Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hər qələbədən sonra Azərbaycan bayrağına sarılıram - Rusiyalı MMA döyüşçüsü - FOTO, VİDEO

© Photo : Instagram / elbek_alyshovElbəy Alışov
Elbəy Alışov - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Abunə olmaq
Dünya çempionu olan həmyerlimiz MMA sayəsində qorxularını dəf etməyi öyrəndiyini, özünə inamının artdığını dilə gətirib.
BAKI, 30 aprel — Sputnik. Hazırda dünya miqyaslı idman yarışlarında öz sözünü deyən kifayət qədər istedadlı, gənc həmyerlilərimiz var. Onlardan biri də 1999-cu il martın 30-da Rusiyanın Moskva vilayətinin İstra şəhərində dünyaya göz açan, qaydasız döyüş ustası, 24 yaşlı Elbəy Alışovdur.
Rusiya vətəndaşı olan həmyerlimiz xeyli vaxtdır ki, bu ölkəni mötəbər beynəlxalq yarışlarda təmsil edir, bu ölkə üçün böyük uğurlara imza atır. Rusiyanın MMA üzrə yeniyetmələr arasında yeganə dünya çempionu olan Elbəy Alışov Sputnik Azərbaycan-ın qonağı olub və suallarımızı cavablandırıb.
Beş yaşından etibarən peşəkar idmanla məşğul olmağa başlayan, idman karyerasına cüdo və sambo idman növləri ilə start verən Elbəy Alışov ilk dəfə 14 yaşında MMA yarışlarında gücünü sınayır.
Atası və böyük qardaşı da idmançı olan həmsöhbətimiz cüdo, sambo və digər idman növləri üzrə də Rusiyanın adını dəfələrlə zirvələrə qaldırıb. Onun 300-dək medalı, 50-dək kuboku var. O, artıq bir neçə ildir ki, qaydasız döyüşdə peşəkarcasına özünü sınayır. Belə ki, 7.0 rekorda imza atan idmançı ümumilikdə bunadək 30 döyüşə qatılıb.

"Uşaq vaxtından atama deyirdim ki, dünya çempionu olacağam, çoxlu pul qazanacağam. O vaxtlar qardaşım və mən çox davakar idik, məktəbdə də tez-tez dalaşardıq. Enerjimizi idmana yönəltdik. On dörd yaşımda qarşıma MMA yarışları ilə bağlı bir turnir haqda məlumat çıxdı. Rusiyada keçirilən döyüşlərə qatıldım, öncə öz çəkimdə olan idmançı ilə gücümü sınadım və qələbə qazandım. Çox sevinirdim. Daha sonra isə çəkidə məndən daha ağır olan rəqiblə qarşılaşdım. Həmin vaxt çəkisi 58 kq olan rəqiblə yarışacaq kimsə olmadığından mənə təklif etdilər ki, onunla rinqə çıxım. Rəqibin yaşı da, təcrübəsi də məndən çox idi. Buna qədər də Rusiyada keçirilən yarışlarda xeyli qələbə qazanmışdı. İçimdə "məğlub olacağam" deyə bir qorxu vardı. Düşündüm ki, mən bu qorxuya qalib gəlməliyəm, döyüşdüm, qorxularımdan xilas olub qalib gəldim".

© Photo : Instagram / elbek_alyshovElbəy Alışov
Elbəy Alışov - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Elbəy Alışov
Elbəy deyir ki, 18 yaşında kəmər uğrunda qatıldığı yarış da onun üçün yaddaqalan olub:
"On səkkiz yaşım var idi, o vaxtadək 6 həvəskar oyunum olmuşdu. Ardıcıl olaraq 12 qələbə qazanmalı idim ki, kəmər uğrunda döyüşə çıxım. Bunadək heç bir kəmərim yox idi. Dünya çempionu, həm də güləş üzrə müəllimlə qarşılaşmalı idim. Döyüşün çətin olacağını bilirdim. O zaman mənim çəkim 65 kq, rəqibin çəkisi isə 67 kq idi. Üç gün makaron yeyirdim ki, çəkim artsın. Növbəti gün zəng edərək rəqibin 68 kq, sonra 69 kq-da olduğunu dedilər. İntuisiyam deyirdi ki, rəqibin çəkisi daha çoxdur. Kimsə bunu mənə deməyəcəkdi. Ona görə döyüşdən öncə rəqibimin çəkisinin nə qədər olduğuna baxdım. Onun çəkisi 72 kq 600 qr idi. Beləliklə, rəqibim məndən 7 kq-dək ağır idi. Müəllimim də rəqibimin daha güclü olduğunu görürdü. Dedi ki, özün düşün ki, bu döyüşə çıxa bilərsən, ya yox. Qorxuma qalib gəldim və onun üzərində qələbə qazandım. Həmin rəqibim Bəhreyndə keçirilən dünya çempionatına getməli idi. Onun əvəzinə çempionata məni göndərdilər".
© Sputnik / Murad OrujovElbəy Alışov
Elbəy Alışov - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Elbəy Alışov
Qaydasız döyüş onlara qorxuları yenməyi öyrədir
Həmsöhbətimiz 2018-ci ildə 55 ölkənin qatıldığı, Bəhreyndə baş tutan Dünya Çempionatı haqda danışır. Qeyd edir ki, 4 rəqibi məğlub edərək çempion olub:

