Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd olunub

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xankəndi şəhərində keçirilən paradda iştirak ediblər
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xankəndi şəhərində keçirilən paradda iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 27.06.2024
Abunə olmaq
Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin qeyd edib ki, iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edir.
BAKI, 27 iyun — Sputnik. Moskvada Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd olunub.
Bu əlamətdar gün münasibətlə təşkil olunan qəbulda Rusiyanın müdafiə nazirinin müavinin Aleksandr Fomin, xarici ölkələrin səfirləri, hərbi attaşelər və Rusiyanın hərbi ekspert icmasının tanınmış nümayəndələri iştirak ediblər.
Tədbiri açan ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyətə malikdir. Ərazi bütövlüyümüzün və bütün torpaqlarımız üzərində suverenliyimizin bərpa olunmasından sonra Azərbaycan xalqı bu əlamətdar günü ölkəmizin bütün ərazisində qeyd edir.
Səfir qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan Silahlı Qüvvələrinin tarixində yeni səhifə açılıb: O əlavə edib: "Azərbaycan üçün ən ağır illərdə, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyi dövrdə Heydər Əliyevin tapşırığına əsasən, həmin vaxt ən yaxşı zabit kadrları ordunun yaradılmasına cəlb edilib, peşəkar hərbi hazırlığın əsasları qoyulub. Məhz onun 22 may 1998-ci il tarixli Fərmanı ilə iyunun 26-sı - Əlahiddə Azərbaycan Korpusunun yaradılması günü Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib".
Səfir Azərbaycan Silahlı Qüvvələrinin hazırda öz mövcudluğunun ən şərəfli mərhələsində olduğunu və dünyanın ən güclü orduları sırasında yer aldığını, 44 günlük Vətən Müharibəsində Azərbaycanın bütün regionda hərbi qüdrətini nümayiş etdirən tarixi Qələbənin də bunu sübut etdiyini vurğulayıb. O deyib: "Ordumuz nə qədər yüksək mənəvi və fiziki keyfiyyətlərə, onun əsgər və zabitlərinin yüksək vətənpərvərlik hisslərinə malik olduğunu göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad edərək, dünyaya yeni nəslin müharibə nümunəsini göstərdi".
Səfirin qeyd etdiyi kimi, Azərbaycan öz həllini tapmamış problemlə - işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə və məcburi köçkünlərin öz evlərinə qayıtmasına mane olan mina terroru ilə üz-üzədir: "Ermənistan tərəfindən ərazilərimizin 30 ilə yaxın davam edən işğalı səbəbindən Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir. Ümumilikdə, Ermənistanın ölkəmizə hərbi təcavüzü başlayandan indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib və bu rəqəm artmaqda davam edir. Hazırda ölkəmiz bu problemin həlli istiqamətində beynəlxalq aləmdə təşəbbüslər irəli sürür və minalarla çirklənmənin nəticələrinin aradan qaldırılmasında dünya ictimaiyyətindən siyasi və əməli dəstək gözləyir".
Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin Rusiya Federasiyası Müdafiə Nazirliyi və şəxsən müdafiə naziri adından Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. O qeyd edib ki, iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edir.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin hərbi attaşesi polkovnik Kənan Təhməzov da çıxış edib.
Xəbər lenti
0