Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Sürücülər parklanmaya görə hansı hallarda cərimələnirlər? AYNA-dan xəbərdarlıq!

© Sputnik / Anar MustafayevParkinq, arxiv
Parkinq, arxiv - Sputnik Azərbaycan, 1920, 27.06.2024
Abunə olmaq
Vətəndaşın seçiminə və ixtiyarına buraxılan hər bir ödəniş üsulunda – istər SMS, istərsə də mobil tətbiq vasitəsilə – balansda vəsaitin olması mütləqdir.
BAKI, 27 iyun — Sputnik. Ödəniş etmədən parklanma yerlərini tərk edən sürücülər üçün cərimələrin artırılması "AzParking" elektron sistemi ilə bağlı müəyyən suallar yaradıb. Sputnik Azərbaycan Azparkinq sistenində yaranmış problemə görə ödənişdə çətinlik yaranan zaman məsuliyyətin kimin üzərində qalacağını araşdırıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, parklanma ilə bağlı daxil olan şikayətlər müvafiq şöbədə araşdırılaraq vətəndaşa cavab verilir. Əgər sistemdə yaranmış problemə görə ödəniş etmək mümkün olmayıbsa, bu zaman sürücüyə heç bir cərimə tətbiq olunmur.
Məlumat üçün bildirək ki, ödəniş etmədən parklanma yerlərini tərk edən sürücülər üçün cərimələr artırılacaq, həmçinin onlar inzibati məsuliyyətə cəlb ediləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
AYNA-dan isə bildirilib ki, parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərinin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Hər bir zona üzrə məntəqələr təşkil olunaraq məlumat lövhələri ilə təchiz edilib.
"Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı və parklanma məntəqəsinin nömrəsini "1181" qısa nömrəsinə göndərməlidirlər. Sürücülər avtomobili park etdikləri məntəqə ilə mobil tətbiqdə seçdikləri məntəqə nömrəsinin eyniliyinə əmin olmalıdırlar. Mobil tətbiqdəki məntəqə sıralamasından onlara aid olduğu düzgün seçilməlidir. Bir yalnış rəqəm cərimələnməyə səbəb olur" - cavabda bildirilib.
O da qeyd edilib ki, hər bir parklanma məntəqəsində parklanmanın və ödənişlərin həyata keçirilməsi qaydalarını əks etdirən lövhələr quraşdırılıb. Sürücülər məlumat lövhələrindəki informasiyaya uyğun olaraq parklanma prosesini reallaşdıra bilərlər.
Xatırladaq ki, parklanmanı sonlandırmaq istəyən sürücü SMS-lə başlatdığı prosesi elə həmin nömrəyə "SON" yazaraq dayandırmalıdır. Bu zaman vəsait mobil operatorun balansından çıxılır. Parklanma xidməti "AzParking" mobil tətbiqi üzərindən həyata keçirilirsə, bu zaman ödəniş tətbiqə yatırılan vəsaitdən (balansdan), yaxud da ona bağlanmış bank kartından çıxılır.
AYNA-dan o da qeyd edilib ki, vətəndaşın seçiminə və ixtiyarına buraxılan hər bir ödəniş üsulunda – istər SMS, istərsə də mobil tətbiq vasitəsilə – balansda vəsaitin olması mütləqdir.
""AzParking" tətbiqindən istifadə zamanı mobil cihazda internetin olması da vacibdir. Sürücü parklanmaya görə ödənişin həyata keçirildiyinə əmin olduqdan sonra parklanma yerini tərk etməlidir. Parklanma yerini ödəniş etmədən tərk edənlər isə inzibati məsuliyyətə cəlb olunur. Yaranmış suallarla isə məlumat lövhəsində də qeyd edilən AYNA-nın 141 - Çağrı Mərkəzinə müraciət etmək mümkündür. Daxil olan şikayətlər isə müvafiq şöbədə araşdırılaraq vətəndaşa cavab verilir" - AYNA bildirib.
Parklanma yerini ödəniş etmədən tərk etməyə görə cərimə hazırda 10 manatdır. Dəyişikliklə nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat məbləğində cərimə ediləcək.
Digər dəyişikliklə parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda 20 manat məbləğində cərimə olunacaq.
Hazırkı qanunvericilikdə bildirilir ki, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə 10 manat məbləğində cərimə edilir. Daha bir dəyişikliklə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 20 manat məbləğində cərimə ediləcək. Hazırda bu məbləğ 10 manatdır.
