Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vətəndaşlıq almaq üçün yeni qaydalar: Rusiya pasportunu almaq istəyənləri nə gözləyir?

© Sputnik / Murad OrujovRusiya pasport
Rusiya pasport - Sputnik Azərbaycan, 1920, 26.10.2023
Abunə olmaq
Yenilənmiş vətəndaşlıq haqqında qanun iyirmi ildən artıqdır ki, istifadə olunan eyni adlı hüquqi aktı əvəz edəcək.
Mixail Vorobyev, RİA Novosti
28 aprel 2023-cü il tarixli 138-FQ saylı "Rusiya Federasiyasının vətəndaşlığı haqqında" yeni Federal qanun 2023-cü ilin oktyabrın 26-da qüvvəyə minir. Rusiya pasportunu almaq istəyənləri hansı dəyişikliklərin gözlədiyini və Rusiya Federasiyasının vətəndaşlığının hansı səbəblərə görə dayandırıla biləcəyini Sputnik araşdırıb.
Rusiyanın pasportlarını ən çox kimlər alır?
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə 691 min əcnəbi Rusiya vətəndaşlığını qəbul edib. Rusiya pasportlarının ən fəal alıcıları Ukrayna vətəndaşları olub. Bu qeyd olunan müddət ərzində verilmiş Rusiya Federasiyası sənədlərinin ümumi sayının 43%-ni təşkil edib. Yeni Rusiya vətəndaşlarının sayına görə ikinci yeri Tacikistandan gələnlər (25%) tutub.
2023-cü ilin birinci yarısında 205 min əcnəbi Rusiya pasportu alıb. Əvvəlki iki yarımillə müqayisədə Ukrayna vətəndaşlarına verilən Rusiya pasportlarının sayı kəskin azalıb, digər ölkələr üzrə göstəricilər isə əhəmiyyətli şəkildə dəyişməyib.
Yeni qaydalara görə, Rusiya vətəndaşlığını almaq üçün təkcə rus dilini deyil (indiyə qədər bu biliklər xüsusi testlə yoxlanılıb), həm də Rusiyanın tarixini, eləcə də ölkə qanunvericiliyinin əsaslarını da bilmək lazımdır. Lakin bu biliklərin olduğunu necə təsdiqləmək lazım olduğu göstərilməyib.
Sadələşdirilmiş prosedur
Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada almaq hüququ olan şəxslərin siyahısında dəyişiklik edilib. Bura Rusiya universitetlərini fərqlənmə diplomu ilə bitirənlər, həmçinin Rusiya Federasiyasının dövlət sərhədi daxilində Rusiya imperiyasına və ya SSRİ-yə məxsus ərazidə daimi yaşayan birbaşa nəsil xətt üzrə qohumları olanlar da daxil edilib.
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin beynəlxalq və ictimai hüquq departamentinin dosenti Mixail Qatsko Sputnik-in müxbirinə bildirib ki, yeni qanun investisiyalar və sahibkarlıq fəaliyyəti üçün sadələşdirilmiş qaydada vətəndaşlıq əldə etmək imkanını istisna edir.
Əvvəllər bir şəxs Rusiya Federasiyasının vətəndaşı ilə ən azı üç il evli olduqda sadələşdirilmiş qaydada pasport almaq imkanı olub. Yeni qaydalarda nikahın müddəti meyarı çıxarılıb, lakin ortaq uşağın olması ilə bağlı məcburi şərt yaranıb. Kremlin saytında qeyd edilib ki, bu tədbir uydurma nikahların bağlanması praktikasının qarşısını almaq üçün qəbul edilib.
Yeni qaydalara görə, Rusiya vətəndaşının uşağı olduğu halda sadələşdirilmiş qaydada vətəndaşlıq ala bilməsi mümkündür. Onun neçə yaşında olması vacib deyil. Əvvəllər insanın əvvəlcə yetkinlik yaşına çatması tələb olunub.
