Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakının yeni Baş Planı - hansı rayonlarda, nələr dəyişəcək?

© Sputnik / Murad OrujovBakıya mənzərə, arxiv şəkli
Bakıya mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.01.2024
Abunə olmaq
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, yeni Baş Plan əvvəlcə müvafiq dövlət qurumları ilə razılaşdırılıb.
BAKI, 8 yanvar — Sputnik. "Bakının yeni Baş Planı aidiyyatı qurumlarla razılaşdırıldıqdan sonra təsdiqlənib. Baş Planda 2040-cı ilədək həyata keçirilməsi nəzərdə tutulan layihələrə müxtəlif dövlət qurumları tərəfindən müsbət rəy verilib. Ona görə də Baş Planda nəzərdə tutulmuş layihələrin icrasının məsuliyyəti həmin qurumların üzərinə düşür".
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Məlumat üçün bildirək ki, Bakının yeni açıqlanan Baş Planı geniş müzakirələrə səbəb olub. Baş Planda 2040-cı ilədək həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrasına ölkə vətəndaşlarında bir qədər inamsızlıq var. Buna səbəb isə son illər sıx inşa edilən göydələnlər, dar yollar, yaşıllıqların qırılması və sairədir. Bakının yeni Baş Planı isə 2040-cı ilədək paytaxtın simasının əhəmiyyətli dərəcədə dəyişəcəyini vəd edir. Belə ki, Bakı şəhərinin Baş planında əhali sıxlığı, mobillik, metro və dəmiryol şəbəkəsi, küçə-yollar, avtomobilləşmə səviyyəsi, ekoloji durumun yaxşılaşdırılması, qəbiristanlıqlar, mühəndis kommunikasiya infrastrukturu, elektrik, istilik, su təchizatı, tullantı suları, yağış suları, rabitə sistemi və sair məsələlər öz əksini tapıb.
Memar Cahid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakının Baş Planının hazırlanmasına gecikmişik. Bununla belə memar hesab edir ki, Bakının artıq tikilib başa çatmaq üzrə olduğunu, bu layihələri həyata keçirməyə imkan olmayacağını düşünmək səhv yanaşmadır.
"Bakının mərkəzindən kənarda o qədər boş ərazilər var ki, onlardan səmərəli istifadə edilməlidir. Baş Planın hazırlanması Bakının bundan sonra xaotik tikilməsinin qarşısını alacaq. Hər şey plan əsasında həyata keçiriləcək. Bu plan, bir növ drijor rolunu oynamalıdır. Tutaq ki, Bakıda hansısa ali təhsil ocağı inşa olunmalıdırsa, həmin boş yerlərə istiqamətləndiriləcək" - C.Həsənov bildirib.
Həmsöhbətimiz deyir ki, bu gün istirahət etmək üçün Bulvara getməyə ehtiyac yoxdur. Paytaxtda yeni parklar yaradıldıqca həmin ərazilərdən şəhərin mərkəzinə axın azalır. Həmçinin o ərazilərdə infrastruktur da inkişaf edir: "Bir ərazidə park salınırsa, az sonra MTk-lar orada binalar inşa edirlər".
Ekspert deyir ki, Baş Planda metronun genişləndirilməsi də nəzərdə tutulur.
"Bu çox yaxşı haldır. Yeni metrostansiyaların inşası Bakının mərkəzində sıxlığı aradan qaldıracaq. Baş Plan tənzimləyici bir xəritədir. Biz bu xəritə üzrə işləri həyata keçirsək şəhərimiz daha da gözəlləşəcək".
© AP Photo / Sergei GritsBakıya mənzərə
Вид на Баку - Sputnik Azərbaycan, 1920, 08.01.2024
Bakıya mənzərə
2045-ci ilə əhali sayı azalacaq, sosial xidmətlərə təlabat artacaq
Qeyd edək ki, Baş Planın ölkə üzrə uzunmüddətli əhali proqnozlarına görə, Azərbaycan əhalisinin sayının 2045-2050-ci illər arasında azalmağa başlayacağı gözlənilir. Eyni tendensiyanın Bakı şəhərində də müşahidə olunacağı proqnozlaşdırılır. Aparılmış təhlillərə görə 2040-cı ildə şəhər əhalisinin 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib. Əhali artımı, demoqrafik dəyişikliklər və istifadəçi üstünlüklərinin dəyişməsi tələb olunan sosial xidmətlərin növləri və sayında da dəyişikliklərin edilməsini tələb edəcək. Nəzərdə tutulan iqtisadi dəyişimlərin təsiri ilə eyni zamanda müəyyən sahələrdə işçi qüvvəsinə olan tələbatın təmin edilməsi üçün peşəkar təhsil və bu sahədə biliklərə olan tələbat da artacaq. Demoqrafik dəyişikliklər həmçinin əhalinin yaşlı təbəqəsinin də sayının artmasına və bilavasitə olaraq səhiyyə və spesifik sosial xidmətlərə olan tələbatı da artıracaq. Ona görə də, yeni Baş Planda Bakı şəhərinin sosial təyinatlı müəssisələr üzrə tələbata dair icmalı hazırlanıb.
