Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda "AzParking" tətbiqi effekt verirmi və kimlər üçün pulsuzdur? VİDEO

© Sputnik / Anar MustafayevBakıda parkomat
Bakıda parkomat - Sputnik Azərbaycan, 1920, 11.08.2023
Abunə olmaq
Tətbiq mövcud avtodayanacaqlarda aktiv yerlərin sayı, avtomobilin yerləşdiyi ərazidən uzaqlığı, zona üzrə qiymət indeksini istifadəçilərə operativ təqdim edir.
BAKI, 11 avqust — Sputnik. Avqustun 7-dən etibarən Bakıda "AzParking" mobil tətbiqi istifadəyə verilib. Həmin tarixdən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. İlk iki günün statistikasına əsasən, mobil tətbiqi cihazlara 27 min 774 nəfər yükləyərək qeydiyyatdan keçib. 977 nəfər isə balansın artırılması əməliyyatını həyata keçirib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, istifadəyə verilən mobil tətbiqin köməyilə sürücülər rahat şəkildə gedəcəkləri ünvana çatmadan parklanma üçün yer sifariş edə bilirlər.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev isə Sputnik Azərbaycan-a bildirib ki, Üzeyir Hacibəyov, Nizami, Xaqani küçələri, Bəsti Bağırova küçəsində fəaliyyətə başlayan "AzParking" tətbiqi barədə ilkin təəssüratlar xoşdur. İstifadəçilər bunun çox əlçatan və rahat olduğunu vurğulayıblar.
"Bu tətbiq vasitəsilə evdən çıxmadan gedəcəyiniz ünvanda parklanma üçün yerin olub-olmadığını görəcəksiz və buna uyğun da qərar verəcəksiz. Tətbiqdə lazımi məlumatları qeyd etməklə parkinq üçün müəyyən yer seçə bilərsiz" - Ağamirzəyev deyib.
Ekspertin fikrincə, bu tətbiq yenidir, zamanla daha da təkmilləşdirilməsinə ehtiyac olacaq, sürücülərin məmnunluğunu artıracaq, insan faktorunu aradan qaldıracaq: "Bugünədək tanımadığımız şəxslərə parkinq üçün pul verirdiksə, artıq ödənişləri təmassız həyata keçirəcəyik və yığılan vəsaitlərin hara getdiyini də biləcəyik. Bu pullar dövlət büdcəsinə gedəcək".
R.Ağamirzəyev qeyd edir ki, tətbiq yeni olduğundan bir çoxları məlumatsızdır. Odur ki, sosial mediada bu tətbiqin təbliği təşkil olunmalıdır. Çünki bəzən yenilik də məlumatsızlıqla əlaqədar birmənalı qarşılanmır və ya effekt vermir.
"Düşünürəm ki gələcəkdə tələb artdıqca, "Milliön", "eManat" üzərindən də birbaşa ödənişin təşkili həyat keçirilə bilər" - ekspert əlavə edib.
Nəqliyyat üzrə digər ekspert Rövşən Həsənov isə yeni istifadəyə verilməindən dolayı tətbiqdə müəyyən nöqsan və çatışmazlıqlar var: "Bəsti Bağırova küçəsində xətləmələr var idi, bir lövhə yapışdırılmışdı. Lakin tətbiq aktiv deyildi. Sarı jiletlilər hələ də mövcuddur. Hazırda tətbiq tam işə düşməyib, normal qaydada fəaliyyət göstərmir. Yəqin ki, yaxın gələcəkdə bu problemlər həllini tapacaq".
"AzParking" mobil tətbiqindən necə istifadə etməli?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən istifadəyə verilən "AzParkinq" mobil tətbiqinə daxil olmaq üçün müvafiq xanaya əlaqə nömrəsi qeyd olunur. Daha sonrakı xanaya həmin nömrəyə SMS olaraq göndərilən təsdiq kodu daxil edilir. İstifadəçilər parkinq bölməsindən onlara ən yaxın və uyğun parklama yerini seçərək sifarişlərini təsdiqləyə bilərlər. Parklanma yeri seçildikdən sonra avtomobil seçimi bölməsinə daxil olmaqla sıralamaya uyğun müvafiq xanalar doldurulur. Ödənişlər bölməsindən isə ödənişi həyata keçirtmək mümkündür. Burada "sonradan ödəniş" hissəsi də var. Parklanmaya start verdikdən sonra parklama müddəti başlamış hesab edilir. Parklama müddətini yekunlaşdırdıqda "Dayandır və ödə" düyməsinə klikləmək lazımdır. "Qəbul et" Düyməsinə sıxmaqla əməliyyat yekunlaşdırılır. Ödəniş üsulu təyin olunur və təsdiq düyməsi sıxılır. Parklama müddəti üzrə ödəniş balansdan çıxılır. "Milliün", "eManat" vasiəsilə pul kisəsindəki balansı artırmaq mümkündür. "AzParkinq"ə istənilən sayda nəqliyyat vasitəsi, kartlarım böləsində isə bank kartlarını əlavə etmək olur.
Öz yaşayış yerində parklanma pulsuz olacaq
AYNA-nın məlumatına görə, tətbiqdəki "fərdi parklama talonu" bölməsində parklama yerləri təşkil olunan yolların kənarlarındakı evlərdə yaşayan minik avtomobili sürücüləri, yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklama yerləri almaq üçün müraciət edə bilərlər. Fərdi parklama talonunun alınması üçün avtomobil sahibi müvafiq məlumatları dolduraraq müraciət etməlidir.
Xəritə görüntüsünə keçid etməklə, avtomobilinizin mövcud koordinatlar əsasında yerləşmə mövqeyi və axtarış imkanlarını dəyərləndirmək, avtomobili daha sürətli park etmək, vaxta qənaət etmək mümkündür.
Tətbiq mövcud avtodayanacaqlarda aktiv yerlərin sayı, avtomobilin yerləşdiyi ərazidən uzaqlığı, zona üzrə qiymət indeksini istifadəçilərə operativ təqdim edir.
AYNA xəbərdarlıq edərək bildirir ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur.
Xəbər lenti
0