Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 9 fevral — Sputnik. Azərbaycandakı mütəşəkkil cinayətkar qruplaşmanın üzvü, 20 il əvvəl biznesmenin öldürülməsinə görə haqqında beynəlxalq axtarış elan edilmiş şəxs nəhayət, Moskvada saxlanılıb.
Bu barədə məlumatı RİA Novosti yayıb.
1969-cu il təvəllüdlü Akif Rüstəmov fevralın 7-də saxlanılıb. O, 20 il ərzində başqa ad altında gizlənirmiş. Təhlükəli cinayətkarın saxlanılması əməliyyatını Miçurin psospektində Xüsusi Təyintlı Çevik Dəstənin üzvləri həyata keçiriblər. Rüstəmov başqasının pasportundan istifadə edərək Rusiya vətəndaşlığını alıb. Axtarış zamanı əməliyyatçılar onun kirayə mənzilindən İJ-70, "Brauninq" tapançaları, 9 mm kalibrli 23 patron, həmçinin Rüstəmovun şəkli olan saxta Qazaxıstan vətəndaşının pasportunu tapıblar. Bununla əlaqədar olaraq, saxlanılan şəxsə silahların qanunsuz dövriyyəsi və saxta pasportdan istifadə ilə bağlı ittiham elan edilib. O, Rusiyada cəza aldıqdan sonra Azərbaycana ekstradisiya ediləcək.
Bununla belə, bilənlər bilir ki, Rüstəmov 23 il əvvəl Bakıda "İmproteks" şirkətinin vitse-prezidenti Matfey Rafailoviç Yelizarovun oğurlanmasında iştirak edib. Rüstəmov "qanuni oğru", kriminal dünyasında "Lotu Tahir" və ya "Tahir Bülbülinski" adı ilə məşhur olan 1969-cu il təvəllüdlü İbrahimov Tahir Abbas oğlunun rəhbərlik etdiyi cinayətkar dəstənin üzvü olub.
Bu barədə Sputnik Azərbaycan-a adının açıqlanmasını istəməyən, hazırda istefada olan polis, Suraxanı rayon Polis İdarəsinin sözügedən adam oğurluğu ilə bağlı cinayət işini araşdıran sabiq əməkdaşı məlumat verib.
Rüstəmov həmin cinayəti Yusif Əliyev (Yuska Bakinski) və "Əli" ləqəb ilə tanınan kriminal avtoritet, 1963-cü il təvəllüdlü Məmmədov Ələddin Saday oğlu ilə birlikdə törədib. Sonradan Ələddin Məmmədov bir azərbaycanlı oliqarxın köməyi ilə Rusiyada öz mövcudluğunu leqallaşdırıb. Odur ki, Rusiyanın hüquq-mühafizə orqanları daha Məmmədovu axtarmır. Əldə etdiyimiz məlumata görə, Məmmədov hazırda Moskvada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, avtomobillərin texniki baxışdan keçirilməsi üzrə firmanın və avtonəqliyyat vasitələrinin təmiri ilə məşğul olan Star ASC-nin sahibidir.
Məmmədov və Rüstəmov Bülbülinskinin dəstəsi ilə birlikdə Azərbaycan kidneppinqinin atası — "Malış" ləqəbi ilə tanınan 1951-ci il təvəllüdlü Nardaran sakini Dadaşov Balaqardaş Əlisəfa oğlunun klanına daxildir. Bu klanın 40 üzvü var. Hazırda Dadaşov İranda gizlənir. Dadaşovun hesabında 12 adam oğurluğu faktı var. "Malış" öz karyerasına 1981-ci ildə, qətl törətdiyinə görə düşdüyü Arxangelsk həbsxanasında başlayıb. O, burada Rusiya mafiyasının məşhur nümayəndəsi — "qanuni oğru" Yaponçiklə tanış olub və dostlaşıb. Yeri gəlmişkən, Bülbülinski Dadaşovun yaxın adamlarından biridir.
"İmproteks" şirkətinin vitse-prezidenti Matfey Yelizarov 22 fevral 1995-ci ildə oğurlanıb. Quldurlar onu Mərdəkan qəsəbəsindəki bağ evinə apararaq azadlığa çıxması üçün yarım milyon ABŞ dolları tələb ediblər. Lakin cəmi 150 min dollar alaraq Yelizarovu azadlığa buraxıblar.
Bununla yanaşı, Rüstəmovun dəstəsi 1995-ci ilin mayında çay fabrikinin ortağı Rafiq Rəsulovun oğurlanmasında iştirak edib. Sonra isə fəaliyyətini neft bazasının direktor müavini Mürvəttağı Bayramovun oğurlanması ilə davam etdirib.
30 yanvar 1995-ci ildə mütəşəkkil cinayətkar dəstə Suraxanı rayon ət və ət məhsulları anbarının direktoru Müzəffərov Xanlar Məmmədqulu oğlunu oğurlayıb. Müzəffərov 3 gün saxlanılandan sonra pul verəcəyini vəd edərək azadlığa buraxılıb. Oğrular ondan 20 min dollar və 70 min dollar dəyərində zərgərlik məmulatları alıblar. Bu oğruluqdan sonra mütəşəkkil cinayətkar dəstə ifşa edilib. Dəstənin başçısı 12 il müddətinə azadlıqdan məhrum edilib. 2011 —ci ilin dekabrında Bülbülinski azadlığa buraxılıb.