"Qatıldığım dünya çempionatında 2-ci, 3-cü yerdə olmağı düşünmürdüm, ancaq birinci olmağa qərarlı idim. Hər gün bir döyüşüm var idi. İlk döyüşüm çətinliklə keçdi, bədənim şişdi. Döyüşü udsam da, ondan sonra özümü çox pis hiss edirdim. Sonrakı döyüşlərdə də təcrübədə məndən daha üstün olan rəqiblərimə qalib gəldim. Son rəqibim Qazaxıstan idmançısı idi. Ölümə belə hazır idim, amma imkan verməzdim ki, o qalib gəlsin. Nəticədə Rusiyanın himni səsləndirildi".

Həmsöhbətimiz deyir ki, içindəki qorxunu aşdıqdan sonra MMA-da yolu açılıb.
"Sanki bu döyüşlə öz üzərimdə qələbə qazanmışdım, qorxularımı dəf etmişdim. Ümumiyyətlə, MMA oyunlarının 90 faizi psixologiyadan ibarətdir. Biz hər gün öz üzərimizdə qələbə qazanmağı, qorxularla üz-üzə gəlib onları dəf etməyi öyrənirik, bundan zövq alırıq. Bu döyüşlərdə həm də adrenalin alırsan".
Öncə cüdoda özünü sınayan həmyerlimiz bu idman növündən ayrılmağının da səbəblərindən danışır. Onun sözlərinə görə, illər öncə ənənvi idmandan bezdiyi üçün cüdodan ayrılıb:

"Lakin zamanla MMA mənə daha maraqlı gəldi. Bu elə bir idman növüdür ki, sən hər zaman öyrənməlisən. Bəlkə də nə zamansa cüdoya yenidən qayıdaram, güləşərəm, amma hələ ki, bu idman növünə qayıtmağı düşünmürəm".

© Photo : Instagram / elbek_alyshovElbəy Alışov
Elbəy Alışov - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Elbəy Alışov
Qaydasız döyüşün müxtəlif təşkilati növlərindən danışan həmyerlimiz bildirib ki, UFC ilə MMA demək olar ki, eyni sistemdir. Sadəcə olaraq, birinci dünyada daha məşhurdur deyən idmançı bir qədər də MMA-nın özünəməxsusluğundan danışır.
Həmsöhbətimiz bildirir ki, o bir çox liqalarda gücünü sınamağı planlaşdırır.
Elbəy onu da qeyd edir ki, bu döyüş sistemində gözə və bədənin müəyyən yerlərinə zərbə endirmək olmaz:

"Dizlə, dirsəklə zərbə endirə bilərsən, rəqibi boğa bilərsən. Bu döyüşdən sən sağlam çıxmaq haqda düşünürsən. Çünki burada səni boğa da, nokaut vəziyyətinə sala da bilərlər. Hər döyüşdən sonra zədələrim olur. Lakin cüdodan çıxanda belə olmur".

Taylandda keçirilən təim-məşq toplanışı da həmyerlimizə böyük təcrübə, güc qazandırıb:
"Taylandda dörd ay qaldım. Ora bütün dünyadan ən yaxşı döyüşçülər gəlmişdi. Oradakı məşqlər zamanı çox böyük güc, qüvvə topladım".
Həmyerlimiz deyir ki, nə zamansa Azərbaycan adından da çıxış edib qələbə qazanmaq, ölkəmizin bayrağını zirvələrə qaldırmaq arzusundadır.

"Hər qələbədən sonra birincilik kürsüsündən aşağı endikdə Azərbaycan bayrağına sarılıram. Çünki Azərbaycan mənim qanım, canımdır".

* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0