BAKI, 15 fevral — Sputnik. Suriyadakı hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda ABŞ və Rusiya nümayəndələri arasında gərginlik yaşanıb. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, gərginlik tərəflərin bir-birini sərt sözlərlə tənqid etməsi ilə nəticələnib.
Birləşmiş Ştatlar təmsilçisi Niki Haley (Nikki Haley) Rusiyanı Suriyadakı gərginliyin artmasında təqsirləndirib. "Maraqlıdır ki, Rusiyanın özünün vasitəçiliyi ilə müharibələrdən təmizlənmiş bölgələrdə hələ də havadan bombardmanlar davam edir. Mülki vətəndaşlar, müxaliflər hədəfə alınır. Rusiyanın Bəşər Əsəd rejimi üzərində təsir gücünə sahib olduğunu bilirik. Və tələb edirik ki, rejimə təzyiqlər göstərsin", — Haley bildirib.
Öz növbəsində Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenzya Amerikanı müxaliflərə təzyiq göstərməyə çağırıb: "Siz bizdən rejimə təzyiq göstərməyimizi istəyirsiniz. Ancaq özünüz atəşkəsi pozan müxaliflərə heç bir xəbərdarlıq etmirsiz. Sizin də onlar üzərində ciddi təsiriniz var".
Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre isə Suriyada artan hərbi gərginliyin beynəlxalq böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.