Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakının tarixi binalarının başına daha hansı oyunlar açılacaq? Yeni komissiya yaradılır

© AFP 2024 / GIUSEPPE CACACEBakıya mənzərə
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 21.06.2024
Abunə olmaq
BŞİH paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
BAKI, 21 iyun — Sputnik. Bakıda tarixi binaların fasadlarında aparılan cari təmir işlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılması məqsədilə xüsusi Komissiya yaradılır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, BŞİH paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Müşavirədə bir sıra məsələlər müzakirə edilib.
Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən monitorinq qrupları rayonlar üzrə mütəmadi olaraq reydlər keçirir və mövcud çatışmazlıqlar müəyyən edilərək aradan qaldırılması üçün aidiyyəti qurumlara və yerli RİH-nə göndərilir.
Qeyd olunub ki, paytaxt ərazisində təmizlik məsələlərinin daha da yaxşılaşdırılması məqsədi ilə Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentinin rəhbərliyinə tövsiyə edilib ki, rayon MKTB-nin rəhbərləri ilə birgə bu məsələlər müzakirə edilsin, aşkar edilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görülsün. Həmçinin şənbə günü təmizliklə bağlı ümümşəhər daxili iməcliyinin keçirilməsi tapşırılıb.
Məlumatda bildirilib ki, paytaxtın rayonlarında tarixi binalarının fasadlarında aparılan cari təmir işlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılması məqsədilə xüsusi Komissiya yaradılsın və onun üzvləri aidiyyəti qurumların nümayəndələri ilə birgə təmir işlərinin monitorinqini həyata keçirsinlər.
20.06.24, 17:46
Bakıda rənglənən tarixi binalarla bağlı rəsmi açıqlama
Son günlər Bakı şəhərində yerləşən bir sıra memarlıq abidələri olan binalarda aparılan təmir-bərpa və abadlıq işləri ictimaiyyət arasında müzakirələrə yol açıb. Bu narahatlıq bəzi tarixi bina fasadlarının, o cümlədən daşla üzlənmiş binaların rənglənməsi işlərinə başlanılmasıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, aparılan abadlıq işlərinin səbəbi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində paytaxt ərazisində bir sıra binalarda, o cümlədən memarlıq abidələrində təmir-bərpa işlərinin həyata keçirilməsidir:
"Bir daha xatırladırıq ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılaraq, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Hal-hazırda həyata keçirilən işlərin təcililiyini nəzərə alaraq, yaranan problemləri yerində həll etmək məqsədi ilə sözügedən təşkilatların əməkdaşlarından ibarət olan işçi qrup yaradılıb. Daimi olaraq müvafiq işlərin aparıldığı tarixi binalara baxış keçirir, görülən işlər nəzarətdə saxlanılır. Sözügedən tədbirlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Memarlar İttifaqı ilə birgə müvafiq işləri həyata keçirən "Bakı Abadlıq Xidməti" MMC ilə koordinasiyalı şəkildə təmin edilməsi üçün tədbirlər görülüb".
Qeyd olunub ki, son illər ərzində abidələrin məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz qalıb- qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənib, balkon və eyvanlar şüşələnib, fasadlarda müxtəlif naqillər və borular çəkilib, birinci mərtəbələrdə fasadlar müasir materiallarla üzlənib, kondisionerlər və reklamlar quraşdırılıb:

"2000-ci illərin əvvəllərində yuxarıda qeyd olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi təmizlənməsi, o cümlədən qəbuledilməz üsullarla, eləcə də bir çox binaların, o cümlədən daş binaların bir rəngə boyanması baş verib. Bəzi hallarda memarlıq abidələrinin nəinki tarixi görkəmi itirilib, tikililərə bərpası mümkün olmayan ziyan dəyib. Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib çıxarıb ki, bu gün daş örtüklərin müəyyən yerlərdə, xüsusilə abidələrimizə gözəllik yaradan təkrarsız memarlıq detallarının ovulması baş tutub".

Həmçinin vurğulanıb ki, uzun illər ərzində müxtəlif müdaxilələrə məruz qalmış fasadların görkəminə qaytarılması, eyni zamanda qopmuş, qırılmış yerlərinin bərpası, kommunikasiya xətlərinin və məişət qurğularının səliqəyə salınması həyata keçirilir.
"Qeyd olunanlarla bağlı uzun illər öncə görkəmi dəyişdirilən və ona uyğun olaraq yenidən rənglənən fasadların təmizlənməsi təmin olunur. Fasadların daş hissələri, o cümlədən son illərdə rənglənmiş daş fasadlar təzyiq altında su ilə təmizlənir. Lakin əvvəlcədən daşla üzlənməyən binaların hissələri tikinti zamanı istifadə olunan orijinal rəngə mümkün qədər uyğun gələn rənglə boyanacaq. Təmir-bərpa və abadlıq işlərinin tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına ciddi nəzarət olunur", - deyə məlumatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0