CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ləman Süleymanova: "Arıqladıcı kokteyldən 15 yaşlı qız dünyasını dəyişib" - MÜSAHİBƏ

Diyetoloq: "Bəzi işbazların pul qazanması üçün bu dərmanlar satışa çıxarılıb"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Son illər dünya əhalisinin ən böyük problemlərindən biri də artıq çəkidir. "Fast-food" dediyimiz tez hazırlanan yeməklər, oturaq iş rejimi, keyfiyyətsiz qidalar maddələr mübadiləsini pozur və insanlarda piylənmə gedir. Piylənmədən əziyyət çəkən insanlar da əks təsirlərini nəzərə almadan diyet saxlamağa, müxtəlif preparatlardan istifadə etməyə başlayırlar. Təbii ki, kortəbii arıqlamaq insan orqanizmi üçün çox təhlükəlidir. Həkim nəzarəti olmadan arıqlamaq sonradan bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.

Piylənmə kişiləri "qadınlaşdırır"

Diyetoloq Ləman Süleymanova piylənmə, artıq çəki ilə necə mübarizə aparmaq lazım olduğunu və düzgün diyet saxlamağın qaydalarını Sputnik Azərbaycan oxucuları üçün danışıb.

- Azərbaycanda diyetoloqa tələbat nə dərəcədədir?

— Ümumiyyətlə piylənmə problemi nəinki Azərbaycanda, bütün dünyanın qlobal problemlərindən biridir. Statistikaya görə, hər il piylənmədən əziyyət çəkənlərin sayı durmadan artır. Azərbaycanda da eyni problemlər mövcuddur. 2010-cu il ilə müqayisədə bu il piylənmədən əziyyət çəkən insanların sayı dəhşətli dərəcədə artıb. Səbəblər isə çoxdur. Bunlardan ən birincisi düzgün qidalanmamaqdır. Xüsusilə qadınlar hamiləlik zamanı düzgün qidalanmalıdır. Azərbaycanda qadınlar düşünür ki, hamiləlik zamanı çox yemək lazımdır ki, uşaq böyük və sağlam olsun. Bu, düzgün fikir deyil. Çünki qadın hamiləlik zamanı düzgün qidalanmadıqda körpə ana bətnində artıq piylənmənin təməlini qoyur. Bunun da əksər vaxt günahkarı analar və qayınanalardır.

Hamilələr az və sağlam qidalar yeməlidir. Körpələrə ana südü verilməlidir ki, həm sağlam olsunlar, həm də düzgün qidalansınlar. Bir yaşından böyük olan uşaqlar isə yemək yeyən zaman düzgün qidalandırmaq lazımdır. Uşaqlar "fast-food" qidalarından yeməməlidirlər. Və ən əsası, uşaqların yeməkləri uşaq mədəsinə uyğun normada olmalıdır. Analar uşaqlarına böyük adam üçün nəzərdə tutulmuş həcmdə yemək çəkirlər. Bu da uşaq yaşlarından piylənməyə səbəb olur.

- Azərbaycanda piylənmədən ən çox hansı yaş həddində insanlar əziyyət çəkir?

ABŞ alimləri: Köklük yaşlılar üçün faydalıdır

— Piylənmədən ən çox uşaqlar əziyyət çəkir. Mənim yanıma gətirilənlər arasında 12 yaşlı qız uşaqları var ki, onların çəkisi 80-90 kiloya çatır. Hətta bir müddət öncə 14 yaşlı 145 kilo olan oğlan uşağı gətirmişdilər. Valideynlərinə sual verirəm ki, niyə uşağı 145 kiloya çatdırmısınız? Cavab verirlər ki, uşağın toppuş olması xoşlarına  gəlir. Ona görə də yaxşı yedizdiriblər, o da belə vəziyyətə gətirib çıxarıb. Onu da qeyd edim ki, uşaqların belə piylənmə səbəblərindən biri də repetitor yanına getmələridir. Onlar gün ərzində bir neçə müəllim yanına gedirlər və həddindən artıq çox yüklənirlər. Bu zaman beyin də yüklənir, uşaq vaxtı-vaxtında düzgün qidalanmır və piylənməyə səbəb olur.

- Adətən insanlar ac qalmaqla arıqlamağa cəhd edirlər. Bu, nə qədər effektlidir?