Bakı şəhərində 372 375 yeni iş yeri açıqlacaq
Baş Planda nəzərdə tutulan digər məqam iqtisadiyyatın şaxələndirilməsdir. Sözügedən sənədə görə, Bakının Regional Bilik Mərkəzinə çevrilməsi üçün yüksək dəyər yaradan yeni sahələr və inkişaf etməkdə olan iqtisadi sektorlar da inkişaf etdirilməlidir. Bu çoxsahəli iqtisadi strategiyanın tətbiqi Baş Plan çərçivəsində Bakı şəhərində 372 375 yeni iş yerinin açılmasına imkan verəcək. Bakıda çoxmərkəzlilik prinsipi tətbiq ediləcək. Bakıda sosial təyinatlı müəssisələrlə tam təminata nail olmaqla, əhali üçün səmərəli yaşayış, iş və istirahət imkanları yaratmaqla şəhərin çoxmərkəzli şəhərə çevrilməsi və bununla Bakının ərazi təşkilinin təkmilləşdirilməsi nəzərdə tutulur. Baş Planın 1-ci prioritet hədəfi– "Şəhərin dayanıqlı inkişafı", 2-ci prioritet hədəfi – "Şəhər və ətraf mühitinin regenerasiyası", 3-cü prioritet hədəf – "Şəhərin memarlıq siması və tarixi irsə qayğı", 4-cü prioritet hədəfi – "Yeni şəhər iqtisadiyyatı" olacaq.
Paytaxtda hansı yeniliklər olacaq?
Prioritet hədəflərə görə, Bakıda metro sistemi genişləndiriləcək, şəhərətrafı yerlərin cəlbediciliyi artırılacaq, köhnəlmiş mənzil fondu modernləşdirilərək yenidən qurulacaq, infrastruktur və xidmət təminatı yaxşılaşdırılacaq, çirklənmiş ərazilər bərpa olunacaq, ictimai yaşıllıqların sayı artırılacaq. Həmçinin piyada gəzinti , velosiped yolları genişləndiriləcək, memarlıq abidələrinin və təbii landşaft əraziləri qorunacaq, bərpa olunan enerji təsərrüfatları, turizm genişləndiriləcək. Bütün bunların nəticəsində yaxın 20 ildə paytaxta investisiya qoyuluşları və turist sayı artacaq, ev və iş arasındakı orta səfər müddəti azalaraq 45 dəqiqəyə enəcək və sairə. Baş Plana görə, çoxmərkəzli inkişaf strategiyası iki əsas məqsədə nail olmağı hədəfləyir-mərkəzi Bakının yüklənmədən azad olunması və şəhərətrafı ərazilərin cəlbediciliyinin artırılması və gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, mənzil fondunun müasirləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi.
© Photo : Azerbaijan Highway State AgencyBakıda velosiped yolu
Bakıda velosiped yolu - Sputnik Azərbaycan, 1920, 08.01.2024
Bakıda velosiped yolu
Bakıda mərkəzlər üç kateqoriyaya bölünəcək
Baş plan çərçivəsində mərkəzlər üç kateqoriyaya bölünüb. Əsas şəhər mərkəzi (Mərkəzi Bakı) paytaxt üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək. Regional Mərkəzlər Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək. Alt-mərkəzlər Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaq. Bu ərazilər və əsas şəhər mərkəzi arasında əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcək.
