir ki, İranın qarşısı indi alınmasa, sonra çox gec olacaq.