Bu gün iyul şəhidlərinin, general-mayor Polad Həşimovun anım günüdür
13:50 14.07.2023 (Yenilənib: 14:03 14.07.2023)
© Sputnik / Ilham AhmadovPolad Həşimov, arxiv
© Sputnik / Ilham Ahmadov
Abunə olmaq
Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub.
BAKI, 14 iyul — Sputnik. Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə Tovuz döyüşləri qızıl hərflərlə yazılıb. Silahlı Qüvvələrimizin şanlı Zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin başlamasından üç il ötür.
Döyüşlərin birinci günündə - 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma keçməyə cəhd göstəriblər. Döyüşdə düşmənin hücumunun qarşısını alarkən Ordumuzun üç hərbi qulluqçusu şəhid olub, beş nəfər isə yaralanıb. Ermənistan ordusunun şəxsi heyəti isə həmin döyüşlərdə çoxsaylı itki verib.
İyulun 13-nə keçən gecə artilleriya, minaatan və tankların tətbiqi ilə gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Bölmələrimizin endirdiyi sarsıdıcı zərbələr nəticəsində düşmən xeyli itki verib.
İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Bölmələrimiz düşmənin fəaliyyətinin qarşısının alınması məqsədilə cəza tədbirləri görüblər. Təxribatı davam etdirmək məqsədilə mövqelərimizə hücuma keçməyə cəhd göstərən qarşı tərəfin bu niyyətinin də qarşısı alınıb. Düşmən itkiləri barədə məlumatları gizlədib. Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib. Döyüşlər zamanı dörd hərbi qulluqçumuz şəhid olub. Azərbaycan Ordusunun bölmələri şəhidlərimizin qanını yerdə qoymayıblar.
Şiddətli döyüşlər iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində davam edib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib. İki sutka ərzində qarşı tərəfə sarsıdıcı atəş zərbələri endirilib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı böyük itki verən düşmən geri çəkilib.
© Sputnik / Ilham AhmadovPolad Həşimovun ağac üzərində rəsmi
Polad Həşimovun ağac üzərində rəsmi
© Sputnik / Ilham Ahmadov
İyulun 14-də Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyub. Həmin gün döyüş zamanı müdafiənin ön xəttindəki Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də düşmən hücumunun qarşısını alarkən beş hərbi qulluqçumuz qəhrəmancasına şəhid olublar.
Bu, Azərbaycan Ordusunun general və digər yüksəkrütbəli zabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetməsini dünyaya nümayiş etdirib.
Həmin gün bu istiqamətdə ağır döyüşlər gedib. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutub. Bu hadisələrdən sonra Azərbaycan Prezidenti Ermənistana qarşı cəza əməliyyatının başlanmasına dair göstəriş verib. Ali Baş Komandan İlham Əliyev həmin günlər deyib:
“Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.
Ölkə rəhbəri Tovuzda baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırıb və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadə edib.
İyulun 16-da səhər mövqelərimizə yenidən hücum etməyə cəhd göstərən düşmən Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub. Lakin qarşı tərəf yenə cavab atəşi ilə susdurulub.
İyulun 17-də Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da, ümumilikdə gərginlik davam edib.
Beləliklə, Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub:
general-mayor Polad Həşimov,
polkovnik İlqar Mirzəyev,
mayor Namiq Əhmədov,
mayor Anar Novruzov,
baş leytenant Rəşad Mahmudov,
gizir İlqar Zeynallı,
gizir Yaşar Babayev,
çavuş Vüqar Sadıqov,
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov,
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə,
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov,
əsgər Xəyyam Daşdəmirov.
Bu döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edilib, döyüş texnikası sıradan çıxarılıb.
Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola salıb.
© Sputnik / Nigar IskanderovaPolad Həşimov fotolarda
Polad Həşimov fotolarda
© Sputnik / Nigar Iskanderova
General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.
Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.
P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.
2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Ötən ildən Bakı şəhərinin küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.
P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.
P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.
Qeyd edək ki, P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.