BAKI, 17 yanvar — Sputnik. İstanbulda qaldığımız hotel otağına çöldən qışqır-bağır səsləri doldu. Cəld pəncərəyə yaxınlaşıb çölə baxdım. Kafenin önündə bir dəstə adamın bir-birini əzişdirdiyini gördüm. Yumruq-təpik vuran kim, bir-birinin başında stol-stul qıran kim!
Davanın içindən sivrilib kənara qaçan ağ köynəkli oğlan telefonunu çıxarıb kiməsə zəng etdi. Onunla dalaşan iki nəfər də yol kənarında dayanan maşına əyləşdi. Çox keçmədi ki, bir sarı taksi bu ağ köynəkli oğlanın yanında dayandı və sürücü ona nəsə uzatdı.
Oğlan bir az əvvəl dalaşdığı adamlara – maşının içində oturan həmin iki nəfərə yaxınlaşıb taksi sürücüsündən aldığı silahı çıxardı və maşının üstünə boşaltdı, daha sonra qaçıb gözdən itdi. Güllələrdən dəlik-deşik olan maşın da Tarlabaşı bulvarı ilə uzaqlaşdı.
Mən İstanbulda bu cür hadisələrə bir neçə dəfə şahid olmuşdum. Dostum isə ilk dəfə idi ki, belə hadisə ilə qarşılaşırdı və qorxudan əl-ayağı əsirdi. Bir anlıq hansısa ədəbi hissimə qapılıb ona belə dedim: "Görürsən, bu şəhərdə yazmaq üçün nə qədər mövzu var?"
Onun gözündə necə göründüm, bilmirəm, amma hadisəyə bu cür münasibətimdən sonra insan talelərinə xammal kimi baxdığım üçün özümü xeyli danladım. Sonra da öz tənbehlərimə çox sadə cavab tapdım: "Bu, mənim işimdir".
İnsan əzabları olmasaydı, ədəbiyyat və incəsənət də olmayacaqdı yəqin. Xoşbəxtlik və gözəllik ədəbiyyatın olsa-olsa, saçı, kirpiyi, qaşı və dırnağı olar. Amma sənətin əti, qanı, sümüyü, iliyi, əzələsi, damarı dərddir, əzabdır, işgəncədir, faciədir, müharibədir, ayrılıqdır, kədərdir, hüzndür, ölümdür və digər insan fəlakətləridir.
Uzun-uzun düşündüm: Görəsən, o ağ köynəkli oğlan həmin an üçün necə bir qəzəbə qapıldı ki, asanlıqla silah əldə edib və eyni asanlıqla da həmin silahla iki insana atəş aça bildi? Mənə həmin an qatilin və qurbanın özü qətiyyən maraqlı deyildi. Mənə maraqlı olan onların hiss və həyəcanları, taleləri idi ki, işim gərəyi lazım olanda istifadə edə bilim.
Vicdan sözünə ən çox ədəbiyyat və incəsənət adamlarının yaradıcılıqlarında rast gəlirik. Vicdanın mahiyyətini dərk etmək üçün də müxtəlif sənət nümunələri bizə yardımçı olur. Lakin ədəbiyyat və incəsənət adamları insan əzablarını xammal kimi götürüb müxtəlif məhsullar istehsal edir, üstəlik, bu məhsullarla pul qazanır. Bu vicdana zidd deyilmi?
Əslində, buna məntiqli bir izah tapa bilmirəm. Bu şablonları çox eşitmişik ki, sənət ibrət üçündür, gələcəkdə belə halların qarşısının alınmasına kömək edir, insanlara müsbət keyfiyyətlər aşılayır və s. və i.
Bəs minillərdir ibrət üçün yazılan bu qədər sənət nümunələri niyə insanların işinə yaramadı? Əgər bu gün bir insan başqa bir insana asanlıqla silah çəkə bilirsə, Dostoyevskinin "Cinayət və cəza"sı dünyaya nə fayda verib, görəsən?
Kim bilir, hansı səbəbdən dalaşdığı adamların üstünə güllələr boşaldan o ağ köynəkli oğlanı düşünürəm. Bu ki hansısa əsər deyil və bu silah çəkən oğlan Raskolnikova oxşamır. Bəs Raskolnikov kimdir? Dostoyevskinin uydurması! Onda cinayətkar kimdir? Heç vaxt olmayan və heç vaxt heç kəsi öldürməyən Raskolnikovmu, yoxsa onu yaradan və onu bu cinayətə sürükləyib sonra da ittiham edən Dostoyevskimi?