CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələrin yataqxana problemi - ümid "Böyük Qayıdış"a qalıb

© Sputnik / Yegor Aleyev / Mediabanka keçidYataqxana
Yataqxana - Sputnik Azərbaycan, 1920, 29.08.2023
Abunə olmaq
Universitetlərin çoxunun yataqxanası var. Lakin məcburi köçkünlər və yataqxanaların yaşayış üçün yarasız olması, tələbələri kirayə evlər axtarmağa məcbur edir.
BAKI, 29 avqust — Sputnik. Yeni tədris ilində də Azərbaycanda əksər ali məktəblər öz tələbələrini yataqxana ilə təmin edə bilməyəcək. Buna səbəb ali təhsil müəssisələrinin yataqxanalarının mütləq əksəriyyətində hələ də məcburi köçkünlərin məskunlaşması və yataqxanaların yararsız vəziyyətdə olmasıdır.
Sputnik Azərbaycan yeni tədris ilində universitetlərin tələbə yataqxanalarının vəziyyətini araşdırıb.
Tələbəsiz tələbə yataqxanaları
Azərbaycan Dövlət İqtisad Universitetindən Sputnik Azərbaycan-a bildiriblər ki, universitetin beş yataqxanası olsa da, heç biri boş deyil. Beş tələbə yataqxanasının hamısında məcburi köçkünlər məskunlaşıb.
Azərbaycan Texniki Universitetindən (AzTU) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, ali təhsil müəssisəsinin tələbə şəhərciyi 1965-1970-ci illərdə inşa olunmuş beşmərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Hazırda binalarda 100-dən çox ailə yaşayır. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb. Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək.
Yataqxanaların aylıq ödənişi nə qədərdir?
Bakı Dövlət Universitetindən (BDU) Sputnik Azərbaycan-a bildirdilər ki, BDU-nun "Tələbə Evi" 220 nəfərlikdir. Həmin yataqxanada tələbələrin qalması üçün hər bir şərait var. Yataqxanada çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. mövcuddur. Tələbə Evi BDU-nun yaxınlığındadır. Yataqxanadan universitetə qədər məsafə 1-2 dəqiqədir. Burada bir tələbə üçün aylıq ödəniş 75 manatdır. Yataqxanaya əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları qəbul edilir. Yeni yataqxananın inşası istiqamətində isə işlər davam edir. Yeni yataqxana təxminən 2500-3000 tələbənin qalmasına imkan verəcək.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) isə cəmi bir yataqxanası var. Nəsimi rayonunda yerləşən yataqxanada aylıq ödəniş 280 manatdır. Xarici tələbələr üçün isə qiymət 320 manat təşkil edir. Hər bir tələbədən öncədən 200 manat depozit tələb olunur. 612 yerlik yataqxanada oğlanlar üçün nəzərdə tutulan yerlər artıq tutulub. Ancaq qızlar üçün boş yerlər var.
Azərbaycan Tibb Universitetinin dörd yataqxanası var. Biri əsaslı təmirdədir, digər yataqxanalar isə tam fəaliyyətdədir. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 50-140 manatdır.
Əlaqə saxladığımız digər universitetlərdən bəzilərinin ümumiyyətlə sovet dövründən yataqxanası olmayıb, bəzilərində isə məcburi köçkünlər məskunlaşıb.
Ümid ancaq "Böyük Qayıdış"a qalıb
Təhsil üzrə ekspert Kamran Əsədov torpaqlarımızın işğaldan azad olunmasının tələbə yataqxanalarının boşalmasına bir ümid yaratdığını söyləyib. Onun sözlərinə görə, yeni tədris ilinə az müddət qalmasına baxmayaraq, tələbələrinin əbədi problemi olan yataqxana problemi bu il də həllini tapa bilməyib.
Həmsöhbətimizin fikrincə, tələbələrin yataqxana probleminin həlli üçün universitetlərin yataqxanalarında məskunlaşmış məcburi köçkünlər tam köçürülməlidir. Bundan sonra tələbə yataqxanalarının əsaslı təmiri, yaxud da yenidən inşasına başlanılmalıdır.
K.Əsədov deyir ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir.
"Universitetlərdən bəziləri də öz yataqxanalarını təmir edib müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac hər il olduğu kimi cari ildə də qalır. Çünki tələbə yataqxanaları hələ tam boşaldılmayıb. Boşalanların isə əsaslı təmirdən çox sökülüb yenidən tikilməsinə ehtiyac var. Lakin universitetlərin bunun üçün zəruri vəsaiti yoxdur.
Xatırladaq ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxışlarının birində tələbə yataqxanalarının təmirinə vəsait olmadığını dilə gətirmişdi. Bildirmişdi ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) tələbə yataqxanasını bərpa etməyə vəsaiti yoxdur. Universitetin yataqxanasında indiyə qədər məcburi köçkünlər yaşayıb.
"Hazırda orada yaşayış olmasa da bizim tələbə yataqxanasını təmir etməyə imkanımız yoxdur", - deyə rektor bildirib.
Xəbər lenti
0