Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

İsti hava, kondisionersiz avtobuslar - "Dərdimizi kimə deyək?"

© Sputnik / Murad Orujovavtobus
avtobus - Sputnik Azərbaycan, 1920, 12.07.2023
Abunə olmaq
Daşıyıcı şirkət nümayəndəsi bildirib ki, yeni avtobusları almaq üçün vəsait yoxdur. Ona görə də avtobus parkını birdən-birə yeniləmək mümkün deyil.
BAKI, 12 iyul — Sputnik. Son günlər havalar isti keçsə də, ictimai nəqliyyatın bəzi növlərində kondisionerlər işləmir. Sıxlıq, isti və havasızlıq sərnişinlərin haqlı narazılığına səbəb olur. Onlar kondisionerin qoşulmasını tələb etsələr də, avtobus sürücüləri sərinləşdirici qurğuların işləmədiyini bəhanə edərək bundan imtina edirlər.
Daşıyıcı şirkətlərdən biri Bakı ətrafı marşrut xətləri üzrə sərnişin daşıyan avtobuslarda kondisioner sisteminin işləməməsinin səbəbini açıqlayıb. "Çinar Trans" MMC-nin rəhbəri İsmayıl Hüseynov 133 və 165 saylı avtobuslarda sərinləşdirici qurğuların işləməməsinin səbəbini avtobusların köhnə olması, vaxtında təmir üçün vəsaitin çatışmaması ilə əlaqələndirib.
Avtobuslarda kondisioner niyə işləmir?
"Avtobusların servis xidməti istehsalat bazalarındadır (qarajlarda - red.). Sərinləşdirici qurğunu təmir etmək üçün avtobusu xətdən çıxartmaq olmur. Bəli, kondisioneri işləməyən avtobuslar var. Amma onların təmiri maliyyə problemləri, ehtiyat hissələrinin olmadığına görə gecikir. Bununla belə bəzi avtobuslarımızda kondisioner sistemi saz vəziyyətdədir", - deyə şirkət rəsmisi bildirib.
İ.Hüseynovun sözlərinə görə, imkan daxilində avtobus parkı tədricən yenilənir. Amma onlar kondisioneri olmayan "Daewoo" markalı avtobusları da xəttə çıxarmağa məcburdurlar:

"Köhnə avtobusları xəttə çıxartmasaq, avtobus çatışmazlığı yaranacaq", - şirkət rəsmisi deyib.

Daşıyıcı bildirib ki, hazırda avtobus parkını tam yeniləmək istəsələr də, bunun üçün kifayət qədər vəsaitləri yoxdur: "Yanacağa verilən subsidiya kəsilib. Yeni avtobusları almağa vəsait yoxdur. Ona görə də avtobus parkını birdən-birə yeniləyə bilmirlər".
"Şikayət ediləndə yeni avtobusları çıxarıb, xəttə köhnələrini salırlar"
Qeyd edək ki, hazırda "Çinar Trans" MMC-nin balansında olan iki marşrut üzrə sərnişinlər kondisionerin işləmədiyindən şikayətlənirlər. Bunlar 133 və 165 saylı marşrutlardır. 133 saylı avtobusun sərnişinləri Sputnik Azərbaycan-a bildiriblər ki, dəfələrlə Bakı Nəqliyyat Agentliyinə şikayət etsələr də, problem həll olunmur.
Binəqədi qəsəbə sakini Aytac Muradova bildirib ki, xətdə avtobus sayı az olduğundan, sərnişin sıxlığı olur. İsti havada avtobusda gedib-gəlmək isə dözülməzdir. Qəsəbə sakininin sözlərinə görə, sürücülərə irad bildirsələr də, onlar kondisionerin daşıyıcı tərəfindən hələ ki, təmir edilmədiyini söyləyirlər.

"Çox şikayət edəndə xətdən kondisionerli "Karsan" avtobuslarını çıxarıb, yerinə köhnə, sərinləşdirici qurğusu olmayan "Daewoo" markalı avtobusları salırlar. Dəfələrlə şikayət etsək də problem aradan qaldırılmır. Dərdimizi kimə deyək, bilmirik".

İ.Hüseynov isə hazırda göstərilən marşrut xəttində 15 ədəd avtobus işlədiyini söyləyib. O, yeni avtobuslar nasaz olduqda xəttə köhnə avtobusları çıxardıqlarını etiraf edib. Bildirib ki, maliyyə imkanları olduqca yeni avtobuslar alınır, köhnələr təmir olunur.
BNA nə tədbir görür?
"Çinar Trans" MMC-nin balansında olan 165 saylı xətdə isə ümumiyyətlə yeni, sərinləşdirici qurğusu olan avtobus yoxdur.
Sərnişinlərin məlumatına görə, hazırda 165, 108B, 108A,179, 147 saylı xətlərdə bir ədəd belə müasir, sərinləndirici qurğusu olan avtobus yoxdur. Gedişhaqqı bahalaşsa da, sözügedən xətt sahibləri avtobus parkını yeniləməyiblər.
Bakı Nəqliyyat Agentliyindən isə sorğumuza cavabda bildirildi ki, avtobus parkını yeniləmək daşıyıcılar qarşısına ciddi tələb kimi qoyulub. Bu tələbə əməl edə bilməyən daşıyıcılarla müqaviləyə xitam verilir, marşrut müsabiqəyə çıxarılır.
Daşıyıcıların vəziyyəti ağırdır
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə Sputnik Azərbaycan-a deyib ki, Bakıda daşıyıcı şirkətlərin avtobus parkı çox köhnədir. Avtobus parklarının yenilənməsi prosesi isə çox ləng həyata keçirilir.
Ekspertin sözlərinə görə, hazırda daşıyıcı şirkətlərin də çoxu borc içindədirlər. Ona görə də, yeni avtobuslar ala bilmirlər.
© Sputnik / Murad OrujovElməddin Muradlı, arxiv
Транспортный эксперт Эльмаддин Мурадлы - Sputnik Azərbaycan, 1920, 11.07.2023
Elməddin Muradlı, arxiv

"Gediş haqqını 10 qəpik artırdılar ki, daşıyıcı şirkətlərin maddi durumu yaxşılaşsın, digər tərəfdən yanacağa görə verilən subsidiyanı kəsdilər. Daşıyıcı şirkətlərə dəstək göstərilmir", - deyə E.Muradlı bildirib.

Ekspert qeyd edib ki, hazırda həm köhnə, həm də qiyməti 300-400 min manat olan yeni avtobuslarla sərnişindaşıma qiyməti eynidir. Ona görə də, daşıyıcı şirkətlər avtobus parkını yeniləməkdə maraqlı deyillər.
Onun sözlərinə görə, bəzən daşıyıcı şirkətlər yanacağa qənaət etmək üçün soyuducu sistemi işlətmir.
Elməddin Muradlı ictimai nəqliyyatda bu problemlərin aradan qaldırılması üçün ciddi nəzarətin həyata keçirilməli olduğunu, dövlətin sərnişindaşıma sahəsində fəaliyyət göstərən şirkətlərə dəstək olmasının vacibliyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda avtobuslar - Sputnik Azərbaycan, 1920, 05.07.2023
PAYTAXT XƏBƏRLƏRİ
İstismara yararsız avtobuslarla sərnişin daşıma hallarına tez-tez rast gəlinir
Xəbər lenti
0