— Bəli. İnsanların bəziləri ac qalmaqla arıqlamağa cəhd edirlər. Təəssüflər olsun ki, bu da sonradan böyük fəsadlara səbəb olur. Əksinə, sonradan itirdikləri çəkidən 2-3 dəfə çox çəki yığırlar. Çünki ac qalmaqla insanın piy qatı arıqlamır, onun vitamin toplusu və suyu bədənindən gedir və bununla da başı ağrıyır, ürəyi bulanır, immuniteti zəifləyir və nəticə əldə edə bilmirlər. Qəti şəkildə belə halların əleyhinəyəm.

- İnternet səhifələrində çox sayda diyetlər var. Onlardan birini seçib, diyetoloqsuz arıqlamaq mümkündürmü?

— İnternetdə olan bütün diyetlər kortəbiidir. Hər bir kəs diyetə başlamazdan öncə diyetoloqa müraciət etməlidir və qan analizləri verməlidir. Daha sonra daxili orqanları öyrənilir və nəhayət xəstənin psixologiyası araşdırılır. Bundan sonra müraciət edən şəxsə uyğun pəhriz menyusu hazırlanmalıdır.

Möcüzəvi arıqlama resepti

- Diyetoloqsuz istənilən diyeti saxlamaq hansı xəstəliklərə səbəb ola bilər?

— Kortəbii diyet saxlamaqla əks təsirlər görmək olar və pəhriz saxlayan şəxs əksinə olaraq çox çəki qazana bilər. Və ya orqanizmdə elə problem yarana bilər ki, həkim nəzarəti olmadan saxlanılan diyet nəticəsində daxildə gedən gizli xəstəlik aktivləşə bilər. Ac qalmaq və doğru diyet saxlamamaq, hətta mədə xərçənginə belə səbəb ola bilər. Qadınlarda erkən klimaktik dövr yaşana və erkən qocalmaya səbəb ola bilər.

- Analar uşağına süd verən zaman daha çox kökəlir, yoxsa arıqlayır?

— Hər bir orqanizm fərqlidir. Amma öncədən bildirim ki, əksər xanımlar süd verdikləri dönəmdə kökəlirlər. Bu da yenə ana və qayınanaların günahıdır. Çünki ana və qayınanalar nədənsə düşünürlər ki, süd verən ana çox yeyəndə, xüsusilə xəmir yeməkləri, süd çoxalır. Bu isə südə təsir etmir, əksinə qadının artıq çəki yığmasına səbəb olur. Eyni zamanda arıqladıcı çaylar və yaşıl çay da uşaqların orqanizminə qəti ziyandır. Ona görə süd verən anaların qidalanan zaman diqqətli olmaları lazımdır.

- Çox reklam edilən arıqladıcı çaylar və kokteyllərdən istifadə etmək olar?

Piylənmə bəlasının çarəsi tapıldı

— Qəti şəkildə. Belə preparatların əleyhinəyəm. Bu preparatlar bəzi işbazların pul qazanması üçün satışa çıxarılıb. Həmin dərman vasitələri arıqlatmır, əvəzində daxili orqanları sıradan çıxarır. İllərlə qazandıqları çəkini xanımlar tez bir zamanda itirmək istəyirlər. Bu da fəsadlara səbəb olur. Hətta bu kokteyldən 15 yaşlı bir qız uşağı dünyasını dəyişib. Mənə 2 il öncə zəng gəldi. Bir xanım idi. Dedi ki, qızımın artıq çəkisi var, indi xəstədir düzəlsin, gətirəcəyəm yanınıza. Zəngdən 1 il keçdi, həmin xanım yenidən zəng elədi və bildirdi ki, qızım bizdən xəbərsiz arıqlamaq üçün kokteyl alıb içib və bu da onun qaraciyərini sıradan çıxarıb. Bizim xəbərimiz olmadan bu hadisə baş verib. Nəticədə qızın həyatını qurtarmaq mümkün olmayıb.

- Diyet əsnasında sürətli arıqlamaq üçün idman mütləqdir?

— İdman gözəldir. Fiziki aktivlik xərçəng xəstəliyinə tutulmanı azaldır. Xəstəliklərdən insanları sığortalayır. Gün ərzində 35-40 dəqiqə gəzmək kifayətdir ki, sağlam həyat sürəsiniz.

- İndiyə kimi hansı xəstəniz rekord həddə arıqlayıb?

— 200 kilo olan xəstəm Ramin 85 kiloya düşüb. 5-6 ay qədər 135 kiloya düşdü. Sonra da davam etdik və 1 il 6 aya 85 kiloya kimi arıqladı.