Əsas Şəhər Mərkəzinə Bakının altı inzibati rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai) və Qaraçuxur qəsəbəsi daxildir. Qaraçuxur qəsəbəsinin Mərkəzi Bakıya daxil edilməsinin səbəbi onun çox hissəsinin şəhərdaxili ərazilərə xas tikinti sıxlığına sahib olması və qəsəbə ərazisinin metro sistemi ilə əlaqələndirilməsi ilə bağlı perspektiv planların olmasıdır. Mərkəzi Bakının əhatə dairəsinə gələcək metro şəbəkəsinin əhatə edəcəyi ərazi və əsas inkişaf əraziləri daxildir.
Şəhər ərazisində iki regional mərkəzin yaradılması nəzərdə tutulur. Mərdəkan - Bakının şərqində yerləşən qəsəbə özünün kənd tipli məntəqə xarakterini qoruyub saxlayacaq. Fərdi evlər olan orta sıxlıqlı ərazilərdəki boş torpaq sahələri nöqtəvi inkişaf konsepsiyası əsasında inkişaf etdiriləcək.
Ələt Bakının cənub hissəsində Azad İqtisadi Zona ətrafında yaranacaq yüksək sıxlıqlı yaşayış ərazilərindən ibarət yeni iqtisadi mərkəz olacaq. Ələt Azad İqtisadi Zonasının inkişafı onun ətrafındakı yaşayış məntəqələrinin iqtisadi inkişafına təkan verəcək.
Şəhər ərazisində 4 alt-mərkəzin yaradılması da planlaşdırılır. Zığ və Hövsan - Bakının şərqində şəhər qapısı rolu oynayan, orta sıxlıqlı yaşayış məhəllələri, sahilyanı yaşayış məntəqələri və istirahət məkanlarının birgə inkişaf etdiriləcəyi ərazi kimi nəzərdə tutulur. Sabunçu – çoxfunksiyalı yaşayış ərazilərindən ibarət hava limanı şəhəri kimi nəzərdə tutulur. Binəqədi – şimal qapısı rolunu oynayan, orta sıxlıqlı yaşayış ərazilərindən ibarət mərkəz kimi inkişaf etdiriləcək. Binəqədi alt-mərkəzi şəhərin şimalında Böyükşor gölünün bərpa planı çərçivəsində yaradılan istirahət imkanlarından istifadə etmək imkanı əldə edəcək. Lökbatan – şəhərin qərb qapısı rolunu oynayan, şərq hissə boyu yaşıl zolağın bir hissəsini təşkil edən logistika və istehsal mərkəzi kimi inkişaf etdiriləcək. Bundan əlavə, Lökbatan Xocahəsən gölündən Xəzər dənizinə qədər inkişaf etdiriləcək şərqi yaşıl kəmərin bir hissəsini təşkil edəcək. 2027-ci ildən əvvəlki dövrlərdə Lökbatanda dəmir yolu stansiyası və xidmətləri təkmilləşdirilərək sərnişindaşıma məqsədi üçün istifadə olunacaq və burada Lökbatandan Bakı Mərkəzi Dəmir yolu Stansiyasına müntəzəm dəmir yolu reysləri həyata keçiriləcək.
© Sputnik / Murad OrujovBakı Dövlət Universiteti
Бакинский государственный университет - Sputnik Azərbaycan, 1920, 08.01.2024
Bakı Dövlət Universiteti
Universitet şəhərcikləri harada yaradılacaq?
Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Baş Planla Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı təmin edəcək. Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək. Universitet şəhərciyi yaxınlıqda cəlbedici ticarət və qarışıq istifadə xidmətləri təklif edən yeni İNYŞ sistemlərinin (dəmir yolu, metro və avtobus xidmətləri) üstünlüklərindən faydalanacaq. Mərkəz daxilində həmçinin əraziyə əlavə inzibati xidmətlər göstərən özəl və dövlət qurumları yerləşəcək. Nəticədə, tədqiqat klasteri və İNYŞ sistemi birləşərək universitet şəhərciyini Bakının yeni Bilik Biznes Mərkəzinə çevirəcək.
