Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng edib

© Official website of President of Azerbaijan RepublicAntoni Blinken İlham Əliyevlə
Antoni Blinken İlham Əliyevlə  - Sputnik Azərbaycan, 1920, 21.06.2024
Abunə olmaq
Prezident İlham Əliyev regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu qeyd edib.
BAKI, 21 iyun - Sputnik. ABŞ dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.
Dövlət katibi ABŞ-ın Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələr arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb.
Antoni Blinken ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib. Onu da əlavə edib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək.
Prezident İlham Əliyev regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu qeyd edərək ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini vurğulayıb. ABŞ-nin sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlət başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımdan vacibliyini qeyd edib.
Prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə edib.
Prezident İlham Əliyev enerji sahəsində ölkələr arasında çoxillik uğurlu əməkdaşlığa toxunub, iqlim dəyişikliyi və COP29-a hazırlıq prosesi çərçivəsində ölkələrin nümayəndə heyətləri arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib və COP29-un uğurla nəticələnməsi üçün ABŞ-nin dəstək niyyətinə görə təşəkkür edib.
Dövlət başçısı Azərbaycanın da ABŞ ilə əlaqələrə əhəmiyyət verdiyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını dəstəklədiyini bildirib.
Telefon danışığı əsnasında ölkələr arasında ali səviyyədə məktub mübadilələri, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən məmnunluq ifadə edilib, həmçinin insan hüquqları və demokratiya, ölkələrin daxili qanunlarının aliliyinə hörmət kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
17.02.24, 19:10
Əliyev və Blinken Münhendə danışıqlar aparıblar
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub. Bu barədə Azərtac xəbər yayıb.
Dövlətimizin başçısını salamlayan Antoni Blinken deyib:
Hər vaxtınız xeyir, cənab Prezident. Prezident Əliyevlə görüşmək imkanını çox yüksək qiymətləndirirəm. Son bir neçə ildə bizim görüşmək və söhbət etmək üçün bir çox imkanımız olub. Hesab edirəm ki, indiki zaman kəsiyi Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacibdir. Biz bu məsələni ciddi dəstəkləyirik. Bu tədbirin uğurlu olması, eyni zamanda, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir. Danışılacaq çoxlu mövzular var. Cənab Prezident, bu gün bizimlə görüşə vaxt ayırdığınıza görə təşəkkür edirəm.
Prezident İlham Əliyev deyib:
Təşəkkür edirəm, cənab Dövlət katibi. Siz də qeyd etdiyiniz kimi, COP29 bizim ikitərəfli gündəliyimizin önəmli bir hissəsidir. Bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir və biz cari ildə bütün təşəbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik. Cənab Dövlət katibi qeyd etdiyi kimi, gündəlimiyizdə daha bir məsələ var və bu da Qafqazda regional vəziyyətdir, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir. Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm.
x x x
Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı İlham Əliyev öz növbəsində vurğulayıb ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.
ABŞ Dövlət katibi COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu deyib.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaradır.
Dövlətimizin başçısı ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğulayıb, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd edib və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirib.
Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir.
Söhbət zamanı regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü baş tutub.
Xatırladaq ki, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 18-ə qədər davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0