İDMAN

Rəhman Hətəmov baş məşqçi postundan getməsinin səbəbini açıqladı

Rəhman Hətəmov: "Artıq seçim etməli idim"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Azərbaycan Milli Karate Federasiyasında İdarə Heyətinin, məşqçilərin və böyüklərdən ibarət milli yığmasının üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda böyüklərdən ibarət milli komandanın məşqçilər heyətində yeni təyinatlar olub. Azərbaycan Milli Karate Federasiyası İdarə heyətinin qərarı ilə Şahin Xudaverdiyevə kişilərdən ibarət seçmə komandanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra etmək həvalə edilib.

Sputnik Azərbaycan keçmiş baş məşqçi, Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmovdan postdan getməsinin səbəbini öyrənib. 

Rəhman Hətəmov bildirib ki, baş məşqçi postundan özü imtina edib: "Mən İslam Oyunları öncəsi Karate Federasiyasında vitse-prezident vəzifəsinə təyin olundum. Qaydaya görə, bir federasiyada iki postu idarə etmək olmaz. Amma yarış qabağı olduğu üçün iki postu eyni anda idarə etməli oldum".

Milli Karate Federasiyası söz-söhbətə son qoydu

"Etiraf edim ki, bu, mənim üçün çox çətin idi. IV İslam Oyunlarında yaxşı nəticə göstərdik. Artıq seçim etməli idim. Ya baş məşqçi postunda qalmalı, ya da vitse-prezident işimi davam etdirməli idim. Mən ikincini seçdim. Düşünürəm ki, bu seçimim federasiyaya xeyirli olacaq", — deyə o bildirib.

Vitse-prezident yeni seçilən baş məşqçi Şahin Xudaverdiyevin yeni posta gəlməsinə də münasibət bildirib: "Federasiyanın prezidenti Yaşar Bəşirovun təklifi ilə baş məşqçi postuna Şahin Xudaverdiyev gətirildi. O, müvəqqəti bu postu icra edəcək. 6 ay müddətinə müqavilə bağlanıb. Bu müddət ərzində komanda uğurlarını davam etdirsə və nəticələr ürəkaçan olsa, müqavilə müddəti artırılacaq. Yox davam etməsə, yəqin ki, baş məşqçi postunda yenidən dəyişiklik ola bilər"

"Bizim məqsədimiz qarşıda gələn Tokio-2020 Olimpiya oyunlarında uğur qazanmaqdır. Ona görə də baş məşqçinin üzərinə böyük yük düşür. Şahin Xudaverdiyev bacarmasa, xaricdən ən yaxşı və peşəkar məşqçi gətiriləcək", — Rəhman Hətəmov əlavə edib.