Baş Planla Xocasən bilik mərkəzinin yaradılması da nəzərdə tutulur. Moskva Universitetinin yataqxanasının və universitet şəhərciyinin 2040-cı ilə qədər "Bilik Mərkəzi"nin yaradılması təklif olunur. Bu mərkəz universitet təhsili ilə peşə və digər təhsil pillələri arasında əlaqəni təmin edəcək. Bilik mərkəzinin Xırdalan ilə Lökbatanın arasında yerləşməsi mərkəzə əlavə faydalar qazandıracaq. Yeni Xocasən gölü parkının yaxınlığında yerləşən bu mərkəz müasir təhsil mərkəzi olacaq. Bu ərazi Xocasənin gündəlik tələbat xidmətlərini, rekreasiya və əyləncə məkanlarını özündə birləşdirən yeni mərkəzi, yeni görüş və yerli təchizat mərkəzi olacaq. Bilik mərkəzi Xocasənin yeni yaşayış məhəllələrinə piyada gediş məsafəsində və Lökbatanda yerləşən logistika və topdan satış bazalarına velosipedlə gediş məsafəsində yerləşəcək.
Mərdəkanda da bilik mərkəzinin yaradılması planı var. Baş Planda müəyyən hədəf sinfinə yönəldilmiş üç bilik mərkəzinin yaradılması təklif edilir: Qala qəsəbəsində dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi, Mərdəkan üçün geniş İNYŞ mərkəzi, Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi, logistika və ümumi aviasiya xidmətləri sahəsində peşə təhsili təmin edən mərkəzin yerləşdiyi yeni hava limanı şəhərciyi nəzərdə tutulur.
İctimai çimərliklər üçün 314 hektar ərazi ayrılacaq
Baş Plana əsasən digər layihə Bakının ilin hər fəsli üçün turistik təyinata çevrilməsi, turistik fəaliyyətlərin şaxələndirilməsi və genişləndirilməsinə xidmət edəcək. Baş Planda kurort turizminin inkişafı üçün təxminən 169,8 ha yeni inkişaf ərazisi ayrılıb. Baş Plan çərçivəsində sahil xəttinin qorunması tədbirləri nəzərə alınmaqla ictimai çimərliklərə çıxış imkanlarının gücləndirilməsi təklif edilir. Bununla əlaqədar olaraq Baş Planda yeni ictimai çimərliklərin inkişafı üçün təxminən 314,6 ha ərazi müəyyən edilib.Baş planda qeyd olunub ki, yeni istifadəyə veriləcək bu çimərlik sahələri və istirahət yerləri yerli çimərlik turizminin inkişafı ilə yanaşı, yerli əhali üçün piyada gediş məsafəsində yüksək keyfiyyətli istirahət zonalarının yaradılmasına və həyat səviyyəsinin yüksəldilməsinə imkan verəcək. Çimərliklərin inkişafı ilə daxili turizmin gücləndirilməsi üçün həmçinin dəniz suyunun keyfiyyətinin artırılması və turistlərin tələblərinin qarşılanması üçün ətraf mühit şəraitinin sağlamlaşdırılmasını tələb edir. Baş planda o da qeyd olunub ki, Böyükşor gölünün böyük şəhər parkı (təqribən 388,8 ha), yəni yaşayış, işləmək və istirahət etmək üçün özünəməxsus bənzərsiz ərazi kimi formalaşmasını təmin etmək üçün pilləli inkişaf yanaşması tətbiq edilməlidir. Gölün 300 - 500 m sanitar- mühafizə zonasında çevik həllərə icazə vermək üçün gölətrafı ərazilərin nəzarətli şəkildə inkişafına icazə verilə bilər.
© Sputnik / Murad OrujovBakıda çimərlik
Открытие пляжного сезона в Баку, 2022-й год - Sputnik Azərbaycan, 1920, 08.01.2024
Bakıda çimərlik
Bakı və Sumqayıtı birləşdirən yeni yol çəkiləcək
Baş Planda ən diqqət çəkən elementlərdən biri də yeni yol qovşaqlarının inşası, nəqliyyat infrastrukturunun genişləndirilməsidir. Baş Plana görə, 2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb. Qeyd edilib ki, "Bakı-Sumqayıt şosesi"ndə, Xırdalan və "20 Yanvar" dairələrində nəqliyyat sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində "Xarici Dairəvi Yolu" ilə birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılıb. 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 km artırılması planlaşdırılıb.
Xırdalana metro çəkiləcək
Bundan əlavə 2040-cı ilədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulur. Bakıda 2040-cı ilədək dairəvi metro şəbəkəsinin tamamlanması da nəzərdə tutulur. Baş Planda qeyd olunub ki yeni inkişaf edən ərazilərin metro əlaqəsinin yaradılması üçü, "Ağ şəhər" və "Port Baku" ərazisininə xidmətə çıxışının təmin edilməsi nəzərdə tutulur. Baş planda qeyd olunub ki, 2040-cı ilədək "28 May" stansiyasının yenidən qurulması daxil olmaqla metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması nəzərdə tutulur.
