CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

O məşum gecənin şahidləri: "Xalq həmin tanklara qərənfil sancardı..."

"Üç nəfər azərbaycanli lider olmasaydı, bəlkə də, xalq özünə gələ bilməzdi"
Sputnik

BAKI, 19 yanvar — Sputnik. Tarix boyu xarici qüvvələrin təsiri ilə Azərbaycan xalqının başına dəfələrlə faciələr gətirilib. Belə hadisələrdən biri də 1990-cı ilin 19 yanvardan 20-nə keçən gecə baş verən faciədir. Həmin gecə Sovet qoşunları rəsmi versiyaya görə, "asayişi bərpa etmək" adı ilə paytaxt Bakıda və ətrafında yüzlərlə dinc vətəndaşı qətlə yetirib və yaralayıb.

"Vəzirov Moskvanı aldadırdı"

Yaxın keçmişdə baş verən hadisənin canlı şahidləri və bu hadisələrdə birbaşa iştirak edən Azərbaycan SSRİ Ali Soveti sədrinin sabiq müşaviri Cahangir Nəcəfov və Aydınlar Partiyası sədrinin birinci müavini, 1990-cı illərdə Azərbaycan Xalq Hərəkatının fəallarından olmuş Qorxmaz İbrahimli həm tarixdə şahidi olduqlarını, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə danışıblar.

Cahangir Nəcəfov həmin tarixi belə xatırlayıb: "O zaman Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın müşaviri idim. Yanvar ayının əvvəllərindən artıq Bakıda gərginlik mövcud idi. O vaxtı Mərkəzi Komitənin birinci katibi, demək olar ki, Azərbaycanı idarə edən Əbdürrəhman Vəzirov idi. Açığını deyim ki, Vəzirov bacarıqsız adam idi. Azərbaycan xalqının mentalitetini bilməyən biri gəlib burada rəhbərlik edirdi".

"Elmira xanım Moskvaya getdi ki, Qarbaçovun başçılığı ilə Kremeldə keçiriləcək iclasda iştirak etsin. İclas əvvəlcə təxirə salındı, daha sonra iclas başladı, Dağlıq Qarabağda və sərhədyani ərazilərdə fövqəladə vəziyyət elan olundu. Vəzirov Moskvanı o zaman aldatmışdı, çünki kvorum yox idi. İllər sonra mən arxivə gedəndə sənədlərdə gördüm ki, kvorumda Elmira xanımın adı var. Halbuki o zaman Elmira Qafarova Moskvada idi. Bu, cinayətdir" — keçmiş müşavir danışıb.

Qorxmaz İbrahimli də canlı şahidi olduğu hadisələr haqqında danışıb. O deyib ki, sonu müstəqilliklə nəticələnən faciə xalq üçün böyük zərbə idi: "Xalq həmişə əsgər görməyə öyrənmişdi. Amma xalqın gördüyü əsgərlər heç vaxt kimisə öldürməzdi. Hətta tanklarına qərənfil sancardılar. Xalq Hərəkatı həm müstəqillik, həm Qarabağ uğrunda savaşa çevrildi. 20 yanvarda ermənilər bizə arxadan zərbə vurmağa başladılar. SSRİ-nin öncə qurduğu "A" planı baş tutmadı və yanvar ayının 20-də "B" planına keçdilər".

"Bakıdakı ermənilərin hadisələrdən ziyan görməməsi üçün onları qoruyurduq"

"Hadisə 19 yanvar axşam 23:00-də başladı. Əsgərlər güllə atmağa başladılar. Hətta biz yolda avtobusda gedərkən bizim də avtobusa güllə atdılar. Cəmi iki saatda nə qədər günahsız insanı öldürdülər. Qarşılarına kim çıxırdısa, vururdular. O zaman mən Ali Hərbi Məktəbdə idim, oradan Səttarxan adına zavoda getdik. Orada olduğumuz zaman əsgərlər zavodu əhatəyə aldılar. Nədənsə oranı partlatmadılar, içəri də daxil olmadılar. Elə olsaydı, yəqin ki, mən də 20 Yanvar şəhidi olardım" — deyən Q.İbrahimli bildirib ki, ermənilər də 20 Yanvar faciəsindən istifadə edib Naxçıvana hücuma keçdilər və bizə arxadan zərbə vurmağa çalışdılar.

"Xalq həmin gecə özünü itirmişdi. Üç nəfər azərbaycanli lider olmasaydı, bəlkə də, xalq özünə gələ bilməzdi. Heydər Əliyev ev dustağı olmasına baxmayaraq, qorxmadan konfrans keçirib Mixail Qorbaçovu və Sovet ordusunu tənqid edirdi. Elmira Qafarova bəyanat yaydı. Bəyanatda deyilirdi ki, Azərbaycan xalqı şəhidlərinin qanını heç vaxt bağışlamayacaq. Bəxtiyar Vahabzadə bu prosesdə xalqa çox kömək olub", – deyə Cahangir Nəcəfov qeyd edib.