Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Velosipedlə problemi olan paytaxt: Təkcə dövlət deyil, adamlar da ekologiyanı düşünməlidir

© Sputnik / Murad OrujovBakıda sərtləşdirilmiş xüsusi karantin rejimi
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi  - Sputnik Azərbaycan, 1920, 08.05.2023
Abunə olmaq
Velosiped sağlam şəhər, sağlam gələcək, sağlam atmosfer, yollarda vaxt itirməmək, sevdiklərimizə daha çox zaman ayırmaq deməkdir, amma Azərbaycandakı yollar, düşüncələrimiz bu nəqliyyat vasitəsinin inkişafına imkan vermir.
BAKI, 8 may — Sputnik. Belçikada işə velosipedlə gedənlər üçün hər kilometrə görə 0,27 avro (50 qəpik) müavinət ödəniləcək. Bununla bağlı işə götürənlərlə işçilər arasında razılaşma olacaq. Gündəlik işçilərə ödəniləcək bu vəsait maksimum həddə - 10,8 avro ilə məhdudlaşacaq. Burada əsas məqsəd velosipedi bir nəqliyyat növü kimi təşviq etməkdir.
Azərbaycanda uzun illərdir ki, bir nəqliyyat vasitəsi kimi velosiped yollarının çəkilməsi müzakirə olunsa da, bu istiqamətdə nəzərəçarpacaq bir irəliləyiş əldə edilməyib.
Niderland modeli necədir?
"İnsan yönümlü şəhərlər" layihəsinin təmsilçisi Arzu Süleymanov Sputnik Azərbaycan-a açıqlamasında dünyanın ən zəngin ölkələrindən biri olan Niderland təcrübəsindən danışıb. O qeyd edib ki, bu ölkədə bir nəqliyyat vasitəsi olaraq velosipedə daha çox maraq və sevgi var:
"1960-cı ildən sonra ölkədə avtomobilə maraq artdı, velosipedin populyarlığı isə azaldı. Beləcə tıxaclar yarandı, havanın çirklənməsi müşahidə olundu. Vəziyyətdən çıxış yolu olaraq hökumət velosiped sürməyin əhəmiyyətini, populyarlığını artırmaq və tıxacları azaltmaq üçün bir sıra tədbirləri icra etməyə qərar verdi: Avtomobillərin şəhər mərkəzinə girişi məhdudlaşdırıldı, şəhərin mərkəzində parkinq xərcləri artırıldı, velosiped yolları tikildi, əksər şəhər yollarında sürət həddi 30 km/saat aşağıya endirildi. Nəticədə bu gün də Niderlandda əhalinin 84 faizi, yəni demək olar ki, hamı, avtomobili olanlar belə velosiped sürür".
A.Süleymanov bildirir ki, velosiped infrastrukturunun inkişafı üçün dövlət qurumlarının bu problem ətrafında birləşməsi vacibdir:
"Baxın, Niderlandın şəhər və regional dövlət qurumları şəhərlərdə avtomobillərin kütləvi istifadəsi ilə bağlı problemi həll edib, müxtəlif agentliklər isə bu işdə onlara strategiyalar, mobillik planları və layihələr hazırlamağa kömək edir. Bunun üçün velosipedçilərin təklifləri də nəzərə alınır. Yəni, kompleks işlərin icrasına ehtiyac var".
Bakıda nə etməli?
Həmsöhbətimiz bildirir ki, yüksək keyfiyyətli velosiped zolaqları olmalıdır. Avtomobillər üçün şəhər mərkəzindən kənarda parkinq yerləri yaradılmalıdır. İctimai yerlərdə, xüsusən də qatar stansiyalarının yaxınlığında velosipedlərin parkinqi üçün yerlər yaradılmalıdır.
Velosipedə bir nəqliyyat vasitəsi kimi hörmət yoxdur
Velosipedçi Tofiq Hidayətzadə Sputnik Azərbaycan-a bildirib ki, velosipedə uşaq oyuncağı kimi yox, bir nəqliyyat vasitəsi kimi də baxmaqla problemlərdən çıxış yolunu tapa bilərik:
"Yollarda olarkən müxtəlif maneələrlə qarşılaşırıq. Taksi sürücüləri irad bildirir ki, "çıx get səkidə sür". Yəni, öncə düşüncələrimizi, bu nəqliyyat vasitəsinə münasibəti dəyişməliyik, daha sonra infrasturkturla bağlı məsələlərə baxmalıyıq".