Tramvay Bakıya yenidən qayıdacaq
Bakı şəhəri üzrə 2040-cı ilədək velosiped zolaqları/yolları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır. Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq. Qeyd edilib ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin, metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir. Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri var. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay- elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.
Lahiyəyə görə, Bakı hava limanına dəmir yolu xətti də çəkiləcək. Bununla yanaşı, 2027-ci ilədək mövcud tələbata uyğun olaraq şəhər mərkəzində yeni parklanma yerləri yaradılacaq, parklanma yerlərinin sayının artırılması və şəhər inkişafına inteqrə edilməsi üçün mövcud yerüstü parklanma sahələrində yeni yeraltı və çoxmərtəbəli dayanacaqlar inşa ediləcək. Bütün avtobus zolaqlarının 2027-ci ilədək tətbiqi təklif olunur. 2027-cı ilədək avtobus zolaqlarının ümumi uzunluğunun hazırki təqribən 16 km-dən 112,2 km-ə çatdırılması nəzərdə tutulur.
© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidTramvay
Tramvay, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.01.2024
Tramvay
Bakıda hibrid yaşıl dəhlizlər yaradılacaq
Baş Plana əsasən Bakıda hibrid yaşıl dəhlizlər yaradılacaq. Hibrid yaşıl dəhlizlər gəzinti məsafəsində yerləşən ictimai yaşıllıqların sayını artırmaq və yaşıllıqların az olduğu ərazilərdə yaşıl məkanların sahəsini genişləndirmək üçün tətbiq olunan vasitədir. Təklif olunan 28 May Dəhlizi layihəsinə əsasən, istismardan çıxarılmış dəmir yolu xəttlərinin şəhərdaxili hibrid yaşıl dəhliz kimi inkişafı təklif edilir. Dəhliz xətti park vasitəsi ilə Gənclik metro stansiyasının ətrafını Bakı limanı və Bakı Bulvarı ilə birləşdirəcək və burada tramvay xətləri və ictimai yaşıllıq marşrutları, istirahət, əyləncə, yaşayış (təqribən 15,1 ha) və hətta mədəniyyət və yaradıcılıq sahələri (təqribən 9,7 ha) yaradılacaq. Ümumilikdə 28 May hibrid dəhlizinin xətti parkı təxminən 15,6 ha ərazini əhatə edəcək. Dəhliz yaxınlıqda yerləşən ən azı 24,2 ha ərazi üçün şəhərsalma və ictimai-işgüzar sahələrin inkişafı üçün imkanlar təklif edir.
Şəhərkənarı hibrid yaşıl dəhlizi – Xocahəsən-Lökbatan Hibrid Yaşıl Dəhlizinin (XL-HYD) inkişafı Xocahəsən gölü və Xocahəsən Nəbatat Parkının bərpası təklifinin davamı kimi nəzərdə tutulur. Mövcud su-bataqlıq, subasma zonaları və bioloji növlərin təbii yaşayış yerləri, eləcə də beynəlxalq səviyyədə tanınmış quşların köçetmə məskəni buraya daxildir. XL-HYD-nin təbiət qoruğu (təxminən 459,7 ha), aktiv təmiz hava dəhlizi, subasmalardan qorunma zonası və yerli bitki növlərinin və vəhşi təbiətin qorunduğu herbarium kimi nəzərdə tutulur. Bununla yanaşı, XL-HYD davamlı infrastruktur və ictimai nəqliyyat dəhlizi kimi funksiyalar daşıyır.
