Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Peşə hazırlığına cəlb olunan şəxslərə verilən təqaüd iki dəfə azaldılır: Səbəb nədir?

© Photo : State Agency on Vocational EducationSənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Abunə olmaq
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib ki, təqaüd xərclərinin optimallaşdırılması hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına şərait yaradacaq.
BAKI, 4 iyun — Sputnik. Peşə hazırlığına cəlb olunan şəxslərə verilən təqaüdün məbləği 2 dəfə azaldılır.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan "Məşğulluq haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq qurumun göndərişi ilə peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd veriləcək. Hazırda isə peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.
Sənədin arayış hissəsində qeyd edilir ki, ölkə üzrə minimum aylıq əməkhaqqının hər il artırılması qeyd olunan təqaüd məbləğinin də artmasına gətirib çıxarır. Bu isə sui-istifadə halları yaradaraq, işlə təmin edilmə imkanları olan şəxslərin ehtiyac olmadığı halda peşə hazırlığına üstünlük vermələri ilə nəticələnməklə, peşə hazırlığına həqiqətən ehtiyacı olan şəxslərin bu imkandan istifadə etmələrinə əngəl yaradır.
Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024‒2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı"nda işğaldan azad edilmiş ərazilərdə məskunlaşan 12 min nəfərin 2026-cı ilədək peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulub.
Bildirilib ki, bu dəyişiklik qəbul ediləcəyi təqdirdə qalan vəsait hesabına işğaldan azad edilmiş ərazilərdə daha çox şəxsin peşə hazırlığının təşkili mümkün olacaq.
"Məşğulluq haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, peşə hazırlığına cəlb olunanların təqaüdü dəyişməyə bilərdi:
"Amma əsas məqsəd peşə hazırlığına gedənlərin vaxt öldürməməsi, peşələrə yiyələnməsidir".
Hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına şərait yaranacaq
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib ki, təqaüd xərclərinin optimallaşdırılması hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına şərait yaradacaq: "Bu təqaüdün məbləğinin aylıq minimum əməkhaqqına bağlılığı saxlanacaq. Gələcəkdə minimum əməkhaqqı artanda bu təqaüd də artacaq. Beynəlxalq təcrübədə şəxslərə minimum əməkhaqqı məbləğində təqaüd ödənilməsi təcrübəsi yoxdur. Biz təqaüd xərcləri ilə yanaşı peşə hazırlığına cəlb olunmuş şəxslərin nəqliyyat xərclərini də təmin edirik. Peşə hazırlığı heç bir halda təqaüd almaq məqsədi daşımamalıdır, peşə hazırlığına cəlb olunan şəxs harada işləyəcəyini müəyyən etməlidir".
Qeyd edək ki, "Məşğulluq haqqında" qanuna görə peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və yeni ixtisasa (peşəyə) yiyələnmək üçün peşə təhsili almasıdır.
Peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda 6 ayadək müddətdə həyata keçirilir.
Peşə hazırlığının təşkili zamanı şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər.
Xatırladaq ki, bu il ölkədə minimum əməkhaqqı 345 manatdır.
Xəbər lenti
0