Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Daha bir əməliyyat icbari tibbi sığorta hesabına pulsuz aparılacaq

© AFP 2023 / GUILLERMO ARIASəməliyyat
əməliyyat  - Sputnik Azərbaycan, 1920, 21.06.2024
Abunə olmaq
Bu əməliyyat laparoskopik, abdominal və vaginal üsullarla aparılır.
BAKI, 21 iyun — Sputnik. Azərbaycanda icbari tibbi sığorta hesabına daha bir əməliyyat, histerektomiya – uşaqlığın çıxarılması əməliyyatı ödənişsiz həyata keçirilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2022-ci ildən 2024-cü ilin ilk 4 ayını əhatə edən dövr ərzində icbari tibbi sığorta hesabına 13 250 histerektomiya əməliyyatı icra olunub. Gecikmiş reproduktiv və premenopauzal dövrlərdə uşaqlığın mioması, müalicəyə tabe olmayan uşaqlıq qanaxmaları, endometrioz (uşaqlığın daxili təbəqəsi), hamiləlik və doğuş vaxtı uşaqlığın zərər görməsi, uşaqlıq boynu xərçəngi əməliyyat üçün göstəriş hesab edilir. Xüsusilə uşaqlıq və ya yumurtalıq xərçəngi olan xəstələrdə bu əməliyyatın aparılması zəruri hal alır ki, bu da xəstəliyin ciddi fəsadlara yol açmasının qarşısını almağa köməklik göstərir. Bu əməliyyat laparoskopik, abdominal və vaginal üsullarla aparılır. Laparoskopik histerektomiya qarın boşluğunda çox kiçik dəliklər açmaqla, abdominal histerektomiya açıq kəsiklə, vaginal histerektomiya isə uşaqlıq yolunun yuxarı hissəsindən aparılan kəsik vasitəsilə icra olunur. Xəstəliyin növündən və mərhələsindən asılı olaraq müvafiq üsul ixtisaslaşmış həkim tərəfindən təyin edilir.
Qeyd edək ki, uşaqlıq yolunda patoloji dəyişiklikləri erkən mərhələdə aşkarlamaq məqsədilə HPV testi (İnsan papilloma virusu), Pap testi (uşaqlıq boynundan yaxmanın götürülməsi və mikroskopiyası), USM, rentgenoqrafiya, histeroskopiya, KT, MRT, sistoskopiya, kolonoskopiya kimi diaqnostik müayinələr icbari tibbi sığorta təminatına daxildir. Bundan əlavə, patoloji dəyişikliklərə şübhə olduqda uşaqlıq boynunun biopsiyası və götürülən materialın histoloji müayinəsi də ödənişsiz şəkildə aparılır. Sözügedən tibbi xidmətlə bağlı ambulator və stasionar şəraitdə aparılan instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, o cümlədən, yatış müddətində manipulyasiyalar, qan və ya qan komponentləri icbari tibbi sığorta tərəfindən qarşılanır.
Histerektomiya əməliyyatının müddəti əməliyyatın aparılma səbəbindən asılı olaraq dəyişsə də, ortalama 1-3 saat davam edir. Histerektomiya əməliyyatı icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutlarında həkim göstərişi əsasında icra olunur.
27.05.24, 23:08
Bu əməliyyat icbari tibbi sığorta təminatına daxildir
Appendiksin çıxarılması icbari tibbi sığorta təminatına daxildir. Bu barədə Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, 2021-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 17 671 appendektomiya icra olunub. Kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı appendisit adlanır. Appendisit kəskin gedişli cərrahi xəstəlikdir. Xəstəlik inkişaf etdikcə soxulcanabənzər çıxıntının mənfəzində iltihabi mayenin toplanması, qan təchizatının pozulması baş verir ki, bu da çıxıntının deşilməsinə (perforasiya) gətirib çıxarır.
Xəstəliyin ağırlaşması hətta ölümə səbəb ola bilər. Ciddi fəsadların qarşısını almaq üçün vaxtında diaqnozun qoyulması və cərrahi əməliyyatın aparılması vacibdir.

Bu xəstəliyin klinik əlamətləri uşaqlarda və yaşlılarda fərqli olsa da, əsas xarakterik əlamətlərinə qarında başlayan ağrının tədricən sağ qalça çuxurunda cəmləşməsidir. Sağ qalça nahiyəsində həmin hissəyə əllə azca basdıqda ağrı şiddətlənərək dözülməz səviyyəyə çatır. Əksər hallarda xəstələrin digər şikayətləri iştahsızlıq, ürəkbulanma, qusma və yüksək hərarətdən olur. Bəzi hallarda xəstəliyin kliniki gedişi simptomsuz olur ki, belə hallar müxtəlif ağırlaşmalarla müşayiət olunur.

Appendektomiya cərrahi əməliyyatı həkim-ümumi cərrah tərəfindən laborator və instrumental müayinələrin nəticələri əsasında açıq və ya laparoskopik üsulla aparılır. Hər iki üsul icbari tibbi sığorta ilə qarşılanır.
Xəstəliyin laborator diaqnostikasında qanın ümumi analizi, sidiyin ümumi analizi, C-reaktiv protein (CRP) və göstərişə görə digər analizlər aparıla bilər. İnstrumental müayinələrdən isə tibbi göstərişə əsasən qarın boşluğunun USM, KT, MRT müayinəsi və rentgenoqrafiyası təyin oluna bilər.
Əməliyyatönü müayinə və həkim konsultasiyası, reanimasiya, anesteziya, stasionar şəraitdə laborator və instrumental müayinələr, manipulyasiyalar, istifadə olunan dərman və tibbi sərf, pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.
Bu əməliyyat icbari tibbi sığorta ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda icra olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0