Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"Xocahəsən" stansiyasının avtobus problemi: Sərnişinlər evə gedə bilmirlər - VİDEO

© Sputnik / Murad OrujovBakı Metropoliteninin "Xocəsən" elektrik deposu və stansiyası
Bakı Metropoliteninin Xocəsən  elektrik deposu və stansiyası - Sputnik Azərbaycan, 1920, 08.04.2023
Abunə olmaq
"Xocahəsən" metrostansiyasından yaşayış massivləri istiqamətlərinə əlavə marşrutların açılması sərnişinlərin sayını artıracaq.
BAKI, 8 aprel — Sputnik. Sərnişinlər ötən ilin sonu açılan "Xocahəsən" metrostansiyasından istifadə edə bilmirlər. Buna səbəb "Xocahəsən" metrostansiyasından istifadə edən sərnişinlərin ətrafdakı qəsəbələrə və yaşayış massivlərinə getmək üçün avtobus tapa bilməməsidir. Sosial platformada demək olar ki, hər gün buna dair sərnişin narazılıqlarını əks etdirən statuslar paylaşılır. Sərnişinlər bildirirlər ki, "Xocahəsən" metrostansiyasından çıxdıqdan sonra evə getməyə avtobus tapmırlar. Çünki, həmin metrostansiyanın qarşısından çox az istiqamətə marşrut xətləri fəaliyyət göstərir.
"Metrodan çıxıb evə gedə bilmirik"
Xırdalan şəhər sakini Ləman Mehriyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işə gedib-gəlmək üçün hələ də "20 Yanvar" metrostansiyasından istifadə edir. Çünki, Xırdalandan "Xocahəsən" metrostansiyasına və əks istiqamətə avtobus tapa bilmir. Həmsöhbətimiz deyir ki, "Xocahəsən" metrostansiyasının qarşısından Xırdalana yalnız bir avtobus gedir ki, o da ticarət mərkəzindən gəldiyindən, avtobusa minmək olmur.
Xırdalan sakinlərinin sosial platformalarda yazdıqlarına görə, "Xocahəsən" metrostansiyasının qarşısından Xırdalana Sədərək istiqamətindən gələn kiçiktutumlu mikroavtobus fəaliyyət göstərir. Həmin mikroavtobuslara isə minmək mümkün deyil. Sakinlər deyirlər ki, "Xocahəsən" metrostansiyası açılmazdan öncə bu problem aradan qaldırılmalı idi.
Xırdalanla yanaşı, Qobu, Masazır, Hökməli, Sulutəpə, Lökbatan kimi digər istiqamətə gedən sərnişinlər də "Xocahəsən" metrostansiyasından istifadə edə bilmirlər. Çünki, həmin istiqamətlərə də avtobus fəaliyyət göstərmir.
Sərnişinlərin sözlərinə görə, "Xocahəsən" metrostansiyası ilə ətraf qəsəbələri əlaqələndirən avtobuslar olarsa bu stansiyadan da istifadə edənlər çox olar.
"Abşeron" Gənclər Şəhərciyində yaşayan Xalid Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o "Xocahəsən" metrostansiyası açıldıqda sevinsə də, evinə yenə də "20 Yanvar" metrostansiyasından istifadə etməklə gedib-gəlir. Çünki, "Xocahəsən" metrostansiyasından "Abşeron" Gənclər Şəhərciyi istiqamətində heç bir sərnişin avtobusu fəaliyyət göstərmir: "Əgər "Xocahəsən" metrostansiyasından "Abşeron" Gənclər Şəhərciyi istiqamətində sərnişin daşıyan avtobuslar olsaydı, mən "20 yanvar" metrostansiyasına basabasda, tıxacda gəlməzdim".
Sənişinlərin bildirdiyinə görə, yaxın vaxtlarda "Xocahəsən" metrostansiyası ilə ətraf qəsəbələri əlaqələndirən marşrut xətləri açılmasa, bu metrostansiyanın fəaliyyətinin bir əhəmiyyəti qalmayacaq. Çünki, metrodan çox az sərnişin istifadə edir. Hətta sərnişinlər arasında "Xocahəsən" metrostansiyasının rentabelsiz olduğunu, bu stansiyadansa Xırdalan şəhərinə metro çəkilməsinin daha vacib olduğunu düşünənlər də var.
"Xocahəsən" metrostansiyası rentabellidirmi?