Əvvəllər də olduğu kimi, Rusiyada doğulmuş əcnəbilərin övladları, başqa bir dövlətin vətəndaşlığını almadığı halda Rusiya vətəndaşı olur.
"Lakin indi Rusiyaya məxsus gəmidə və ya təyyarədə doğulmuş və xarici dövlətin vətəndaşlığını almamış uşaq, valideynləri Rusiya Federasiyasının vətəndaşı olmasa belə, Rusiya pasportunu ala bilir", - Sputnik-in müxbiri ilə söhbətində Rusiya Hüquqşünaslar Assosiasiyasının üzvü Anastasiya Qromakova əlavə edib.
Əvvəllər Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) ərazisində doğulmuş SSRİ vətəndaşları sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını ala bilərdilər. Yeni qanuna görə, bu imkan yalnız RSFSR-də doğulanlara, həm də orada daimi yaşayanlara verilir.
Vətəndaşlığın ləgv edilməsi
Artıq vətəndaşlıq almaq ilə bağlı qərarın ləğvi proseduru yoxdur. O, vətəndaşlığın ləğv edilməsi ilə əvəz olunub.
Mixail Qatsko bildirib ki, vətəndaşlığın ləğv edilməsi üçün əsas olan cinayətlərin siyahısı təxminən dörd dəfə artıb. Onun sözlərinə görə, cinayətlərin siyahısı əvvəlki vətəndaşlıq haqqında qanunda göstərilən əməlləri təkrarlayır. Onların arasında terrorizm, girov götürmə, qanunsuz silahlı birləşmələrin təşkili, hakimiyyətin zorla ələ keçirilməsi və dövlət xadiminin həyatına qəsd, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya qurumlara hücum, silahlı üsyan və təxribat daxildir.
Yeniliklərə əsasən, Rusiya Federasiyasının vətəndaşlığının ləgv edilməsi də aşağıdakılar üçün də həyata keçiriləcək:
• Rusiya Federasiyasının Silahlı Qüvvələri haqqında saxta məlumatların yayılması və Rusiya ordusunu nüfuzdan salması;
• sanksiyaların tətbiqinə və təcavüzkar müharibənin başlanmasına çağırışlar;
• ekstremist fəaliyyətin həyata keçirilməsi üçün ictimai çağırışlar;
• Rusiyanın ərazi bütövlüyünün pozulmasına qəsd;
• fərarilik;
• hərbi xidmətdən və öz vəzifələrini yerinə yetirməkdən yayınma;
• casusluq və dövlətə xəyanət;
• dövlət sirrinin açıqlanması;
• cinsi toxunulmazlığa qarşı cinayətlər;
• narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlər;
• cinayətkar cəmiyyətin təşkili.
Bundan əlavə, Rusiya vətəndaşlığının ləğvi xarici agentlər haqqında qanunda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə, arzuolunmaz xarici və ya beynəlxalq qeyri-hökumət təşkilatında iştirakına, habelə bu hərəkət dəfələrlə edildiyi təqdirdə iclas, mitinq, nümayiş, yürüş və ya piketin təşkili və ya keçirilməsi üçün müəyyən edilmiş qaydaların pozulmasına görə nəzərdə tutulur", - deyə Mixail Qatzko əlavə edib.
Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının dosenti Sergey Andreytso hesab edir ki, nəticədə Rusiya pasportunu əldə etməyin asan və ya çətin olduğunu söyləmək mümkün deyil, heç bir köklü dəyişiklik baş verməyib.
"İlk bir neçə ay gözləmək və Daxili İşlər Nazirliyinin əmrlərinin nə olacağını, hüquq tətbiqi təcrübəsinin necə inkişaf edəcəyini, məhkəmə qərarlarının olub-olmayacağını görmək lazımdır. Indi yalnız mətni qiymətləndirmək olar, qanunun icrası isə Yeni ildən sonra qiymətləndirilə bilər", - deyə ekspert qeyd edib.
Xəbər lenti
0