Şəbəkə formasında velosiped yolların olmaması nəqliyyat vasitəsi kimi velosipedə üstünlük vermək istəyənlərdə müəyyən tərəddüd, bəzən qorxu yaradır. İllərin peşəkar sürücüsü olan həmsöhbətimiz deyir ki, ondan fərqli olaraq bəzi velosipedçilər çətin yollarda sürməyə çəkinirlər:
"Ümumiyyətlə maşın yollarında hərəkət etmək təhlükəlidir. Bakının bir hissəsi dağlıq ərazi olduğundan velosipedlə həmin ərazilərə sürmək də bir qədər əziyyətlidir. Lakin Bakının digər ərazilərində çox rahat şəkildə velosiped sürmək mümkündür".
Vəziyyətdən sadə çıxış yolu var
Həmsöhbətimiz bildirir ki, çox asan və əlavə vəsait tələb etməyən bir yolla da vəziyyəti nizama salmaq mümkündür:
"Avtobus zolaqlarında da velosipedçilərə yol ayrıla bilər. Belə bir addımın atılması dövlət üçün çox səmərəli olar".
Velosipedçi bildirir ki, o, təhlükəsizlik üçün velosiped zolaqlarının səkidə salınmasının tərəfdarıdır:
"Lakin səkidə velosiped zolağının salınması da asan deyil. Təbii ki, bunun üçün səkini mümkün qədər genişləndirmək olar. Polşa nümunəsində də biz bunu görə bilərik. Polşada velosiped yolları səkilərdə salınıb. Bu ölkədə piyadalar üçün ayrı, velosipedçilər üçün ayrıca işıqforlar quraşdırılıb. Bizdə də bu infrasturkturu qurmaq olar".
Velosiped ömrümüzdən gedən vaxtı və doğmalarımızı bizə qaytarır
T.Hidayətzadə bildirir ki, Bakıda müəyyən bir məsafəni velosipedlə səkkiz dəqiqəyə, avtomobillə 20 dəqiqəyə getmək mümkündür. Bu həm də zaman itkisinin qarşısını almaq deməkdir:
"Baxın, hazırda Bakıda demək olar ki, günün bütün saatlarında yollarda tıxac müşahidə olunur. Düşünürəm ki, velosiped bir nəqliyyat növü kimi təşviq olunarsa, vəziyyətdən çıxış yolu tapa bilərik. Bakı əhalisinin təxminən 20 faizi işini velosipedlə görsə, tıxaclar da indiki həddə olmaz".
Velosiped yollarının əhəmiyyətli olduğunu deyən T.Hidayətzadə qeyd edir ki, bəzi vətəndaşlar məhz velosiped yolları, bunun üçün lazımi infrastuktur olmadığı üçün bir nəqliyyat növü kimi ondan imtina edirlər və buna görə dövləti günahlandırırlar:
"Hər şeydə dövləti ittiham etmək düzgün deyil. Velosiped yolları olmasa da, bu nəqliyyat növünü istifadə edənlərin sayı ildən ilə artmaqdadır. Yəni bu o deməkdir ki, istəsək, nəyəsə nail ola bilərik. İstəsək, Bakıda bir şəbəkə, zəncir formasında bir-biri ilə əlaqəli velosiped yolları yarada bilərik. Bunun üçün hərtərəfəli səylər göstərməliyik".
T.Hidayətzadə Dənizkənarı Milli Parkda velosiped yolunun olduğunu xatırladıb. Lakin deyib ki, ora gəlib çıxmaq üçün də bir yolun olmalıdır : "Dənizkənarı Milli Parkın bir başından o biri başınadək yol olsa, velosipedçilər də rahatlıqla hərəkət edə bilərlər".
Traktorlar belə maneədir
T.Hidayətzadə qeyd edir ki, çəkilən velosiped yollarına nəzarət olmalıdır: "Velosiped yolu çəkilir, kimsə idarə etdiyi traktoru orada saxlayır. Yolları çəkiriksə, nəzarəti də həyata keçirməliyik. Velosiped yollarında dayanmaya görə cərimələr tətbiq olunmalıdır".
