BAKI, 21 fevral — Sputnik. “1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra Azərbaycanın İrəvan mahalına əsasən İran ərazisində məskunlaşmış ermənilərin köçürülməsinə başlanılıb. Sonradan Azərbaycan Xalq Cümhuriyyəti dövründə də ermənilərin Demokratik Respublikanın parlamentinə müraciət etmələri ilə bağlı rəsmi sənəd var. Ermənilər Demokratik Respublikanın parlamentinə müraciət ediblər ki, siyasi mərkəzləri olmadığına görə, Azərbaycanın qədim şəhəri olan İrəvan ermənilərə siyasi mərkəz kimi verilsin. Yəni bu məsələ sənədlərlə öz əksini tapıb, sənədlərdə mövcuddur”.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Ölkə prezidenti İlham Əliyevin YAP-ın qurultayında "İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlıları ora qaytarmalıyıq" fikrinə toxunan deputat bildirib ki, prezident bununla da “əgər bu gün Qarabağda ermənilər Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırlarsa, gələcəkdə biz İrəvanla bağlı məsələləri müzakirə edəcəyik” fikrini çatdırmaq istəyib: "Yəni Azərbaycanın ordusu da kifayət qədər güclüdür, amma biz neçə illərdir diplomatik yolla bu məsələnin həlli ilə bağlı addımlar atırıq. Rusiyadan və Ermənistandan olan ekspertlərin də fikirlərini oxudum. Onlar da başa düşməyə başlayırlar ki, əgər bu gün Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunları çıxarılmasa, gələcəkdə ermənilər daha böyük ərazilər itirə bilərlər. Və bu vəziyyətin səbəbkarı təkcə Azərbaycan olmayacaq – Ermənistanda iqtisadiyyat yoxdur, demək olar ki, böhrandır. Ermənistanda siyasi rejim hərbi xuntadır. Ermənistandan əhali köçüb gedir və əhalinin sayı getdikcə azalır. Hətta seçkiqabağı deyirlər ki, biz çalışacağıq ki, 20 ildən sonra Ermənistanın əhalisini 4 milyona çatdıraq. Azərbaycan əhalisinin sayı isə 10 milyonu keçib. O cümlədən bütün beynəlxalq infrastruktur, layihələr Ermənistandan yan keçib. Halbuki, Ermənistan onun vasitəsilə son 25 ildə daha çox qazana bilərdi, nəinki bu vəziyyətdə qalmaq ilə. Bütün bu layihələrin böyük bir hissəsi Ermənistan ərazisindən keçməklə də həll oluna bilərdi".
YAP rəsmisi vurğulayıb ki, bütün dünya 1991-ci ildə BMT-nin qəbul etdiyi sərhədləri əsas götürür: "Əgər o sərhədlər bərpa olunmursa, biz onda 1918-ci ilin sərhədləri məsələsinə gedib çıxacağıq. Yəni İrəvan, Zəngəzur, Dərələyəz – bütün bu ərazilər Azərbaycanın qədim ata-baba torpaqlarıdır və burada azərbaycanlılar yaşayıb. Mən bir faktı demək istəyirəm. Rusiyanın 1-ci, 2-ci, 3-cü Dumasına seçilənlər arasında o ərazidən bir nəfər erməni millətindən olanlar yoxdur, hamısı azərbaycanlılardır. Sənədlər Rusiyada var. Əgər adı çəkilən ərazilərdə ermənilər yaşayırdısa, Dumaya da erməni seçilməli idi. Nə Dağlıq Qarabağın ərazisindən, nə İrəvandan, nə Zəngəzurdan, nə Dərələyəzdən — heç birindən bir nəfər erməni yoxdur. Hamısının Duma sənədlərində adı, soyadı var. Söhbət 1905-ci ildən gedir. Heç uzaq tarix də deyil, yəni bu, bütün arxivlərdə var. Cənab prezident də bu faktlar əsasında deyir ki, əgər onlar 1991-ci ilin sərhədlərinə qayıtmaq istəmirlərsə, onda biz 1918-ci ilin sərhədlərinə qayıda bilərik".
Xatırladaq ki, prezident İlham Əliyev YAP-ın altıncı qurultayında azərbaycanlıların İrəvana geri qayıtmalı olduğunu söyləmişdi: "Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək".
"Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı — bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq" — dövlət başçısı vurğulayıb.