QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Xocalı faciəsi"ndən yazan ilk jurnalist vəfat edib - Prezident başsağlığı verib

© Sputnik / Murad OrujovAna harayı
Ana harayı - Sputnik Azərbaycan, 1920, 29.07.2023
Abunə olmaq
Qoltz Xocalıya səfər edən və orada azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında yazan ilk xarici jurnalistlərdən biridir.
BAKI, 29 iyul - Sputnik. “Azərbaycan gündəliyi” kitabının müəllifi, amerikalı jurnalist Tomas Qoltz 70 yaşında vəfat edib. Bu barədə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deyib.
“Azərbaycan gündəliyi”ni yazan, erməni işğalından bəhs edən, Azərbaycan neftinin ilk barrelini Ceyhana gətirən, Heydər Əliyevi Naxçıvanda ziyarət edərək Azərbaycanı dünya xəritəsinə çıxaran əfsanəvi Tomas Qoltz bu gün vəfat edib”, - deyə ADA Universitetinin prorektoru bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev mərhumun ailəsinə başsağlığı verib:
"Məşhur jurnalist, yazıçı, publisist, Azərbaycanın böyük dostu Tomas Qoltzun vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Tomas Qoltz uzun illərdən bəri jurnalistika sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə böyük nüfuz qazanmış, dərin araşdırmaları, hərtərəfli, qərəzsiz təhlilləri və məqalələri ilə “qaynar” münaqişə nöqtələrində sülhə və barışığa nail olunmasına töhfə vermişdir.
Tomas Qoltz Azərbaycanın böyük dostu idi. O, Azərbaycana dəfələrlə səfər etmiş, ölkəmizin ən əhəmiyyətli tarixi anlarına şahidlik etmişdir. Azərbaycanda ona hər zaman xüsusi hörmət və rəğbətlə yanaşmışlar. Tomas Qoltz 1992-ci ilin fevralında Xocalı soyqırımından sonra faciə ilə bağlı dünya ictimaiyyətinə məlumatları çatdıran ilk jurnalistlərdən idi. Onun artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı məqalələrin, kitabların və çəkdiyi filmlərin Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əvəzsiz töhfəsi olmuşdur.
Tomas Qoltzun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə aralarında mövcud olmuş hörmət və ehtiramı, səmimi dostluq münasibətlərini yüksək tuturam. Onunla görüşlərimi və söhbətlərimi və xüsusilə də bu ilin mayında Şuşadakı görüşümüzü həmişə ən xoş təəssüratlarla xatırlayıram. Tomas Qoltzun parlaq xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Bu ağır anlarda dərdinizi bölüşür, Mehriban xanım ilə birlikdə ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm."
Qeyd edək ki, Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı törətdilən qətliamdan 31 il ötüb. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.
Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0