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Xocahəsən" metrostansiyasından yaşayış massivləri istiqamətlərinə əlavə marşrutların açılması sərnişinlərin sayını artıracaq. Bununla belə, yeni açılan stansiyanın qarşısından ətraf istiqamətlərə dərhal ictimai nəqliyyat infrastrukturu qurula bilməz. Onun sözlərinə görə, bunun üçün monitorinq aparılır, sərnişin axını öyrənilir, bundan sonra aidiyyatı qurumlarla danışıqlar aparılır.
B.Məmmədov onu da bildirib ki, bir metrostansiyanın sərnişin axının formalaşması üçün 6 ay vaxt tələb olunur. Həmsöhbətimiz deyir ki, "Xocahəsən" metrostansiyasından yanvar ayında təxminən gün ərzində 1500-1600 sərnişin daşınıb. Fevral ayında orta hesabla bu rəqəm 1700-1800-ə, mart ayında isə 2100-ə yüksəlib.
B.Məmmədov bildirdi ki, bu rəqəmlər Bakı Metropoliteninin gözləntilərinə uyğundur. Qatar deposu həmin ərazidə olduğundan, orada metrostansiyanın inşası aparılıb:
"Hər hansı metro stansiya istismara verildikdə, həmin ərazinin ictimai nəqliyyata ehtiyacı, məskunlaşma nəzərə alınır. Stansiyaların tikilməsi üçün metropolitenin konseptual inkişaf planı 2011-ci ildə təsdiqlənib. Xocahəsəndə depo var, oradan gündəlik qatarlar hərəkət etdiyi, zərurət olduğu üçün orada metro tikilib".
Metro açılmamış marşrut xətləri açılmalı idi
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Xocahəsən" metrostansiyasından ətraf qəsəbə və yaşayış massivlərinə marşrut xətlərinin açılması vacibdir. Əks halda həmin metrostansiyanın fəaliyyətinin insanların həyatına heç bir təsiri olmayacaq:
"Ən böyük problem odur ki, nəqliyyat qurumları arasında mərkəzləşdirilmiş əlaqə platforması yoxdur. Halbuki, dövlət qurulmarı bir-biri ilə əlaqəli işləməlidir. Əslində həmin stansiya istifadəyə verilməzdən öncə orada nəqliyyat məsələsi həll olunmalı idi. Taksi duracaqları, ətraf qəsəbələri metro ilə əlaqələndirən marşrut xətləri açılmalı idi ki, metrodan çıxan sərnişinlər evlərinə rahat gedə bilsinlər. "Xocahəsən" metrostansiyası Bakıətrafı qəsəbələrə şimal tərəfdən ən yaxın stansiyadır. Əgər marşrut xətləri açılarsa, insanlar həmin metrostansiyadan istifadə etməklə evlərinə rahat gedib-gələ bilərlər".
"Xocahəsən" metrosundan çıxıb Ceyranbatana, Masazıra getmək mümkün olacaq
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda 509 nömrəli Sumqayıt-Binə t/m, 539 nömrəli H.Z.Tağıyev qəsəbəsi-Binə t/m, 557 nömrəli Müşfiqabad qəsəbəsi-Binə t/m, 596 nəmrəli Xırdalan-Karvansaray t/m, eləcə də Bakı şəhərinin tənzimlənmə dairəsində xidmət göstərən 102 nömrəli 20 Yanvar metrosu-Moskva Dövlət Universitetinin Bakı filialı, 130 nömrəli 20 Yanvar-Lökbatan qəsəbəsi, 176 nömrəli Binəqədi rayonu-Sədərək t/m və 155 nömrəli Hökməli-Xocahəsən m/s reysi ilə hərəkət edən müntəzəm avtobus marşrutları sərnişinlərə xidmət göstərir. Bu müntəzəm marşrut xətlərinin xidmətindən istifadə edən sərnişinlərin "Xocahəsən" metrostansiyasına daşınması həyata keçirilir.
Onun sözlərinə görə, bundan əlavə, AYNA şəhərlərarası sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması məqsədilə "Ceyranbatan-Xocəhəsən metro stansiyası-Ceyranbatan", "Masazır-Xocəhəsən metro stansiyası-Masazır" müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarıb. Qurum sözçüsü bildirib ki, son dayanacaq yeri "Xocəhəsən" metro stansiyası olan, Xırdalan şəhərindən keçərək Abşeron rayonunun Masazır və Ceyranbatan qəsəbələrindən yeni marşrut xətlərinin açılması Nazirlər Kabinetinin 52 nömrəli qərarı ilə təsdiq edilən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynalxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na əsasən həyata keçirilir.
Qeyd edək ki, dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin "Xocəhəsən" elektrik deposunun və "Xocəhəsən" stansiyasının açılışında iştirak edib.
Xəbər lenti
0