Həmsöhbətimizin fikrincə, velosiped yollarının özünəməxsus standartlarının olması da nəzərə alınmalıdır:
"Velosiped yollarının özünəməxsus standartları var. Hazırda çəkilən yollarda yağışlı havada suyun yığılıb qalması velosipedçilərə problem yaradır. "8 Noyabr" prospektində də yollar daşlardan döşənib, bir qədər yağış yağdıqda hərəkətdə olan velosiped silkələnir. Velosiped yolu xüsusi materiallar üzərində qurulmalıdır".
Bakı Nəqliyyat Agentliyi nə planlaşdırır?
BNA-dan bildirilib ki, inkişaf etmiş şəhərlərdə velisiped nəqliyyatına keçid üçün lazımi tədbirlər həyata keçirilir. Çünki velosiped nəqliyyatı bir çox parametrlərə görə avtomobil nəqliyyatından daha uğurlu hesab edilir. Velosiped nəqliyyatının geniş istifadəsi şəhər mühitinin inkişafı, tıxac və sıxlıqların azaldılması, havaya daha az zərərli qazların buraxılması, fiziki fəallığın artırılması, sağlam həyat mühitinə keçid deməkdir. Bu səbəbdən Bakı şəhərində də velosiped infrastrukturunun qurulması, insanların velosiped nəqliyyatından istifadəyə təşviq edilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.
“Bakıda velosiped nəqliyyatı”konseptual planı hazırlanıb. Sözügedən plan Bakı şəhərinin hazırlanan yeni Baş Planına da daxil edilib. Baş plana əsasən ilkin mərhələdə, yəni, 2027-ci ilə qədər Bakı şəhərində ümumi uzunluğu 63.5 km, daha sonrakı mərhələdə isə yəni 2040-cı ilədək umumi uzunluğu 251.2 km olan velosiped yol şəbəkəsinin təşkili planlaşdırılır.
"Hal-hazırda pilot layihə olaraq şəhərin mərkəzi hissəsini əhatə edən 7.5 km uzunluğunda velosiped yolunun təşkili istiqamətində işlər aparılmaqdadır", - deyə BNA-dan sorğumuza cavab olaraq bildirilib.
Qeyd olunub ki, ümumilikdə 1700 metr məsafədə tikinti işləri yekunlaşıb, daha 650 metr məsafədə isə işlər yekunlaşmaq üzrədir:
"Paralel olaraq məhz Bakı Nəqliyyat Agentliyinin dəstək verdiyi layihə əsasında Mərdəkan-Şüvəlan yolunda 8.2 km uzunluğunda velosiped yollarının inşası istiqamətində işlər davam etdirilməkdədir. Bundan öncə isə Zuğulba yolunda 5 məntəqəni bir-biri ilə əlaqələndirən 2 km uzunluğunda velosiped yolu inşa edilərək velosipedçilərimizin istifadəsinə verilib. Həmçinin Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Yasamal və Hövsan yaşayış komplekslərinin ərazilərində də birgə əməkdaşlıq nəticəsində velosiped yolları layihələndirilərək inşa edilib".
Velosipedlərin qənimi - minik avtomobilləri
Ekspertlərin fikrincə, paytaxtda velosiped infrastrukturunun formalaşmasına minik avtomobillərinin sıxlığı mane olur.
Dövlət Statistika Komitəsinin açıqladığı hesabata görə, ölkədə minik avtomobillərinin sayı 1 milyon 349 min 307-dir. Bununla hər yüz ailəyə düşən şəxsi minik avtomobillərinin sayı 59, hər min nəfərə düşən avtomobil sayı 156, hər min nəfərə düşən minik avtomobilinin sayı 135, hər 1 kilometr şosse yoluna düşən avtomobil sayı 81 olub.
Nəticədə paytaxtın yolları "butulka boğazı" kimi keçilməz səviyyədir.
Ekspertlər hesab edirlər ki, paytaxtda tıxac probleminin qarşısını almağa və ekoloji cəhətdən təmiz, sağlamlığa faydalı velosiped yollarının qurulması ilə bağlı problemin həllinə hər kəs özündən başlamalıdır. Hamı velosipedin bir oyuncaq deyil, həm də nəqliyyat vasitəsi olduğunu dərk etsə, velosipedçiyə yol-hərəkət iştirakçısı kimi baxılsa, cəmiyyət olaraq qısa zamanda bu istiqamətdə müsbət irəliləyişlər əldə etmiş olarıq.
Xəbər lenti
0