Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan və Rumıniya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub

© AFP 2024 / ADEM ALTANAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 06.11.2023
Abunə olmaq
Rumıniya ilə iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd təsərrüfatı, turizm, əczaçılıq və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.
BAKI, 6 noyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Luminitsa Odobesku ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir Luminitsa Odobesku arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Görüşlər zamanı Azərbaycan-Rumıniya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Həmçinin, ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib.

Rumıniya ilə iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd təsərrüfatı, turizm, əczaçılıq və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə yaşıl enerji sahəsindəki tərəfdaşlığın əlaqələrimizin inkişafındakı potensialı vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərin əməkdaşlığımıza əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və Rumıniya şirkətləri sözügedən quruculuq fəaliyyətlərində həm podratçı və investor kimi iştiraka dəvət olunub. Bununla yanaşı Ələt Azad İqtisadi Zonasında geniş imkanlar barədə məlumat verilib.

Heydər Əliyev Fondu tərəfindən Rumıniyada həyata keçirilən xeyriyyə layihələri yüksək qiymətləndirilib, humanitar sahə üzrə mübadilələrin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Görüşlərdə nazir Ceyhun Bayramov tərəfindən ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.
Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb.

Görüşlər zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rumıniyaya səfəri başlayıb.
Hazırda Buxarestdə C.Bayramovla Rumıniyanın xarici işlər naziri Luminita Odobesku arasında təkbətək görüş keçirilir.
Noyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb.
Xatırladaq ki, oktyabrın 11-də Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri İon-Marçel Çolaku ilə görüşüb.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlığın əsas sahələrindən biri enerji əməkdaşlığıdır. Sahibə Qafarovanın sözlərinə görə, hazırda enerji təhlükəsizliyi məsələsində yeni perspektivlər var. O cümlədən, yaşıl enerji sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları mövcuddur.
Baş nazir Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu barədə danışıb. O, avropalı həmkarları ilə də Cənub Qaz dəhlizini müzakirə etdiyini xatırladaraq, deyib ki, nəqliyyat sahəsində də Azərbaycan mühüm rola malikdir. Onun sözlərinə görə, Qara dəniz və Xəzər dənizi arasında nəqliyyat bağlantısının gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Yaşıl enerji layihələrinin vacibliyi barədə fikirlərini ifadə edən İon-Marçel Çolaku deyib ki, Avropanın hazırda yaşıl enerjiyə ciddi ehtiyacı var və Azərbaycandan yaşıl enerjinin ixracı məsələsi əhəmiyyətlidir.
Xəbər lenti
0