Bundan əlavə, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 manat məbləğində cərimə ediləcək. Hazırda bu məbləğ 10 manatdır.
15.04.24, 09:30
Bakının dərdi var, Bakı xəstədir: Parkinq qiymətləri ceyran belinə niyə qalxıb?
Bakıda avtoparklar inşa olunmalıdır. Əks halda parklanma yerlərində qiymət artımı davamlı olacaq.
Bu sözləri Sputnik Azərbaycan-a son günlər parklanma yerlərində qiymət artımını şərh edən əmlak eksperti Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, artıq yaşayış binalarında da parklanma qiymətlərində bahalaşma olduğu barədə məlumatlar yayılır. Bəzi binalarda MTK rəhbərliyi zirzəmilərindəki parklanma yerlərini icarəyə verə bilir.
"Bakıda avtoparklara təlabat artıb. Buna səbəb yeni inşa olunan binaların birinci mərtəbələrinin iaşə obyektləri kimi istifadə olunmasıdır. Hər binanın birinci mərtəbəsi iaşə obyekti olduğundan, insanlar bu xidmətlərdən istifadə etdikdə parklanma yerlərinə təlabat artır. Bura gələn şəxslərin böyük əksəriyyəti avtomobillə gəlir. Lakin həmin obyektlərin avtomobil saxlamaq üçün yeri olmur. Bu da böyük problemlərdən biridir. Əvvəllər köhnə binaların həyətində avtomobil saxlamaq üçün boş yerlər olurdu. Yeni binalarda isə belə yerlər yoxdur. İnsanlar məcbur olub avtomobili ya iaşə obyektlərinin qarşısında saxlayır, yaxud da yaxında parklanma yeri axtarır. Bakıda isə parklanma yerlərinin sayı tələbata uyğun deyil. Ona görə də yeni avtoparklar yaradılmalıdır" - Elnur Fərzəliyev bildirib.
© Sputnik / Murad OrujovElnur Fərzəliyev
Эксперт в области недвижимого имущества, экономист Эльнур Фарзалиев - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Elnur Fərzəliyev
Ekspert əlavə edib ki, çoxmənzilli binalar tikilərkən parklanma mütləq nəzərə alınmalıdır. Çünki paytaxtda insan sayı getdikcə artır. Bu səbəbdən də avtomobillərin sayı artır.
Onun fikrincə, Bakının yeni Baş Planına əsasən, binalar söküləndə belə hallar mütləq nəzərə alınmalıdır. Son illərədək çoxmərtəbəli binaların inşası zamanı tikinti şirkətlərinə zirzəmilərdə parklanma yerlərinin inşası tələbi qoyulmayıb. Bu isə paytaxtda sıxlığın yaranmasına, parklanma yerlərinin çatışmazlığına səbəb olub.
Ekspert deyir ki, problem dövlət səviyyəsində həll olunmalıdır. Parklanma yerləri ayrılmalı, bunun üçün vəsait xərclənməlidir. Əks halda bu sahədə qiymət artımı davamlı olacaq.
E.Fərzəliyevin sözlərinə görə, vətəndaşlar yeni tikililərdən mənzil alarkən ilk növbədə çoxmənzilli binanın layihə sənədinə diqqət yetirməlidirlər. Əgər sözügedən sənəddə zirzəmi hissəsi avtodayanacaq kimi layihələndirilibsə, dayanacaqların satışı həyata keçirilə bilər və həmin dayanacaqlara görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması mümkündür.
Qeyd edək ki, 1 aprel tarixindən etibarən Azadlıq meydanınındakı yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflərin tətbiqinə başlanılıb.
0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. "Qonşular" paketinə görə 75 AZN ödəniləcək.
Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb. Yeni tariflər aprelin 1-dən tətbiq edilir.
Gündəlik tariflər aşağıdakı kimi olacaq:
0-2 saat – 1 manat;
2-4 saat – 2 manat;
4-6 saat – 3 manat;
6-10 saat – 4 manat;
10-12 saat – 5 manat;
12-24 saat – 8 manat.
Aylıq tariflər isə belə olacaq:
Bir günə 12 saatlıq – 80 manat (köhnə tarif 30 manat);
Bütün günü (24 saatlıq) – 120 manat (60 manat);
Qonşular tarifi – 50 manat (20 manat).
Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.
Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.
Xəbər lenti
0