Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Yasamalın məşhur "Ətçilər" kababxanası sökülür - Reportaj - Foto - Video

© Sputnik / Zulfiyya GuluyevaBakıda Ətçilər sökülür
Bakıda Ətçilər sökülür - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Məcburi köçkünlər obyektlərin onların əlindən alınacağından narahatdırlar.
BAKI, 29 fevral — Sputnik. Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən, uzun illərdir "Ətçilər" kimi tanınan kafelər və ət dükanları olan ərazidə söküntü işləri aparılır. Bu barədə Sputnik Azərbaycan-a həmin obyektlərin sahibləri məlumat veriblər.
Dünən axşam saatlarından başlayaraq Yasamal rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıblar.
Qeyd edək ki, "Ətçilər" kimi tanınan ərazi M.Xiyabani küçəsində yerləşir. Bildirilir ki, burada əsasən Ağdam, Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən istifadə edilən kiçik iaşə obyektləri fəaliyyət göstərir.
Ağdamdan məcburi köçkün düşmüş Mail İmanov bildirib ki, üç ildir ki, burada kiçik iaşə obyekti işlətməklə ailəsinə çörəkpulu aparır. M.İmanovun sözlərinə görə, onlara söküntü işləri barədə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.
© Sputnik / Zulfiyya GuluyevaBakıda Ətçilər sökülür
Bakıda Ətçilər sökülür - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Bakıda Ətçilər sökülür
O bildirib ki, bir neçə ailə bu obyektdən gələn gəlirlə dolanır. Müsahibimiz obyektin artırmasına iki min manatdan artıq xərc çəkdiyini bildirib.
İmanova Solmaz da onlara xəbərdarlıq edilmədən obyektlərinin söküldüyünü söyləyib. O qeyd edib ki, onun da yeganə gəlir yeri bu obyektlərdir.

"Mən xəstə insanam, məcburi köçkünəm. Yeganə qazanc yerimiz bu obyektdir ki, bundan da bizi məhrum edirlər. Amma soruşan yoxdur ki, biz necə dolanırıq. Bir manat köməklik edən yoxdur. Amma sökməyə gəlirlər" - Ağdamdan olan məcburi köçkün bildirib.

Füzuli rayonundan məcburi köçkün düşmüş Şahsuvar Əliyev isə 30 ildir ki, buradan çörək qazandıqlarını söyləyir. Bildirir ki, özü ilə yanaşı bir neçə ailə buradan dolanır:
"Mənim yanımda 23 nəfər işləyir, onlara 12 min manat maaş verirəm. Özüm də bankdan 35 min manat kredit götürmüşəm. İndi gəlib bu obyektləri sökürlər. Deyiblər ki, obyektlərin işığı, suyu da kəsiləcək".
Ş.Əliyev bildirib ki, ərazidə söküntü işlərinin aparılmasının məqsədi iaşə obyektlərinin yerini başqa şəxslərə satmaqdır.
Hadisə yerində olan "Azərsu" ASC-nin Yasamal Rayonu Su-Kanal İdarəsinin nümayəndəsi isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iaşə obyektləri suya qanunsuz qoşulub.
Yasamal Rayon Mənzil Kommunal Təsərrüfati Birliyinin rəhbəri Vüsal Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, burada obyektlərin qarşısındakı artırmalar, kababxanalar ərazidə yaşayanların səki ilə hərəkətinə mane olur. Ərazidə yaşayan sakinlər heyvanların azyaşlı uşaqların gözü qarşısında kəsilməsindən, kababxanaların tüstü qoxusundan şikayət edirlər. Odur ki, ərazidə təmizləmə işləri aparılır.
© Sputnik / Zulfiyya GuluyevaBakıda Ətçilər sökülür
Bakıda Ətçilər sökülür - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Bakıda Ətçilər sökülür
O, hələ ki obyektlərin sökülməsi barədə onlarda məlumat olmadığını söyləyib. Bildirib ki, ərazidə tibb kolleci və Milli Onkologiya Mərkəzi fəaliyyət göstərir. Bu obyektlərin fəaliyyəti xəstələrin, tələbələrin hərəkətinə çətinlik yaradır.
V.Hüseynov bildirib ki, artıq torpaqlar işğaldan azad olunub, odur ki, məcburi köçkünlər mərhələli şəkildə öz ata-baba torpaqlarına geri qayıdırlar. Onlar torpaqlarına qayıtdıqdan sonra artıq burada məskunlaşmağa ehtiyac qalmayacaq.
Qeyd edək ki, qəssabxana və kababxanalar "Ətçilər" adlanan ərazidə 30 ildir fəaliyyət göstərir. Burada satılan ətin və kababın qiyməti ucuz, keyfiyyəti isə yüksək olduğundan iaşə obyektləri müştəri sarıdan heç vaxt korluq çəkməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0