Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Novruz bayramı ilə bağlı Milli Parkda Novruz şəhərciyi quraşdırılır - Rəsmi

© Sputnik / Murad OrujovNovruz
Novruz  - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
Milli Parkda uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün diskoteka, animatorların iştirakı ilə tamaşalar və konsert proqramları təşkil ediləcək.
BAKI, 16 mart — Sputnik. Dənizkənarı Milli Park Novruz bayramına aid müxtəlif bəzəklər və kompozisiyalarla bəzədilir. İdarədən verilən məlumata görə, 18 mart 2023-cü il tarixindən uşaqların istirahətini yüksək səviyyədə təmin etmək məqsədilə Milli Parkın "Köhnə bulvar" (Kukla Teatrının arxası) ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunacaq. Burada uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün diskoteka, animatorların iştirakı ilə tamaşalar və konsert proqramları təşkil ediləcək.
Bildirilir ki, bundan əlavə, burada ziyarətçilər üçün Novruz şəhərciyi quraşdırılır:

"Bu şəhərcikdə Bahar bayramını simvolizə edən müxtəlif rəngarəng kompozisiyalar, bəzəklər yerləşdirilir. Onların arasında, səməni, tonqallar, milli geyimdə və milli musiqi alətləri ilə olan kuklalar, Nizami Gəncəvinin "Xəmsə"sindən olan təsvirlərlə bəzədilmiş rəngarəng oyuncaqlar vardır. Bununla yanaşı, uşaqların əyləncəsinə rəngarənglik qatmaq məqsədilə hava ilə doldurulmuş oyuncaqlar da yerləşdirilir. Bahar bayramına həsr olunan rəngarəng bəzəkləri, kompozisiyaları nəinki şəhərcikdə, eləcə də Köhnə Bulvar ərazisi boyunca görmək olar".

O da bildirilib ki, Kukla Teatrının ətrafında Novruz çərşənbələrini (Su, Od, Yel və Torpaq) simvolizə edən kuklalar, böyük səməni xonçası Milli Parka rəngarəng bayram ab-havası bəxş edəcək. Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil olunacaq Novruz bayramına həsr olunmuş şənliklər 26 mart 2023-cü il tarixinə kimi davam edəcək.

"Ümid edirik ki, Novruz bayramı ilə bağlı Milli Parkda qurulan maraqlı kompozisiyalar, əyləncə və istirahət üçün yaradılmış şərait nəinki uşaqların, eləcə də böyüklərin marağına səbəb olacaq. İnanırıq ki, Dənizkənarı Bulvar İdarəsi tərəfindən Milli Parkda yaradılan bayram ab-havası rəngarəngliyi ilə ziyarətçilərə xoş ovqat bəxş edəcək. Bayram günlərində Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən, yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram günlərində maraqlı və səmərəli keçməsi məqsədilə "Bayram qalası" günləri keçiriləcək. Martın 19-da saat 13:00-da Qoşa Qala meydanında quraşdırılacaq səhnədə konsert proqramı ilə start veriləcək. "Bayram qalası" günləri martın 26-da saat 12:00-dan 22:00-dək davam edəcək.
Həmin günlər ərzində qurama, rəssamlıq, nano-art, keramika kimi sənətkarların əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək və həmin məhsullardan ibarət yarmarkalar təşkil olunacaq. Tədbirlərdə həmçinin milli mətbəx nümunələri hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş olunacaq.
Yada salaq ki, Novruz bayramı axşamı martın 20-sidir.
Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0