YAZARLAR

Yol polisindən sürücülərə falçılıq dərsi: Tap görüm cərimən varmı

Fala baxıram, rəml atıram və ya DYP-yə olan borcum məni necə pis vəziyyətdə qoydu?
Sputnik

BAKI, 19 fevral — Sputnik. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı günü-gündən Azərbaycanın bütün sahələrini əhatə edir və həyatımızı asanlaşdırmağa yönələn bu faktorlara sevinməmək olmur. Artıq elə kompüterin qarşısından vergiləri, işıq, qaz, telefon və digər ödənişləri etmək mümkündür. Nəsə bir ləngimə olanda da ya telefona sms gəlir, ya da zəng edirlər ki, "ay vətəndaş, filan qədər borcun qalıb, gəl ödə". Çox rahat bir sistemdir.

Yol polisi piyadaları cərimələməyə başladı

Amma təəssüflər olsun ki, bu yeniliklər ölkənin hələ sovet dövründə də sürücüləri cərimə etmək üçün dəridən-qabıqdan çıxaraq, güclü fantaziya işlətmələrinə görə haqlarında əfsanələr dolaşan bir strukturuna – Dövlət Yol Polisi İdarəsinə, xalq dili ilə desək, "QAİ" sisteminə gəlib çatmayıb. 

Bu sətirləri oxuyan zaman oxucuda elə təəssürat yaranmasın ki, mən "QAİ" sistemindəki irəliləyişləri görməzdən gəlirəm və bütün müsbətləri inkar mövqeyini seçmişəm. Qətiyyən! Bu sahədə də müsbətə doğru irəliləyişlər var və Dövlət Yol Polisi əməkdaşları arasında da mundir şərəfini uca tutan insanlar az deyil. Amma bəzən elə şeylərin şahidi oluruq ki, yazmamaq olmur.

Özümü nümunəvi sürücü hesab edə bilərəm. 10 ildən yuxarıdır ki, maşın sürürəm və bu müddət ərzində cəmi iki dəfə 3 bal yazılıb və daha heç nə. Onun da cəriməsini vaxtında ödəmişəm. Amma dünən elə bir hadisənin iştirakçısı oldum ki, ilk öncə özümü nümunəvilər siyahısından elə özüm sildim.

Sumqayıtdan Bakıya qayıdan zaman elə birinci DYP məntəqəsində saxladılar. Heç bir qayda pozuntusuna yol vermədiyimə əmin idim. Polis işçisi özünü təqdim edən zaman mənim sualımı deyəsən gözlərimdən oxudu: "Sizin keçmişdən 4 MMX-nız var – 4 dənə 10 manatlıq cəriməni vaxtında ödəməmisiz və Yasamal "QAİ"-si maşının cərimə meydançasına aparılması barədə qərar çıxarıb". 

Və həmin 10 manatlıq MMX-ların üstünə penni gələrək, hərəsi 16 manat olmuşdu. Mən ona qanun pozuntusu barədə heç bir yazılı bildiriş almadığımı, mənə zəng, ya da sms gəlmədiyini desəm də, polis əməkdaşı "bizlik bir şey yoxdur, Yasamal polisi belə qərar çıxarıb" deməklə kifayətləndi. Amma, yenə sağ olsun: güzəşt elədi və cərimənin ikisini ödədikdən sonra, qalanını elə Yasamal polisinə ödəmək sözü alaraq, buraxdı. Yəqin maşında ailənin olduğunu da nəzərə aldı.

Yol polisi ilə bağlı daha bir qalmaqallı video ortaya çıxdı

İndi mənim bu cavabsız suallarım yəqin ki, bir çox sürücülərin ürəyindən olacaq: 1) Sürücüyə qanun pozuntusu barədə xəbərdarlıq edilmədən, onun haqqında "maşın cərimə meydançasına aparılmalıdır" qərarı çıxarıla bilərmi? 2) Bu MMX-lar avqust ayında olanda niyə mənə xəbər verilmir ki, aparım vaxtında ödəyim və 4 cəriməyə 40 manat əvəzinə 64 manat ödəməyim?

Qanun qarşısında hamı eynidir: qanunu pozmuşamsa, cəzasını çəkməyə də hazıram. Bu məsələ ilə əlaqədar hörmətli Vaqif Əsədova zəng belə etməyi lazım bilmədim. Nə deyəsidi ki? Deyəcəkdi ki, araşdırarıq və ha hansısa qərarlı və ya qərarsız protokollar barədə uzun bir hekayət danışacaqdı, deyəcəkdi ki, "filan sayta daxil olun və cərimələrinizi yoxlayın". Ya da uzağı gəlib yazılı şikayət yazmağı məsləhət biləcəkdi ki, araşdırılsın. 

Bir sözlə, mənim cəriməmin üstünə gələn pennilərin ödənilməməsinin alternativinin olmamasını mənə izah etməyə çalışacaqdı. Nə onun, nə də özümün vaxtımı almaq istədim.

Biz – sürücülər, cərimələrimizin olub-olmamasını öyrənmək üçün hansısa sayta (yeri gəlmişkən DİN-in saytında cərimə öyrənilməsi bölməsinin işini də bir daha gözdən keçirin – 3-4 dəfə cəhd etsəm də, sistem mənim məlumatlarımı qəbul etmədi ki, cərimələrimi öyrənəm) və ya fala baxmalı deyilik. Cərimə varsa, xəbər edilməlidir ki, mənim kimi 40 manatlıq cəriməyə əlavə 24 manat ödəməyək.

Sürücülərlə kobud rəftarın nəticəsi: Yüzlərlə yol polisi cəzalandırılıb

Bəlkə elə söhbət bu 24 manatdadır? Bəlkə elə ona görə vaxtında sürücülərə xəbərdarlıq edilmir ki, əlavə ödəniş çox olsun? Məndən 24, Həsəndən 54, Məmməddən 74…

Yazının əvvəlində də qeyd etdiyim kimi, ASAN xidmət, ödəniş və axtarış portalları, SMS-lərdən — həyatımızda yaranan bu yeniliklərdən hamı faydalanır. İdarələr də ödənişləri daha asan yığır, əhali də daha rahat şəkildə borcunu-xərcini planlaşdırır. Amma bəzi qurumlar, mənim məsələmdə isə Yasamal "QAİ"-si də bu tipli yeniliklərin tətbiqinə başlasaydı, pis olmazdı. Ən azı, insanları postda saxlayıb 10 manata görə maşından düşürməzdilər…

P.S.

Haqqımda çıxarılan MMX cərimələrinin hamısını ödədim: mən dövlət qarşısında borcumu verdim. İndi qalıb bir şey: Dövlət mənə — vətəndaşa olan borcunu ödəsin. Yəni müvafiq orqanlar müəyyənləşdirsin ki, Yasamal "QAİ"-sinin sürücülərə xəbərdarlıq etmədən qərar çıxarmasına və cərimə barədə xəbərdarlıq etməməsinə ixtiyarı varmı?