QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ombudsman Füzulidə baş vermiş mina hadisəsinə münasibət bildirib

Partlayış - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin bitməsindən ötən 3 ilə yaxın müddətdə minaya düşərək həlak olan və ya xəsarət alan şəxslərin sayı 330-u keçib və onlar arasında mülki şəxslər üstünlük təşkil edir.
BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndində tank əleyhinə minanın partlaması nəticəsində bir mülki şəxsin həlak olması, bir nəfərin isə yaralanması ilə nəticələnən hadisəyə münasibət bildirib. Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Məlumatda qeyd edilib:

"Təəssüf ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin bitməsindən ötən 3 ilə yaxın müddətdə minaya düşərək həlak olan və ya xəsarət alan şəxslərin sayı 330-u keçib və onlar arasında mülki şəxslər üstünlük təşkil edir.

Mina terrorunu davam etdirən Ermənistanın iştirakçısı olduğu beynəlxalq sənədlərə əsasən üzərinə düşən öhdəliklərə və bununla bağlı tərəfimizdən edilən davamlı çağırışlara laqeyd münasibət göstərməsi, dəqiq mina koordinatlarını ölkəmizə təqdim etməməsi insanların həyatına qəsd xarakteri daşıyır. Məhz bu səbəbdən minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsinə daha çox resurs və uzun zaman sərf olunur, yenidənqurma və qayıdış prosesi ləngiyir, eyni zamanda işarələnməmiş minalar çoxsaylı insanların həyatını itirməsinə səbəb olur.

Bütün bunları nəzərə alaraq, insanların həyat və sağlamlığının müdafiəsi naminə aidiyyəti beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ölkəmizin məruz qaldığı bu ciddi problemlə bağlı qəti mövqe nümayiş etdirməyə çağırıram".

Füzulidə mülki şəxslər minaya düşüb, ölən və yaralanan var
Qeyd edək ki, bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "Qazel" markalı maşının sürücüsü - 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "Kamaz" tipli yük maşınının sürücüsü - 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.
ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.
Qeyd edək ki, ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda bildirilir ki, oktyabrın 2-dən 8-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 426.5 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.
Tərtər, Ağdam, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 31 piyada əleyhinə, 67 tank əleyhinə mina, 1267 partlamamış hərbi sursat aşkarlanıb.
Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:
Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!
Yalnız gündəlik işlək yollardan istifadə edin!
Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!
Naməlum əşyalara toxunmayın!
Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0