QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Minalardan təmizlənmə uzun prosesdir və qurbanlar gələcəkdə də olacaq - Ekspert

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidQarabağda yol kənarında mina
Qarabağda yol kənarında mina - Sputnik Azərbaycan, 1920, 29.07.2023
Abunə olmaq
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri bildirib ki, Ermənistan tərəfindən verilən mina xəritələrinin dəqiqlik səviyyəsi çox aşağıdır - Azərbaycan ərazisində olan minaların sayına görə dünyanın ilk 10 ölkəsi arasındadır.
BAKI, 29 iyul - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxışında deyib:

“Minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Yəni, üç yüzə yaxın minanın partlaması azad olunmuş ərazilərdə baş vermişdir. Bu isə müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır”.

© Photo : AZƏRTAC“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov - Sputnik Azərbaycan, 1920, 29.07.2023
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov
Dövlətimizin başçısının bu fikirlərini şərh edən “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda qarşılaşdığı ən böyük problemlərdən birinin minaların və partlamayan hərbi sursatların yaratdığı təhlükə olduğunu bildirib. O qeyd edib ki, beynəlxalq təşkilatların məlumatına əsasən, Azərbaycan ərazisində olan minaların sayına görə dünyanın ilk 10 ölkəsindən biridir.
H.Səfixanov bildirib ki, Prezident İlham Əliyev iştirak etdiyi bütün platformalarda mina məsələsinə, onun yaratdığı problemlərə toxunub.
Dövlətimizin başçısının Şuşa Forumunda minalarla bağlı suala verdiyi ətraflı cavabda Azərbaycanın bölgədəki minalarla çox gərgin şəraitdə mübarizə apardığını vurğulayıb və çıxışında Ermənistan tərəfinin təqdim etdiyi mina xəritələri ilə bağlı danışıb:

“Biz ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Bizim yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb. Biz özəl şirkətləri dəvət etmişik və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıbdır, onlar da bu prosesə qoşulublar. Bizim dövlət minatəmizləmə agentliyimiz ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər”.

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir  - Sputnik Azərbaycan, 1920, 29.07.2023
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir
İctimai Birliyinin sədri minatəmizləmə prosesinə cəlb olunan qurumlardan söz açıb:
“Müdafiə Nazirliyinin mühəndis-istehkam qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin müvafiq və ixtisaslaşmış bölmələri minaların təmizlənməsi əməliyyatlarına cəlb edilib. Minaların təmizlənməsi üçün ölkədə bir neçə şirkət yaradılıb və xaricdən gətirilən minatəmizləyən texnikalardan istifadə olunur. Artıq Azərbaycanda da bu şirkətlərdən biri minatəmizləyən maşınların istehsalına başlayıb. Ölkəyə xüsusi təlim keçmiş itlər, son zamanlar isə siçovullar gətirilir. Ən son müzakirə edilən məsələlərdən biri isə qadın minatəmizləyən komandaların yaradılmasıdır. Bu sahədə hazırda işlər gedir və qadın minatəmizləyənlərə müvafiq treninqlər keçirilir. Onlara sertifikat verildikdən sonra azad olunmuş ərazilərdə mina təmizləmə işlərinə cəlb olunacaqlar”.
Forumda Prezidentimiz minatəmizləmə prosesində dronlardan istifadə olunması məsələsinə də toxunub:

“Biz dronlardan fəal şəkildə istifadə edirik. Bizim bəzi parlaq zəkaya malik insanların sayəsində artıq belə dronlar var. Bu, bizə böyük yardım olur. Ancaq biz dərk edirik ki, bu, çox uzun bir prosesdir. Təəssüflər olsun, bilməliyik ki, gələcəkdə də qurbanlar olacaqdır, ermənilərin bizə qarşı terroru davam edir. Minalardan təmizlənməmiş əraziləri biz təcrid etmişik və azad olunmuş ərazilərə hələ də giriş məhduddur”.

H.Səfixanov şərhində Azərbaycan tərəfinin minaların təmizlənməsi məsələsini prioritet hesab etdiyini və bütün beynəlxalq platformalarda bəyan etdiyini söyləyib:
“Xarici İşlər Nazirliyi, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, vətəndaş cəmiyyəti təsisatları, QHT-lər, media subyektləri minalarla bağlı problemi daim diqqətdə saxlayır. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi də İsveçrənin Cenevrə şəhərində keçirilmiş Cənubi Qafqazdakı mina problemlərinə həsr olunmuş tədbirə qatılıb və ölkəmizdəki mina problemlərinə dair məsələləri beynəlxalq təşkilat nümayəndələrinin diqqətinə çatdırıb”.
O deyib ki, ölkədə mina təmizləməsi ilə bağlı aparılan işlər hələ davam edəcək:

“Çünki Ermənistan tərəfindən verilən xəritələrin dəqiqlik səviyyəsi çox aşağıdır. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsində çalışan vətəndaşlar və öz doğma torpaqlarına geri qayıdan keçmiş məcburi köçkünlər onlara verilən maarifləndirmə məlumatlarına, təlimatlara ciddi əməl etməlidirlər. İctimai Birlik hazırda işğaldan azad olunmuş ərazilərdəki mina və partlamamış hərbi sursatlar probleminə dair monitorinqlərin keçirilməsi işinə cəlb olunub. Həmin monitorinqin yekun hesabatı əməkdaşlıq etdiyimiz və mina problemləri ilə məşğul olan bütün beynəlxalq təşkilatların rəhbərlərinə, donor ölkələrin nümayəndələrinə göndəriləcək”.

(Azərtac)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0