İDMAN

Federasiyanın yeni baş katibi: "Bir neçə günə qərar qəbul ediləcək"

Mirhəsən Seyidov: "İdman mənim üçün yad sahə deyil"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. Bir neçə gün öncə "İRƏLİ" İctimai Birliyinin sədri Mirhəsən Seyidov Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə təyin olunub. Yeni baş katib Sputnik Azərbaycan-a qısa açıqlama verib.

M.Seyidov əvvəlcə baş katib olaraq qarşıya qoyulan məqsədlər haqqında danışıb.

"Azərbaycan nüfuzu və uğurları ilə dünyada tanınan idman ölkəsidir. Azərbaycanda keçirilən beynəlxalq yarışlar, idman siyasəti ölkə gənclərinin sağlam olmasına, güclü olmasına və uğurlu idmançı olmasına yönəlib. Azərbaycan Karate Federasiyasının bugünkü əsas məqsədi 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunlarına hazırlaşmaqdır. Hazırda bütün işlər bu yarışa yönəldilib. Məqsədimiz ancaq irəli addımlamaqdır", — deyə o bildirib.

Milli Karate Federasiyası söz-söhbətə son qoydu

Baş katib onu da qeyd edib ki, tezliklə baş məşqçi postunda dəyişiklik gözlənilir: "Biz məqsədlərimizə nail olmaq üçün baş məşqçi postunda da dəyişiklik etmək qərarına gəlmişik. Hələ kimin təyin olunacağı sual altındadır. Soçidə keçirilən Avropa çempionatında bir neçə məşqçidən təklif almışıq. Düşünürəm ki, bir neçə gündən sonra bu məsələ idarə heyətinin iclasında müzakirə olunacaq və qərar qəbul ediləcək. Məşqçinin yerli və ya xarici vətəndaş olması hələ dəqiqləşməyib. Bir onu bilirəm ki, komandamıza daha çox uğur qazandıra biləcək məşqçi olmalıdır".

M.Seyidov sponsor məsələsinə də aydınlıq gətirib: "Bu məsələ də həll olunmaq üzrədir. Bir neçə sponsor təklifi var. Müzakirələr gedir və sonda birini dəyərləndirib müqavilə bağlayacağıq. Hələ ki danışıqlar davam edir".

Gənclər sektorundan idman sektoruna gələn baş katib idmanda çalışmasında çətinlik çəkmədiyini vurğulayıb: "İdman mənim üçün yad sahə deyil. Uzun illər "cui-citsu" idman növü ilə məşğul olmuşam. Eyni zamanda gənc və yeniyetmə vaxtlarımda cüdo yarışlarında uğurla çıxış etmişəm. Hətta milli yığma komandanın üzvü də olmuşam. Ona görə də mənə yad sahə deyil. Əksinə idman mənə doğma sahədir".