Bulvar cənubda Bibiheybətə və şərqdə Zığa qədər uzadılacaq
Baş Planda Bakı bulvarının genişləndirilməsi də öz əksini tapıb. Belə ki, sənəddə Bakı bulvarının cənubda Bibiheybətə və şərqdə Zığa qədər mərhələli şəkildə genişləndiriləcəyi qeyd olunub. Bakı bulvarının cənub istiqamətində uzadılması uzunluğu təqribən 5,7 km olan 10,7 ha əlavə ictimai yaşıllığın təmin edilməsinə imkan verəcək. Bakı bulvarının "Ağ şəhər"dən Zığa doğru uzadılması uzunluğu təqribən 8 km, sahəsi isə 247,8 ha olan əlavə bulvar shəsinin yaradılmasına imkan verəcək. Bu ərazilər aktiv ictimai yaşıllıqlara çevrilə bilər. Təklif olunan genişləndirmə layihələri həyata keçirildikdən sonra yüksək keyfiyyətli ictimai yaşıllıqları olan Bakı bulvarının ümumi uzunluğu 2040-cı il və ondan sonrakı illərdə 25 km-dən çox olacaq. Bu yanaşmanı tətbiq etməklə, Baş Plan çərçivəsində yaşıllıqların sahəsi hazırki 920 hadan 2040-cı ilə qədər 2757,3 ha çatacaq. Bunun sayəsində adambaşına düşən ümumi istifadədə olan yaşıllığın sahəsi 8,7 m2 qədər artacaq.
© Sputnik / Irade JELILHövsanda çirkab sular
Hövsanda çirkab sular - Sputnik Azərbaycan, 1920, 08.01.2024
Hövsanda çirkab sular
Bakının su,kanalizasiya şəbəkəsi yenidən qurulacaq
Bakı şəhərinin Baş Planının əsas inkişaf hədəflərindən biri Abşeronda 2040-cı ilədək tələblərə tam cavab verən kanalizasiya sisteminin təmin edilməsidir. Bütün ev təsərrüfatlarının kanalizasiya sisteminə qoşulması (85%-dən çox), yağış kanalizasiyası ilə məişət kanalizasiyasının bir-birindən ayrılması, tullantı sularının təkrar emalı və istifadəsi, düzgün işləyən və yüksək səviyyədə texniki qulluq olunan TSTQ-lərin təmin edilməsi nəzərdə tutulur. Bu baxımdan, Bakı şəhərinin Baş Planında kanalizasiya sisteminin inkişafı üzrə inteqrə edilmiş yanaşmanın tətbiqi tövsiyə olunur. Yanaşmaya əsasən, "Azərsu" ASC-nin Master planı ilə birlikdə "Witteveen + Bos" şirkəti tərəfindən hazırlanmış "Bakı şəhərinin mərkəzi hissəsində tullantı suları üçün alternativ infrastrukturun inkişafı" yanaşmasının da tətbiqi təklif olunur.
Böyükşor hövzəsində Böyükşor gölü yaxınlığında gücü 157500 m3 /gün olan yeni TSTQ-nin inşası təklif olunur. Bununla, Böyükşor gölü və Bülbülə gölü ətrafındakı hövzələrdən kanalizasiya və yağış suları toplanaraq Böyükşor gölü yaxınlığındakı TSTQ-yə nəql olunacaq. Xocahəsən hövzəsində, Xocahəsən gölünün yaxınlığında Xırdalana və Xocahəsən ətrafındakı əraziyə xidmət edəcək 37500 m3 /gün su tutumuna malik TSTQ-nin inşası təklif olunur. Bundan əlavə, təklif olunan Lökbatan hövzəsinin tullantı sularının təmizlənməsi üçün Lökbatan ərazisində tullantı su təmizləyici qurğu tikilməsinə ehtiyac var. Hövsan üçün qiymətləndirməyə əsasən "Azərsu" ASC Hövsan tullantı su təmizləyici qurğusunun gücünü 200000 m3 /gün-ə artırmağı planlaşdırır. Hövsan TSTQ iki hövzəyə - Hövsan I və II-ə xidmət göstərəcək.
Baş Planın icrası nə qədər xərc aparacaq?
Bütün bunlar, Bakının baş planının icrası 93,6 mlrd. manata başa gələcək. Baş plana əsasən, bu vəsait 5 istiqamətdə tədbirlərin həyata keçirilməsinə yönəldiləcək. Şəhər ərazisinin inkişafı üçün 47,6 milyard manat, nəqliyyat infrastruktunun inkişafı üçün 16,9 milyard manat, mühəndis-kommunikasiya sistemlərinin inkişafı üçün 15,32 milyard manat, bərpa olunan enerji mənbələrinin inkişafı üçün 4,3 milyard manat və ətraf mühitin qorunması tədbirləri üçün 9,5 milyard manat məbləğində vəsait tələb olunur. Qeyd edilib ki, bu vəsaitin 60,5 milyard manatı dövlət, 33,1 milyard manatı isə özəl investisiyalar hesabına qarşılanacaq.
Xəbər lenti
0