BAKI, 14 fevral — Sputnik. Türkiyəli dostlarımın birindən sevgililər günündə nə edəcəyini soruşdum. Günortaya qədər hazırlaşacağını, günortadan sonra bir dəstə gül alıb sevgilisi ilə görüşəcəyini, axşam kinoteatrda film izləyəcəklərini, sonra hardasa şam yeməyi yeyib gecəni bərabər keçirəcəklərini dedi.
Bu planlaşdırılmış macəra diqqətimi çəkdi. Araşdırmağa başladım. İnsanların özəl həyatına burun soxmaq kimi bir adətim yoxdur. Yanlış anlamayın. İşim gərəyi hərdən bəzi etik normaları aşmalı oluram. Əlbəttə, bu cür sualları ərkim çatan şəxslərə ünvanlayıram.
Eyni sualı rusiyalı həmkarıma da ünvanladım. O da sevgilisi ilə görüşüb şam yeməyindən sonra film izləyəcəklərini dedi, amma hədiyyəsi möhtəşəm idi. Bütün ilboyu sevgilisinin zövqlərini öyrənməyə çalışıb. Nəhayət, onun sevdiyi yazıçı və şairlərin kitablarından, sevdiyi müğənninin albomlarından, sevdiyi rejissor, aktyor və aktrisaların filmlərindən kolleksiya düzəldib. Hətta, Filip Kirkorovun imzalı albomunu da əldə edib. Axşam da elə bu kolleksiyadakı filmlərdən birini izləyəcəklərmiş.
Bir gürcü həmkarımdan da bu barədə maraqlandım. O da qeyri-adi hədiyyə seçib. Tiflisin məşhur heykəltaraşlarından birinə Müqəddəs Valentinin, özünün və sevgilisinin kiçik heykəllərini düzəltdirib, amma işin qeyri-adi tərəfi odur ki, heykəlin məzmununa görə, Müqəddəs Valentinin bir əli bu tanışımın, bir əli də sevgilisinin başı üstədir. Rahibin sinəsində xeyir-dua, xoşbəxtlik arzuları yazılıb.
Dedim, bunlar belədirsə, gör indi avropalılar necədir!? Ərinməyib yarım-yapalaq ingiliscəmlə dramaturgiya festivalında tanış olduğum alman tanışıma yazdım. Hal-əhval tutub keçdim mətləbə. Sevgililər günündə nə edəcəyini soruşdum, elə avropasayağı konkretliklə, almansayağı dəqiqliklə yazdı ki, teatrda sevgililər gününə özəl romantik məhəbbət dramı səhnələşdirilib, onu izləməyə gedəcəklər. Xoş istirahətlər arzulayıb sağollaşdım.
Sonra düşündüm. İndiyə qədər Azərbaycanda keçirilən bütün Valentin günləri gözümün qabağından bir kino lenti kimi keçdi. Bu "kino lenti" ifadəsini əbəs yazmadım. "Bəsit təşbeh" deyib ələ salmayın. Bu məmləkətdə keçmiş Valentin günləri, sözün əsl mənasında, kino lentlərinə yazılacaq materiallardır.
Cəmiyyətimiz qruplara ayrılıb. Bir qrup o qədər təkdir, o qədər darıxır ki, onlar üçün sevgililər gününün, Müqəddəs Valentinin ya da başqa eşq-məhəbbət qəhrəmanlarının heç bir əhəmiyyəti yoxdur. Onlar həmişəki tənhalıqlarındadırlar.
Digər qrup isə eşqdən əzab çəkənlərdir. Onlar valideynləri, qohumları ucbatından sevdiyinə qovuşa bilməyənlər, hətta bu adamlar tərəfindən zorla evləndirilənlər, 13-14 yaşında nişanlandırılanlar, ərə verilənlər, toy, nişan, xınayaxdı kasetlərindən seçilmiş həyat yoldaşlarına məhkum olanlar, sevgili olub ayrılanlar, evlənib boşananlar, xəyanətə uğrayanlar, qarşılıqsız sevənlər və bu sıradan olan başqa məhəbbət qurbanlarıdır. Onlar indi sevgililər gününə, lap elə Müqəddəs Valentinə də nifrət edirlər.
Bir qrup da sevgililər gününü qəbul etməyənlərdir. Onlar həmişə bütün günləri, bütün bayramları müxtəlif bəhanələrlə boykot edirlər. Bu, onların həyat tərzidir. Hörmət etməkdən başqa əlimizdən nə gəlir? Canları sağ olsun.
Bir digər qrup isə sevgili cütlüklərdir. Amma bu cütlüklər bayaq misal çəkdiyim türk, rus, gürcü, alman cütlüklər kimi deyil. Bunlar tipik azərbaycanlı cütlüklərdir. Qız hansısa parkda saatına baxıb dəqiqələri saya-saya gözləyir ki, saat altıdan sonra evə getsə, qırğın-dava qopacaq. Oğlan da əlində ya bir ətir, ya bir dəstə gül, ya da bir oyuncaq ayı tutub metroda, marşurutda tələsə-tələsə onun yanına qaçır.
Bunlar tənhalardan və əzab çəkənlərdən daha xoşbəxtdirlər. Nə olsun ki, onların məmləkətində sevgili ilə bərabər gecə keçirmək fürsəti yoxdur? Nə olsun ki, onların cəmiyyətində heç bir yazıçının, şairin, müğənninin, rejissorun, aktyorun, aktrisanın yaradıcılığına sevgiliyə hədiyyə edəcək qədər dəyər verilmir? Nə olsun ki, onların ölkəsində məhəbbəti birlikdə bayram etmək üçün teatr tamaşasına gedəcək mədəni səviyyə və ya sevgini sənətlə ədəbiləşdirəcək heykəltaraşlıq nümunələri yoxdur?
Əsas odur ki, tək deyillər və əzab çəkmirlər. Onlar öz çiçəkli, ətirli, oyuncaq ayılı dünyalarında xoşbəxtdirlər. Əsas odur.
Mən ən çox sonuncu qrupun halına acıyıram. Hansı ki, onlar hər şeyin fərqindədirlər və azca bu çərçivələrdən qurtulmaq istəsələr, cəmiyyət onları əxlaqsız adlandırar. Bu qrupa heç kəsin köməyi dəyə bilməz. Əgər varsa, qoy elə Müqəddəs Valentinin ruhu onları qorusun!