Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bizi gözləyən su böhranı: Ondan ancaq bu tədbirləri görməklə xilas ola bilərik - VİDEO

Abunə olmaq
Fərzəli Həsənov bildirib ki, əgər Bakıya gələn su düzgün paylanılarsa, səmərəli istifadə edilərsə, Bakı və Abşeron əhalisinə bəs edər.
Havalar isindikcə, içməli su çatışmazlığı problemi aktuallaşır. Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan Su Komissiyası su mənbələrindən, o cümlədən əsasən şirin suyun Azərbaycanın paytaxtına çatdırıldığı Ceyranbatan gölündən qənaətlə suyun istifadə edilməsi ilə bağlı qərar qəbul edib. Belə ki, əgər əvvəllər Bakının Suraxanı, Sabunçu, Binəqədi rayonlarında, o cümlədən Abşeronda və digər ətraf ərazilərdə 14 saat ərzində su verilirdisə, indi suyun verilmə qrafiki 10 saata, 12 saatlıq su verilmə qrafiki olan ərazilərdə isə 8 saata endirilib. Hələ qızmar aylar gəlməmiş qənaət rejiminə keçid barədə qərarın verilməsi su problemin kifayət qədər ciddi olduğundan xəbər verir.
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində bu mövzuya həsr olunmuş mətbuat konfransının qonağı Azərbaycan Memarlıq və İnşaat Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi kafedrası dosenti Fərzəli Həsənov olub.
Quraqlıq yerlərdə susevər bitkilər əkilməməlidir!
F. Həsənov bildirib ki, Azərbaycanın bir illik yerüstü su ehtiyatı 32 milyard kubmetrdir. Bu həcmdə su ancaq gursulu illərdə olur. Quraqlıq ildə bu rəqəm 23 milyard kuba düşür. Onun sözlərinə görə, biz il ərzində 10-12 milyard kub su istifadə edirik.
F. Həsənov bildirib ki, ən çox su ərzaq məhsullarının istehsalı üçün istifadə olunur. Həmsöhbətimiz bildirib ki, Kür-Araz düzənliyində suvarma aparmadan heç bir bitkidən bir kiloqram belə məhsul almaq mümkün deyil.
Mütəxəssis deyib ki, əkinçilik düzgün planlanmanlıdır.
"Hər yerdə taxıl əkmək düzgün yanaşma deyil. Hansı yerlərdə dəmyə torpaq var, orada suya az təlabat olan bitkilər əkilməlidir. Bu yolla biz suvarma üçün istifadə olunan suya qənaət etmiş olarıq", - deyə F. Həsənov bildirib.
Köhnə suvarma metodundan əl çəkməliyik!
Universitet dossentinin sözlərinə görə, digər bir problem hələ də köhnə suvrma metodlarından istifadə etməyimizdir: "Biz pambığı illər öncə, dədə-baba qaydası ilə necə suvarırdıqsa, elə də davam edirik. Bu da sudan istifadədə səmərəliliyi azaldır. Sudan artıq istifadə nəticəsində su mənbələrimizdə su çatışmır. Bu gün rayonlarda insanların su çatışmazlığından əziyyət çəkməsinin səbəbi də budur. Damcı suvarma sistemi suvarmada geniş tətbiq olunmalıdır".
F. Həsənov bildirib ki, Azərbaycanda suvarma kanallarının çoxu istismar müddətini başa vurub. Onun dediyinə görə, torpaq kanallar tikildikdən sonra 20 il müddətində istismar oluna bilər. Üzlük çəkilmiş kanallar isə ən çoxu 40 il istifadə oluna bilər: "Bizim suvarma kanalları yenilənməlidir. Hazırda biz onları təmir edib işlədirik. Bu da su itkisinə səbəb olur".
Bakı-Abşerona saniyədə 26 kub su gəlsə də, çoxu itkiyə gedir
Alim bildirib ki, Bakı və Abşeronda içməli su çatışmazlığının səbəbləri çoxdur. Onun sözlərinə görə, paytaxtda son illər əhali sayı kəskin artıb. O, həmçinin qeyd edib ki, Bakıya su kənar mənbələrdən çəkilərək gətirilib.
"Bütövlükdə Bakı-Abşerona saniyədə 26 kub su gəlir. Bu kifayət qədər böyük rəqəmdir. Əgər su düzgün paylanılarsa, səmərəli istifadə edilərsə, bu su Bakı və Abşeron əhalisinə bəs edər. Paytaxtın relyefi də fərqlidir. Bakıda illər öncə inşa olunan köhnə borular var. Təəssüf ki, paytaxtda su düzgün paylanılmır, çoxlu itkilər var. 1950-ci ildə tikilən borular bu gün də istismar olunur. Yeni binalar inşa olunduqca bu su kəmərlərinə qoşulur. Köhnə kəmərlər isə bu qədər müdaxiləyə davam gətirmir. Əhaliyə su çatmadıqda məcbur olaraq verilən suyun təzyiqini artırırlar. Həmin xətlər bu basqıya tab gətirməyərək partlayır", - deyə mütəxəssis bildirib.
Təmizlənən sular suvarmada, texniki məqsədlər üçün istifadə edilməlidir
F. Həsənov onu da qeyd edib ki, təmizləyici qurğular vasitəsilə təmizlənmiş sulardan da suvarmada, texniki məqsədlər üçün istifadə olunmalıdır: "Bu gün Bakıda bağlar, parklar içməli su ilə suvarılır. Halbuki, təmizlənmiş suları bağların suvarılmasına yönəltmək olar. Çünki, bizdə su təmizləyici qurğular inşa olunub. Beləcə şirin su israfının qarşısı alınar. Əgər Bakıya gələn su düzgün planlanaraq verilərsə, düzgün nizamlanarsa, su problemi yaranmaz".
Qonaq burğulayıb ki, suya qanunsuz qoşulmaların da qarşısı alınmalıdır.
"Bakı-Abşeronda villalara qanunsuz yolla çəkilən su xətləri kəsilməlidir. Qanunsuz çəkilən suya qənaət edilmir. Avtoyuma məntəqələri suyu qənaətlə istifadə etmir. Ən azı belə yerlərdə texniki sudan istifadə edilməlidir. Bu tədbirlər həyata keçirilərsə, bizi gələcəkdə gözləyən su böhanından xilas ola bilərik!", - deyə mütəxəssis bildirib.
Xəbər lenti
0